"Əflan İbrahimovun dediyi kimi, Azərbaycanda "Milli Şura"nın ixtişaşlar törədəcəyinə inansaq, o zaman bu qurumu çox şişirtmiş olarıq". Bunu SİA-ya Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Onun sözlərinə görə"Milli Şura"da problemlər mövcuddur və bu qurumun olmayan gücünü şişirtmək lazım deyil: "Buna görə də hesab edirəm ki, "Milli Şura"nın elə bir gücü yoxdur ki, Bakıda və regionlarda təxribatlar törətsin və gələcəkdə nəyəsə nail olsun. "Milli Şura"nın yoxluğunu xalqa sübut etmək lazımdır. "Milli Şura" elə səviyyədədir ki, bu qurumun varlığı ilə yoxluğu bilinmir. "Milli Şura"-nın daxilində böyük çaxnaşmalar gedir. Yəni "Milli Şura"nın elə bir gücü yoxdur ki, hər hansı bir təxribat və ya dövlət çevrilişi etsinlər".
H.Hacıyev bildirib ki, Azərbaycanda stabilliyin pozulmasına imkan vermək olmaz: "Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır. Bu, Konstitutiyamızda da aydın şəkildə ifadə olunub. Ona görə də xalq kimi istəsə onu da seçəcək. Əflan İbrahimovun "Milli Şura"da yığılan beş-altı satqının, gədə-güdənin Azərbaycanda dövlət çevrilişi etmək istəməsinə dair məlumatı həyacanlı şəkildə harasa çatdırması bir növ Azərbaycan dövlətinin zəif olmasını kiməsə sübut etmək istəyidir. Lakin Azərbaycan oturuşmuş, güclü dövlətdir. Belə şayiələri yaymaqla Azərbaycan Prezidenti İlham Əliyevin gördüyü işlərin üzərindən xətt çəkmək qeyri- mümkündür".
H.Hacıyev deyib ki, "Milli Şura" yaranandan bu qurumda bir-birini qəbul etməyən insanlar mövcuddur: "Hadisələrin gedişi göstərir ki, bu, birmənalı şəkildə belədir. "Milli Şura"da milli yox, pozuculuqla məşğul olan qüvvələr yığışıb. Pozucu qüvvələr isə heç bir vaxt milli birliyə can atmır, hər biri özünün oyununu oynayır. Hər birinin müəyyən öhdəlikləri var və bunun üçün müəyyən oyunlar oynayırlar. Həmin insanlar isə Qərbdən, Rusiyadan və Azərbaycanın güclənməsini istəməyən qonşu dövlətlər tərəfindən oynadılırlar. "Milli Şura"dakıların heç bir prespektivləri yoxdur. Gördülər ki uduzurlar, Rüstəm İbrahimbəyovu ortalığa atdılar. İndi də Cəmil Həsənlini ortalığa atıblar. Yaxşı professor, alim, tarixçi olmaq olar, amma Cəmil Həsənli yaxşı siyasətçi ola bilməz. Deputat olmaq isə o demək deyil ki, Cəmil Həsənli yaxşı siyasətçidir. Biznesmen, traktorist, süpürgəçi və digər peşə sahibləri də deputat ola bilər. Sual oluna bilər ki, deputat olub nəyə nail olmusan? Seçkiqabağı bu kimi məsələlərlə baş qatmağa dəyməz".
sia.az