Və ya Əli Kərimli-Cəmil Həsənli cütlüyününün İsa Qəmbəri bitirmək planı
Bəlli olduğu kimi, artıq Müsavat başqanı İsa Qəmbərin prezident seçkilərinə gedən yolu birdəfəlik bağlanıb. Çünki seçkilərdə iştirak amili başqan üçün sonuncu şans kimi dəyərləndirilirdi. Onu da xatırladaq ki, qarşıdan Müsavat partiyasının qurultayı gəlir və bu qurultayda digər məsələlərlə yanaşı, İ.Qəmbərin də başqanlıq məsələsinə baxılacaq və böyük ehtimallar onun yerini başqa biri tutacaq. Beləliklə, 2013-cü ilin 9 oktyabr marafonunda namizəd kimi iştirak edə bilməyən İ.Qəmbər sonuncu şansından da istifadə edə bilmədi. O, "Milli Şura"da C.Həsənlinin namizədliyini müdafiə etmək məcburiyyəti ilə üzləşdi.
Ancaq ortada daha ilginc və bir-birinin üstünə düşən amillər var ki, onlardan biri də bilavasitə AXCP sədri Əli Kərimlinin adı ilə bağlıdır. Xüsusilə, qeyd etmək mümkündür ki, İ.Qəmbərin oktyabr seçkilərinə gedən yolunun birdəfəlik qapanması onun siyasi rəqiblərindən daha çox məhz AXCP sədri Ə.Kərimlinin maraqlarına cavab verir. Belə ki, məhz bu iki partiya "liderinin" monopoliyanı əldə saxlamaq üzündən "İctimai Palata"da qarşılıqlı güzəştə getməmələrinin nəticəsi olaraq həm AXCP, həm də Müsavat "Milli Şura"ya transfer olunmaqla, əvvəlcə Rüstəm İbrahimbəyovun, sonra isə Cəmil Həsənlinin namizədliyi üzərində dayandılar. Lakin ilk baxışda görünən budur ki, C.Həsənlinin "cəbhə" şinelindən çıxması Ə.Kərilmlinin İ.Qəmbər üzərindəki qələbəsinin bir hissəsidir.
Cəmil Həsənli 20 il AXCP sədri Əli Kərimlinin müavini olub və bu da o deməkdir ki, "Milli Şura"da AXCP-nin namizədi irəli verilib
Bu arada, "Milli Şura"da təmsil olunmayan siyasi partiyalardan birinin sədri, eləcə də "El" hərəkatının Ali Məclis sədrinin keçmiş müavini Əflan İbrahimovun bəyanatları bir oyun daxilində olan sıra kartlarını açıq edib. Belə ki, "El" hərəkatından ayrılan Ə.İbrahimov keçmiş "silahdaşlarını" Azərbaycanda iğtişaşlar, dağıdıcılıq fəaliyyəti törətməyə cəhddə ittiham edib. O, eyni zamanda bildirib ki, prezident seçkilərinə qədər ictimaiyyətə "Milli Şura"nı dağıdacaq yeni informasiyalar verəcək. Onun iddiasına görə, "Milli Şura"da Azərbaycan xalqına ciddi zərbə ola biləcək müzakirələr gedib: "Seçkiyə qədər "Milli Şura"nın axırına çıxacam. Onda görəcəksiniz ki, "Milli Şura"da nələr baş verir. Bütün bunların hamısı barədə informasiya verəcəm. İndi hələ bu barədə məlumat verə bilmərəm".
Qeyd edək ki, Ə.İbrahimov C.Həsənlinin "Milli Şura"nın ehtiyat vahid namizədi olması məsələsinə də münasibət bildirib: "Cəmil Həsənli 20 il AXCP sədri Əli Kərimlinin müavini olub və bu da o deməkdir ki, "Milli Şura"da AXCP-nin namizədi irəli verilib. Mən Cəmil Həsənli adlı adama heç vaxt etibar edə bilmərəm. Çünki bu adamı Biləcəridən o tərəfə heç kim tanımır, bu, necə prezident ola bilər? Nə Rusiya, nə ABŞ, nə Avropa tanıyır. Bu adam 20 il "cəbhəçi" olub. Onun təsəvvürü nə ola bilər? Ancaq "cəbhə" ideyası".
Əgər burada iğtişaş faktoru mövcuddursa, demək, dağıdıcılıq amilində Əli Kərimlinin adı birinci gedir
Göründüyü kimi, Ə.İbrahimov C.Həsənlinin "Milli Şura"nın ehtiyat vahid namizədi seçilməsinin heç də təsadüfi olmadığını bəyan edib. Bu səbəbdən də, o, qurumun seçkilər ərəfəsində iğtişaşlar törətmək cəhdlərini ifşa edib. Əgər burada iğtişaş faktoru mövcuddursa, demək, dağıdıcılıq amilində Ə.Kərimlinin adı birinci gedir. Ə.Kərimli haradadırsa, C.Həsənli də məhz oradadır.
Son olaraq daha bir ehtimalı da nəzərə almaq mümkündür. Çünki Ə.İbrahimov məlum bəyanatından sonra Bakı Şəhər Prokurorluğuna ifadə verib. Hətta həmin ifadələr kontekstində audioyazılar da təqdim olunub. Məhz bu səbəbdən də "Milli Şura"nın təxribat cəhdləri sübuta yetirilərsə, onun seçilmiş namizədi də prokurorluğa ifadə verməli olacaq.
Əli Kərimli-İsa Qəmbər çəkişməsinin təzahürü kimi iğtişaşlar planında Müsavat başqanının da adı hallanacaq
Daha dəqiq desək, dolayısı ilə AXCP-nin namizədi kimi irəli sürülmüş C.Həsənli, eləcə də Ə.Kərimli "Milli Şura"ya qarşı qaldırılan iddialara görə açıqlama verməli olacaqlar. Bu səbəbdən də ehtimal etmək olar ki, hər iki şəxs çullarını sudan çıxarmaq üçün Müsavat başqanını dalana dirəməklə özlərini "təmizə" çıxarmağa cəhd göstərəcəklər.
Yəni Ə.Kərimli-İ.Qəmbər çəkişməsinin təzahürü kimi iğtişaşlar planında Müsavat başqanının da adı hallanacaq. Belə ki, AXCP sədri istintaqa ifadə verəcəyi təqdirdə Müsavat başqanının da adını iğtişaş yaratmağa cəhd göstərənlər sırasında çəkəcək. Bu faktor isə "Milli Şura"da seçkiləröncəsi növbəti kəskin gərginliyə və böhrana səbəb olacaq.
Rövşən RƏSULOV