Və ya bayraq dəyişmək üsulu "Milli Şura"nın "təməl prinsipidir"
Rusiyanın maraqlı qüvvələrinin "Milli Şura"dan əlini üzməsi, onun yerinə Qərbin adıçəkilən təşkilata "sahib" çıxması təsdiq etdi ki, əslində bu qurum ölkəmizdə maraqları olan tərəflərə nökərçilik etməkdən ötrü yaradılmış bir təsisatdır. Maraqlısı odur ki, bu siyasi təsisatın əldən-ələ keçməsi bilavasitə göz qabağında həyata keçirilir. Məsələn, yaradıldığı gündən bir çox siyasi ekspertlərin iddiaları öz təsdiqini tapdı. Məlum oldu ki, "Milli Şura" məhz Rusiyanın qaranlıq dairələrinin maraqlarını ifadə edən, həmin dairələr tərəfindən maliyyəşəlşdirilən və "birlik" timsalında yaradılan, ancaq müstəqil qərarlar vermək gücündə olmayan təşkilatdır."Şura"nın düşünülməmiş addım ataraq "vahid namizəd" kimi məhz Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürməsi qurumu daha böhranlı vəziyyətə doğru sürüklədi. İkili vətəndaşlıq, eləcə də ABŞ qarşısındakı öhdəçiliyi nəzərə alınmayan R.İbrahimbəyovun "vahid namizəd"liyi nəticə etibarilə "Milli Şura"nın iflasını sürətləndirdi. Hətta keçirilən mini-mitinq belə ənənəvi müxalifətin "birləşdiyi" qurumu dağılmaqdan xilas edə bilmədi. Nəticədə "Milli Şura" fiaskosu baş verdi və Rusiyanın müəyyən maraqlı dairələri ona olan etimadları doğrultmağa müvəffəq olmadı.Görünür, bu səbəbdən də hazır halvanı udmaq üçün fürsət gözləyən Qərb dairələri həmin fürsəti fövtə verməmək üçün dərhal hərəkətə keçməyə başladılar. Əbəs yerə deyil ki, "Milli Şura"nın ikinci "birinci" namizədi seçilən Cəmil Həsınli tələm-tələsik Bakıdakı Qərb diplomatik nümayəndələri ilə görüşə dəvət olundu. Xatırladaq ki, "Milli Şura"nın bayraq dəyişmək üsulu artıq onun "təməl prinsipi" kimi qəbul edilib. Bunu müstəqil qəzetləri deyil, elə ənənəvi müxalifət mediası da manşet və məqalələri ilə etiraf edir. "Yeni Müsavat"ın "Bakıdakı müxalifətin vahid namizədi Londona çağırıldı", "Azadlıq" qəzetinin "Milli Şura" təmsilçiləri Qərb diplomatları ilə görüşdü", eləcə də "Qərb "Milli Şura"nı "Rusiya proyekti"ndən çıxarır", "Cəmil Həsənli Qərb ölkələrinin səfirləri ilə görüşdü və Londona dəvət edildi", "Avropa İttifaqına daxil ölkələrin Bakıdakı səfirlikləri birgə bəyanat yaydı", "Böyük Britaniyada seçki müzakirələri nəyə hesablanıb?", "İndi bir paytaxt (Moskva) oyundan çıxır, başqa bir paytaxt (London) dövriyyəyə girir və müxalifətə əl uzadır..." tipli başlıqlı yazıları qurumun sərbəst siyasi fəaliyyət göstərməsini nəhəng sual alltında qoyub. Yəni bayaq qeyd edilən fikirlər, proqnozlar özünü doğruldub. "Milli Şura" Azərbnaycanın siyasi-iqtisadi, milli-dəvlətçilik maraqlarını kimə gəldi satmağa hazır olan xəyanətkarlar toplumundan ibarət olan qondarma, qeyri-milli müxalifət təsisatıdır. Yəni sübut olunur ki, hansı rüsvayşı və rəzil siyasətin bahasına olursa-olsun, hakimiyyətə yiyələnmək hərisliyi onların kimin bayrağı altında fəaliyyət göstərmələrinə əngəl yaratmır. Təəssüf ki, bu reallıq bir aksioma kimi 20 ildən artıq müddətdir ənənəvi müxalifəti izləyir.Gəlin məsələyə daha yaxın kontekstdən yanaşaq. "Milli Şura"dakılar iddia edirlər ki, guya Mərkəzi Seçki Komissiyası (MSK) R.İbrahimbəyovun namizədliyini qeydə almaqdan imtina (?- R.N.) etdikdən sonra C.Həsənlinin namizədliyini qəbul edib. Əslində isə MSK Konstitusiyaya istinad edərək İbrahimbəyovun namizədliyinin məlum səbəblərə görə mümkünsüzlüyünü kifayət qədər izah edib. Sadəcə müxalifət təmsilçiləri düşdükləri vəziyyətdən çıxmaq üçün köhnə variantlıarına - iqtidarın onların fəaliyyətlərinə mane olduğunu deməklə əl atıblar. Və əgər "Milli Şura" həqiqətən də İbrahimbəyovun namizədliyi üzərində dayanmaqda israrlı idisə, bunu axıra kimi etməliydilər. Lakin bacarmadılar. Bu səbəbdən də hakimiyyəti günahkar çıxarmağa cəhd göstərdilər.Maraqlı cəhətlərdən biri də budur ki, qeydiyyata alınmağında heç bir əngəli olmayan C.Həsənlini özlərinə "vahid namizəd" seçən "Milli Şura" təmsilçiləri indi də başqa metodlardan istifadə edərək, 9 oktyabrda üzləşəcəkləri labüd məğlubiyyətlərini pərdələməyə səy göstərirlər. Məhz həmin faktorları təhlil edərkən, bir sıra ilginc məqamlar nəzərə çarpır. Məsələn, indi də "Milli Şura"nın "şəriksiz vahid namizədi" statusunu alan "professor" C.Həsənlinin "personasına" Qərbin nəzərəçarpacaq diqqətinin olduğunu iddia edən müxalifət mediası "Milli Şura" timsalında C.Həsənlinin və digərlərinin Qərb diplomatik nümayəndəlikləri ilə görüşləri onların "qələbələrinə" yol açır və s. Bütün bunları isə təsadüf hesab etmək olmaz. Daha dəqiq desək, görüş üçün bəhanə tapılıb. Belə ki, görüşdən öncə Avropa İttifaqının Bakıdakı nümayəndəliyi quruma üzv dövlətlərin Azərbaycandakı missiya rəhbərləri ilə birgə razılaşdıraraq, ABŞ və Norveç diplomatik missiyaları ilə birlikdə gülünc bəyanatla çıxış edib.Orada qeyd olunur ki, seçkilərin yaxınlaşdığını nəzərə alaraq, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi seçki prosesinin hamı üçün açıq, şəffaf və etibarlı şəkildə keçməsini ürəkdən arzulayır və buna ümid edir.Bu arada kiçik haşiyə çıxmaqla xatırladaq ki, əslində, Qərb "demokrayiya mələyi" qismində dəfələrlə Azərbaycanda post-seçki ərəfəsində müdaxilələrə cəhd göstərib. 2003-cü ilin 15-16 oktyabr, 2005-ci ilin 26 noyabr qarşıdurması yəqin ki, siyasi-ictimai həyatla yaxından maraqlanan dəyərli oxucularımız unutmayıblar. ABŞ və Norveç səfirliklərinin belə məqamlardakı aktivliyini də, yəqin ki, kimsə unutmayıb. Həmin dövrlərdə də "Milli Şura" tipli bloklar, birliklər fəaliyyət göstərsə də, nəticədə məğlubiyyət qaçılmaz olub.Məhz bu baxımdan maraqlıdır ki, artıq bayrağını dəyişən "Milli Şura" da dəfələrlə öz toplantılarını keçirib, aksiyasını reallaşdırıb. Eyni zamanda müxalifət mediası istədiyi palaz-palaz məqalələrini ifadə azadlığı fonunda dərc edir. Ümumiyyətlə, müxalifət üçün hər zaman qanun çərçivəsində azad məkan mövcud olub. Belə olan halda bir daha vurğulamaq olar ki, sözügedən "bəyanat" Qərb siyasi dairələrinin "Milli Şura" təmsilçiləri ilə görüşü üçün sadəcə bir bəhanə idi. Yəni bu "bəyanatın" ardınca C.Həsənli və "Milli Şura"da təmsil olunan müxalifət "liderləri"nin ölkəmizdə fəaliyyət göstərən səfirliklərin nümayəndələri ilə görüşü barədə xəbər yayıldı. Hətta paytaxt restoranlarının birində keçirilən görüş yemək masası arxasında baş tutub ki, burada tam əminliklə qeyd etmək mümkündür ki, "Milli Şura"nı öz bayrağı altına keçirməyə müvəffəq olan Qərb artıq əmr və tapşırıqlarını onların nəzərlərinə çatdırıb. Yəqin ki, "Milli Şura" təmsilçiləri də bütün bu tapşırıqların müqabilində öz "stavkalarını" edərək, alacaqları maliyyə vasitələrini müəyyənləşdiriblər. Onu da xatırladaq ki, sözügedən görüşdə C.Həsənlidən başqa, Müsavat başqanı İsa Qəmbər, "El" hərəkatının rəhbəri Eldar Namazov və AXCP sədri Əli Kərimli iştirak edib.Başqa bir olay da maraq doğurmaya bilməz. Məsələn, elə həmin gün məlum olub ki, C.Həsənli və daha bir neçə nəfər Böyük Britaniyaya çağırılıb. Təbii ki, daim başqa dövlətlərin daxili işlərinə müdaxilə edən Qərb dairələri bu dəfə də öz maraqlarını Azərbaycanda reallaşdırmağa cəhd göstərəcəklər. Ona görə də KREML "qospodinləri"nin BİQ-BEN misterləri ilə əvəzlənməsini təsadüfi hesab etmək olmaz. Dəyişməyən isə bir faktordur - ənənəvi müxalifətin cəmləşdiyi "Milli Şura" bu dəfə onlara nökərçilik etmək qərarına gəlib. Belə nökərçiliklər isə heç vaxt qarşı düşərgəyə başucalığı gətirməyib. Əlbəttə ki, rüsvayçı və rəzil məğlubiyyətlər seriyası da daxil olmaqla.
Rövşən NURƏDDİNOĞLU