PDF Oxu

Müxalifət

  • 7

Şəxsi mənafelər yuvası - "Milli Şura"

Şəxsi mənafelər yuvası - "Milli Şura"

Mütəllim Rəhim: "Onlar heç nəyə nail ola bilmədilər"

Müsahibimiz Ədalət partiyasının aparat rəhbəri Mütəllim Rəhimlidir

- "Milli Şura"nın "ehtiyat vahid namizəd" məsələsində İsa Qəmbərlə Əli Kərimlinin ortaq qərara gəlməsi maraqlı deyilmi?

- "Milli Şura" siyasi mübarizə deyil, siyasi oyunlar aparır. Yenicə formalaşdığı dövrlərdə "Milli Şura"nın müxalifətin bir hissəsinin ideoloji-siyasi baxışlarına, praktik siyasi xətlərinə uyğun yaradıldığı qeyd edilsə də, artıq bütün bunlardan əsər-əlamət yox idi və indi də qalmayıb. Buna görə də haqlı olaraq ictimai fikirdə ona qarşı münasibət də getdikcə daha sərt formada dəyişməkdədir. "Milli Şura"da özlərini əsas partiyalar hesab edən Musavat və AXCP-nin "lider"ləri istəkli göstərmələrinə rəğmən prezident seçkilərində namizədliklərini irəli sürməmək barədə qərar vermişdilər. "Milli Şura" vasitəsilə bu qərarlarını həyata keçirdilər. Bununla da onlar hər zamankı kimi, şəxsi mənafeləri naminə çalışdılar. Birincisi, seçkilərdə uduzacaqlarını əvvəldən bilirdilər, bununla da artıq siyasi səhnəni tərk etmək vaxtıdır. İkincisi, özlərinin növbəti seçkilərdə namizəd kimi iştirak etmələrini tamamilə aradan götürmüş oldular. Üçüncüsü, guya şəxsi maraqlarından geri çəkilməyi bacardıqlarını göstərmək istəyirdilər, lakin bundan da gələcəkdə öz şəxsi mənafeləri naminə çox böyük kampaniya kimi bəhrələnmək fikrindədirlər. Məhz bunlara görə həm İ.Qəmbər, həm də Ə.Kərimli "vahid namizəd" məsələsində razılığa gələ bildilər. Baxmayaraq ki, onlar ən sadə problemi həll etmək üçün ortaq fikrə gələ bilmirlər, lakin hən R.İbrahimbəyovun, həm də C.Həsənlinin "vahid namizəd"liyi məsələsində mübahisəsiz razılıq əldə etdilər, ona görə ki, yenə də hansısa çirkin niyyətləri var. Cəmil Həsənlinin "Mili Şura"nın "ehtiyat vahid namizəd"i göstərilməsində məqsəd onun prezident seçilməsi deyil. Əsas niyyət kimlərinsə siyasi ölüyə dönməsinin qarşısını almaqdır, lakin bu, alınmayacaq. Hesab edirəm ki, buna nail ola bilməyəcəklər.

- R.Quliyevin iddialarına görə C.Həsənli "Milli Şura"nın deyil, İ.Qəmbərlə Ə.Kərimlinin namizədidir.Doğurdanmı C.Həsənli "Milli Şura"nın namizədi deyil?

- "Milli Şura" Rüstəm İbrahimbəyovun ətrafında yaradılmışdı. Bu quruma daxil olanlar da hesab edirdi ki, İbrahimbəyov "vahid namizəd" kimi seçkilərə qoşulacaq. Lakin o, ikili vətəndaşlıq problemini həll edə bilmədi və avtomatik olaraq seçkilərdən kənarda qaldı. "Milli Şura" uğursuzluğa düçar oldu və öz missiyasını başa vurdu. "Milli Şura" daxilində "ehtiyat vahid namizəd" qərarı kliniki ölüm keçirmiş şəxs üzərində terapiya əməliyyatına bənzəyir. Son hadisələr də göstərdi ki, "Milli Şura" vahid və canlı bir orqanizmə çevrilə bilmədi. O, yalnız şəxsi maraqlar naminə oynanılan oyunların meydanı oldu. İndi çoxları nə burada baş verənlərin tamaşaçısı, nə də oyunçusu olmaq istəmir. Məhz buna görə, əvvəllər "Milli Şura" haqqında informasiya əldə etmək istəyənlər buna cəhd etmir, qurumun tərkibi genişlənməkdənsə, əksinə, bəziləri oranı tərk etmək istəyindədirlər və çoxları şuranın sıralarını tərk edirlər. Sadəcə olaraq, onlar əsas oyunçuların təzyiqlərindən qorxduqlarından sakit dayanıblar.

Cahid Süleymanov

Digər xəbərlər