Mirmahmud Mirəlioğlu: "Namizədliyimi geri götürmək informasiyası yanlışdır...bu məsələni heç gündəmə də gətirməmişik "
"Milli Şura" öz "vahid namizəd"ini ziddiyyətlər bahasına seçsə də, düşdüyü böhranlı vəziyyətdən xilas ola bilmir. Düzdür, hazırda Rüstəm İbrahimbəyovun dublyoru vəzifəsini icra edən Cəmil Həsənlinin imzatoplama kampaniyası keçirilsə də, "şura" bu çərçivədə də ciddi problemlər məngənəsində sıxılır. Belə ki, imzaların toplanması prosesi ləng gedir və imza toplamaqdan kənarda qalmış siyasi təşkilatlar bu əsnada onlara heç bir yardım göstərmirlər.
Bu arada KXCP-yə də həvalə olunmuş 1000 imza hələ də toplanmamış qalıb. Daha dəqiq desək, Müsavat partiyasının başqanı İsa Qəmbərdən fərqli olaraq Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu hələ də, Cəmil Həsənlinin xeyrinə yanvar ayında irəli sürdüyü namizədliyini geri götürməyib. M.Mirəlioğlunun bu ərəfədə mətbuata verdiyi açılamasına görə, onun "Milli Şura"nın "vahid namizəd"inin xeyrinə namizədliyini geri götürməsi barədə mediada gedən informasiyalar həqiqəti əks etdirmir: "İnformasiya yanlışdır. Ona görə ki, bu məsələni müzakirə etməmişik. Heç gündəmə də gətirməmişik. Sadəcə olaraq soruşublar, mövqe bildirmişəm, fikrimi, xəbər çox oxunsun deyə başqa başlıqla yazıblar".
"Biz də həmin imzaları məsuliyyətsiz bəyanat verənlərin özlərinə bağışlayırıq. Getsinlər, toplasınlar"
Onun namizədliyinin rəhbərlik etdiyi təşkilatın Ali Məclisi tərəfindən ləğv oluna biləcəyini deyən KXCP sədri bildirib ki, Məclisin toplantısı gözlənilmir: "Bu məsələ ilə bağlı çağırılması gözlənilmir." Mirmahmud Mirəlioğlu "Milli Şura"da imzatoplama kampaniyasında AXCP və Müsavatın ayrıseçkilik etdiklərini qeyd edib və bunu yolverilməz adlandırıb: "...Belə ki, Seçki Qərargahı "Milli Şura"nındırsa, Cəmil Həsənlinin vahid namizədliyi ətrafında formalaşıbsa, C.Həsənli orada iştirak edənlərdən hər kəsin vahid namizədidirsə, niyə bu, yalnız iki təşkilata həvalə olunur? Bu, birinci sualdır. Yaxud burada iştirak etmək istəyənlər niyə ora buraxılmır? Bu da ikinci sual. Sizin sualınız üçüncüdür. C.Həsənli vahid namizəd seçilən gün ab-hava formalaşmışdı. Kim kimin nəyidir ki, iş bölgüsü aparsın, partiyaların qabağında sıfır yaxud rəqəm yazsın? Mən bu sualları ardıcıllıqla və nömrələyərək sizin üçün düzdüm."
KXCP sədri ötən həftənin əvvəllərində AXCP sədrinin müavini Həsən Kərimovun yerdə qalan partiyaları məsuliyyətsiz adlandırmasını da kəskin etirazlarla qarşılayıb və bu cavabı ilginc tonda verib. M.Mirəlioğlunun imzatoplama kampaniyasından haqlı olaraq imtina etməsi belə arqumentlərlə əsaslanıb: "Belə çıxır ki, KXCP min nəfərin imzasını toplamalıdır. Biz də həmin imzaları məsuliyyətsiz bəyanat verənlərin özlərinə bağışlayırıq. Getsinlər, toplasınlar... Bu adamlar fərqində olmalıdır ki, Seçki Qərargahı bu həssas məqamlarda başqalarının qarşısında sıfır yazmaqla, əslində gördükləri işin faydalılıq əmsalının sıfır olduğunu göstərirlər. Bununla bağlı öz təşkilatlarına da, "Milli Şura" və Cəmil Həsənliyə də hesabat verməlidirlər. Kim onların kim bu haqqını tanıyıb ki, KXCP-ni Seçki Qərargahından kənarda saxlasınlar? Kim bu haqq tanıyıb ki, bizə iş bölgüsündə və imza vərəqəsində 1000, yaxud başqalarına sıfır imza yazsınlar? Kampaniya başlandı, amma Cəmil Həsənlinin əleyhinə başlandı. Bu Seçki Qərargahı Cəmil Həsənlinin əleyhinə işləyir. Bu gün imzasını almaq istəmədikləri adamların sabah səslərini də ala bilməyəcəklər."
"Cəmil Həsənlini iki partiyanın namizədinə çevirməkdədirlər. Cəmil müəllim bundan narahat olmalıdır"
KXCP sədri bu arada "İctimai Palata"nın uğursuzluğunu da xatırladaraq "Milli Şura"nın hazırkı vəziyyətini həmin quruma bənzədib. O, bununla "şura"da da monopoliyanın yaradıldığını iddia edib: "Bizi kənarda saxlayanlar "İctimai Palata" adlı qurum yaratmışdılar. Orada bir iş görəydilər də... Seçki ərəfəsində niyə hamı bir araya gəldi? Bizi nəzərə almayanlar gözaltı etsinlər ki, nə qazanacaqlar. Özləri bilərlər. Bir müddət bundan qabaq bir-birini istər sosial şəbəkədə, istərsə də mətbuatda qarşılıqlı ittiham etsələr, Azərbaycan ədəbiyyatında dürlü-dürlü ifadələrdən istifadə edərək, bir-biri haqqında xasiyyətnamə yazsalar da, indi bir aradadırlar. Bununla artıq Cəmil müəllimi "Milli Şura"nın yox, qrupun namizədi edirlər. C.Həsənlini iki partiyanın namizədinə çevirməkdədirlər. Cəmil müəllim bundan narahat olmalıdır. Həm də narahat olmamalıdır, onun fövqündə dayanmalıdır. Yavaş-yavaş məsələlər öz yerini tapmaqdadır. Bu, yaxşı heç nə vəd etmir".
Göründüyü kimi, "Milli Şura"da sular durulmur. Bu amil isə seçkilər ərəfəsində ənənəvi müxalifətin, xüsusilə də "Milli Şura"nın sarsıdıcı məğlubiyyətə doğru yuvarlanmasını tezləşdirir.
Rəfiqə HÜSEYNOVA