PDF Oxu

Müxalifət

  • 8

"Milli Şura"da Cəmil Həsənliyə qarşı hücumlar artır

"Milli Şura"da Cəmil Həsənliyə qarşı hücumlar artır

"İbrahimbəyovçular" namizədə qarşı plan cızırlar

"Milli Şura"da cərəyan edən savaş həddi böyüməkdə davam edir. Belə ki, Rüstəm İbrahimbəyovun vahid namizəd statusundan ehtiyat namizəd statusuna düşməsi mürəkkəb vəziyyəti daha da ağırlaşdırıb. Artıq Cəmil Həsənlinin ehtiyat vahid namizəd kimi ortaya atılması qurum daxilində gərgin anların yaşanmasını davamlı hala gətirib. Məsələn, bu günlərdə ACP ali məclisinin sədri Zəminə Dünyamalıyeva KİV-ə açıqlamasında bildirib ki, C.Həsənli əvvəliki mövqeyinə - yəni siyasi iddiadan kənar mövqeyinə geri dönməlidir: "Milli Şura"nı o yerə gətirib çıxarıblar ki, insanların son ümidi qırılıb. Prezident olmaq üçün yeddi mühüm keyfiyyətdən biri Cəmil Həsənlidə yoxdur. Bəlkə Cəmil bəy kimlərinsə küyünə düşüb, bilmirəm. Nə qədər ki, gec deyil, avqustun 12-dəki mövqeyinə qayıtsın."

O, ACP-nin "Milli Şura"nı tərk edəcəyi ilə bağlı yayılan məlumatlara da ilginc nüanslarla aydınlıq gətirib: "İki nəfər arasında da bu mövzu danışılmayıb. Amma fərd olaraq düşünürəm ki, "Milli Şura"da ikinci namizədin əleyhinə getmişiksə, Rüstəm İbrahimovun namizədliyi alınarsa, ACP-nin orada qalmasına əsas var. Yox, əgər ikinci namizədlə gediləcəksə və biz onun əleyhinə çıxmışıqsa, ACP orada olmamalıdır."

ACP-nin təklifini isə C.Həsənli müsbət qarşılamayıb. O bildirib ki, namizədliyini geri götürmək fikri yoxdur.

Seçki qərargahı Eldar Namazovun əlindən alınır

Daha bir maraqdoğurucu amil də diqqətdən yayınmayıb. Məsələ ondadır ki, R.İbrahimbəyov "Milli Şura"da arxa plana keçdikdən sonra onun seçki qərargahı Eldar Namazovun əlindən alınıb. Belə ki, artıq AXCP-dən Həsən Kərimov, Müsavat partiyasından isə Arif Hacılı bu qərargaha şərikli başçılıq edəcəklər. Vahid namizədin dəyişdirilməsindən sonra R.İbrahimbəyovu əvəzləyən C.Həsənlinin seçki qərargahı isə Müsavat partiyasının qərargahında yaradılıb. R.İbrahimbəyovun seçki qərargahı isə ACP-nin qərargahında fəaliyyət göstərirdi və qərargaha rəhbərlik R.İbrahimbəyovun özü tərəfindən "Milli Şura"nın icra aparatının rəhbərinə - Eldar Namazova tapşırılmışdı. Mövcud vəziyyətdə R.İbrahimbəyovun ikinci plana keçməsi ilə E.Namazovun səlahiyyətlərinin də itirilməsi situasiyasının yarandığı müşahidə olunur. "El" hərəkatının ali məclisinin sədri, "Milli Şura"nın komissiya rəhbəri Eldəniz Quliyevin mətbuata açıqlamasında dedikləri isə belə qənaət yaradır ki, Müsavatın yaratdığı qərargahdan "İbrahimbəyovçular"ın xəbəri yoxdur, yaxud da onlarla məsləhətləşməyə ehtiyac görülməyib. E.Quliyev deyib ki, burda təəccüblü heç nə yoxdur. Onun sözlərinə görə, Müsavat da qərargah yarada bilər, çünki yaradılan ofislərin fəaliyyətinə maneələr göstərildiyi üçün bu xeyirli addım kimi qəbul edilməlidir.

"Eldar Namazov icra aparatının rəhbəridir. Əslində, seçki qərargahına rəhbərlik etmək onun üçün əlavə ağır yük idi. Bu baxımdan, başqasının təyin edilməsi daha yaxşı olardı"-deyə E.Quliyev məsələyə belə aydınlıq gətirib.

Hazırda "Milli Şura"da İ.Qəmbər qrupu ən azından bir addım öndə gedir

"İbrahimbəyovçular" qrupunda söz sahibi olan E.Quliyevin dediklərindən aydın oldu ki, E.Namazov seçki qərargahına rəhbərliyi faktiki olaraq itirdiyini anlayıb və "işlərin çoxluğu"nu buna səbəb olaraq göstərir. Artıq məlum olub ki, vahid namizədin seçki qərargahına iki rəhbər-biri Müsavat partiyasının icra aparatı rəhbəri Arif Hacılı- İsa Qəmbərdən sonra ikinci şəxs, digəri isə AXCP sədrinin müavini Həsən Kərimov- Əli Kərimlidən sonrakı ikinci şəxs rəhbərlik edəcək.

Bu amil "Milli Şura"da faktiki olaraq güc balansının dəyişdiyini göstərir. Hansı ki, bu, əvvəldən gözlənilən idi. Belə ki, bir müddət öncə şurada təklənən Müsavat Rüstəm İbrahimbəyovun pasport və bu səbəbdən gələ bilməməsini özünə dayaq seçərək prosesləri xeyrinə dəyişə bildi. Ən nəhayət ,AXCP-nin dəstəyini qazanmaq lazım idi ki, bu da cəmi 15 gün ərzində 180 dərəcə dəyişdirildi. Beləliklə də İ.Qəmbər proseslərdən qalib çıxdı. Növbəti ən sürətli gediş məhz seçki qərargahında üstünlüyün əldə edilməsi olmalı idi.

Qərargaha rəhbərliyin E.Namazovun əlindən alınması isə "İbrahimbəyovçuların" ikinci, bəlkə də daha kədərli məğlubiyyəti sayıla bilər. Çünki seçki qərargahı hər bir namizəd üçün vacibdir və adətən bu struktura rəhbərlik, əlavə, özü də kifayət qədər güc deməkdir. Digər tərəfdən seçki qərargahı böyük pulların fırlandığı məkan olaraq da bütün seçki dönəmlərində yer alıb. Xüsusilə bir deyil, birdən artıq siyasi partiyanın birləşmiş formada irəli sürdüyü vahid namizədin seçki kampaniyasında sərf olunacaq məbləğ bir neçə qat daha artıq olacaq. Siyasətin maliyyə tərəfləri isə həmişə öz sözünü deyib, əksər vaxt bütün oyunlar da məhz bu amilin üzərində qurulur. Bu baxımdan, seçki qərargahının sürətli formada Müsavatın qərargahına daşınması və bu partiyanın AXCP ilə birlikdə rəhbərliyi ələ alması təsadüfi proseslərin axınına bənzəmir. Belə demək mümkündürsə, hazırda "Milli Şura"da İ.Qəmbər qrupu ən azından bir addım öndə gedir. "İbrahimbəyovçular" isə itirən tərəfdə cəbhə alıb.

Mübariz QULİYEV

Digər xəbərlər