REAL sədri sələflərinin 2-3 faizlik "hünərini" təkrarlaya bilər
Həbsdə olan "REAL" sədri İlqar Məmmədovun seçki qərargahının rəhbəri Azər Qasımlı müxalifətyönlü informasiya saytlarının birinə verdiyi açıqalamasında deyib ki, hərəkatın nə qədər səs toplaya biləcəyi seçki təbliğatı kampaniyasında qazanacaqları uğurların səviyyəsindən asılıdır.
Burnunun ucundan o tərəfi görə bilməkdə çətinlik çəkən A.Qasımlı hətta bir az da irəliyə gedərək bildirib ki, onların əsas məqsədləri İ.Məmmədovun prezident seçilməsinə nail olmaq, bu, mümkün olmazsa, ən azı ikinci yeri tutmaqdır: "Hesab edirik ki, İlqar Məmmədovun qələbə şansları digərlərlərininkindən daha üstündür. Çünki İ.Məmmədov indiyə qədər prezident seçkilərinə qatılmayıb. Azərbaycan vətəndaşları eyni şəxsləri görməkdən artıq yorulub və yeni iddiaçılarla, yeni simalarla da qarşılaşmaq istəyir".
Bu qədər özündən razılı açıqlamalar verən A.Qasımlı unudub ki, bu gün onun müdafiə etdiyi sədri İ.Məmmədov elə də uzaq olmayan keçmişdə Azərbaycan xalqını təhqir edib, bu millətin ali qanunverici orqanına qarşı olmazın həqarətlər yağdırıb. Daha dəqiq desək, Azərbaycan xalqını təhqir edib, onun formalaşdırdığı parlamenti "zoopark" adlandıran İ.Məmmədov kimilərinin xalqdan səs umması gülünc və qəribə təsir bağışlayır. Demək, bunların ucuz və radikalizm təfəkürlərinə görə, belə çıxır ki, kimsə gəlib bu dövlətin, millətin ali dəyərlərinə həqarət edəcək, xalq isə bu həqarətçini özünə rəhbər seçəcək. Absurd dedikdə, məhz bu kimi amillər nəzərə alınır desək, heç də yanılmarıq.
Yoxsa onun qayğısına kim qalar?
Əslinə qalsa, dövlətə və onun sadə vətəndaşlarına bu qədər kin-küdurətin haradan qaynaqlandığını başa düşmək elə də çətin deyil. Çünki həmin bu zoomüxalifətçi İlqarı xarici ölkələrin, Azərbaycanda siyasi-iqtisadi maraqları olan qərəzli Qərb təşkilatlarının bir sıra şəxsləri himayə edir. Əvəzində isə İ.Məmmədov, öz növbəsində, Azərbaycan xalqına onların maraqlarına uyğun münasibət bəsləməlidir. Yoxsa onun qayğısına kim qalar?
Səs toplamağına gəlincə isə, İ.Məmmədov ən yaxşı halda öz sələflərinin 2-3 faizlik "hünərini" təkrarlaya bilər. Təbii ki, xalq müxalifətdəki eyni sifətlərdən bezib və onları görmək istəmir. Bu mənada, bəlkə də İ.Məmmədov "Milli Şura"nın namizədindən daha çox səs toplaya bilər.
Qismət ZƏNGİBASARLI