İsa Qəmbər gözdənsalma kampaniyasına başlayıb
Sirr deyil ki, partiyasının qurultayını keçirməməkdə israrlı olan, Müsavat daxilində müəyyən qarşıdurmalar yaradaraq öz postunu əlində saxlamağa cəhd edən başqan İsa Qəmbərin əsas planlarından biri də təmsil olunduğu "Milli Şura"da bütün rıçaqları ələ keçirməkdən ibarətdir.
Çünki hazırkı dövr Müsavat başqanının prezident seçkilərinə qatılmaq üçün son şansı idi və o, bu amildən təbii ki, yararlanmaq istəyirdi. Lakin onun seçkilərdə iştirakdan imtina etməsi, daha dəqiq desək, "Milli Şura"nın yeni "vahid namizədi" seçilmiş Cəmil Həsənlinin xeyrinə öz namizədliyini geri götürməsi İ.Qəmbərin planlarında bir sıra dəyişikliklərə səbəb oldu. Məhz bunun nəticəsidir ki, İ.Qəmbər düşərgə daxilində süni gərginlik yaratmaqla ehtiyat planını işə salıb. Baxmayaraq, Müsavat başqanı da yaxşı bilir ki, onun şansları və imkanları əvvəlki kimi deyil.
Paradoksal vəziyyət
Görünür, bu səbəbdən də ehtiyat planını işə salan İ.Qəmbər hələ ki, ciddi uğurlar əldə edə bilmir. Məsələn, başqan bir tərəfdən "vahid namizəd" Cəmil Həsənlini neytrallaşdırır, digər tərəfdən də "Milli Şura"nın sədrinin namizəd olmayacağı təqdirdə, boykot ssenarisini əngəlləməyə çalışır. Lakin ortada daha bir ilginc məqam var - Müsavat başqanı ilə AXCP sədri Əli Kərimlinin ziddiyyətli məqamları və kəskin şəkildə toqquşan maraqları birincinin bu niyyətini gerçəkləşdirməsini çətinləşdirməkdədir. Başqa tərəfdən, AXCP də C.Həsənlinin seçkilərdə qalib gəlməyəcəyi ilə bağlı düşündüyünü gizlətmir. Bu səbəbdən də sözügedən məsələdə belə bir paradoksal vəziyyət yaranır. Son vaxtlara qədər "Milli Şura"dan ikinci namizəd ola bilməz, ya C.Həsənli, ya da boykot şüarı səsləndirən AXCP niyə indi geri çəkilir? Ə.Kərimlinin müavinlərinin son açıqlamaları da göstərir ki, İ.Qəmbərin namizədliyinin saxlanmasına qarşı çıxan və Müsavata qarşı informasiya müharibəsinə başlayan AXCP sədrinin taktikasında pərdəarxası məqam C.Həsənlini müdafiə etmək deyil, Ə.Kərimlini müxalifət düşərgəsinə önə çəkməkdir.
Xatırladaq ki, hələ "Milli Şura"nın Tbilisi görüşü başa çatar-çatmaz "EL" hərəkatının sədri Eldar Namazov da Rusiyaya üz tutdu. Maraqlıdır, özlərini "sağ mərkəzçi" qüvvələr kimi təqdim edənlər eyni zamanda qərbpərəst, Avropa yönlü olduqlarını iddia etdikləri halda necə oldu ki, birdən-birə Rusiyanın qaranlıq dairələrinə üz tutdular? Başqa tərəfdən, axı Şimal siyasəti nə vaxtdan Azərbaycan siyasətinin mərkəzi olub? Belə çıxır ki, həm İ.Qəmbər, həm də tərəfdarları siyasi güc mərkəzinin Azərbaycan xalqı olduğunu hələ tam dərk etmir, onun iradəsindən kənar heç bir seçkinin uğur gətirməyəcəyini qəbul etmək istəmirlər.Eyni zamanda, siyasi çıxışlarında millilikdən, xarici qüvvələrin dövlətimizə təsir və təzyiqlərindən danışan Müsavat başqanı necə oldu ki, birdən-birə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan şəxslə eyni təşkilatın çətiri altına yığışdı?
ALP sədri Əvəz Temirxan: "İsa Qəmbər qorxaqdır, cəsarəti yoxdur"
Artıq "Milli Şura"da təmsil olunan partiyaların sədrləri də aldadıldıqlarını başa düşürlər. Məsələn, bu günlərdə Müsavat rəsmisi Səxavət Soltan İ.Qəmbərin adından ALP "lideri" Lalə Şövkətin "Milli Şura"dan çıxarılmalı olduğu iddiası ilə çıxış edib. Nəticədə bir daha aşkarlanıb ki, "Milli Şura"da aranı qarışdıran məhz İ.Qəmbərdir. Daha dəqiq desək, "şura"da siyasi "liderlərdən" birinin (Əli Kərimlinin) seçkiyə getməsinə imkan verməyən də, əlbəttə ki, Müsavat başqanı idi.
Bu arada ALP sədri Əvəz Temirxan da ittihamlarla dolu bəyanatla çıxış edib. O, iddia edib ki, Müsavat başqanı hər zaman kimlərinsə arxasında işlər aparıb: "Biz bilirik ki, İsa Qəmbər həmişə kiminsə arxasında gizlənir. Çünki o, qorxaqdır, cəsarəti yoxdur. Bunu İsa Qəmbərin qorxaq intriqalarının davamı kimi başa düşmək olar. İsa Qəmbər müşaviri vasitəsi ilə belə söhbəti üzə çıxarırsa, babalı onun boynuna".
Bu kimi bəyanat da sübut edir ki, "açıq cəmiyyətçilər", "klassik"lər kimi, "liberallar" da Müsavat başqanından narazıdırlar. Görünür, Müsavat başqanının müşaviri S.Soltanlının onun adından gözlənilməz tələblə çıxış etməsi bütün həqiqətləri ortaya çıxarır. Başqanın tərəfdarı ACP lideri Rəsul Quliyevin və ALP lideri Lalə Şövkətin "Milli Şura"dan çıxarılmasında inadkarlıq nümayiş etdirir. Müsavat başqanının müşavirinin qənaətincə, L.Şövkət bu günə qədər şəxsən özü "Milli Şura"nın fəaliyyətini və onun namizədini dəstəkləyən bir bəyanatla çıxış etməyib.
İsa Qəmbər tərəfdarlarına AXCP-ni və onun sədri Əli Kərimlini gözdən salmağı tövsiyyə edib
Digər tərəfdən, "Milli Şura"dakı etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, İ.Qəmbər namizədliyini irəli sürməsə də, seçki ilə bağlı xüsusi planlar hazırlayıb. Belə ki, ötən həftə Müsavat qərargahında partiya fəallarının qapalı toplantısı keçirilib. Əldə etdiyimiz xəbərə görə, toplantıda əsas müzakirə mövzuları 2013-cü ilin prezident seçkisi, "Milli Şura"nın daxilində yaranmış vəziyyət, cəbhəçilərlə gündən-günə pisləşən münasibətlər olub. Müsavat başqanı qapalı iclasında partiyanın rayon-şəhər təşkilatlarının sədrləri, başqan müavinləri, funksionerlər və partiya fəalları iştirak edib. Sadaladığımız məsələlərlə yanaşı, rayon-şəhər təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, bir sıra planlara hazırlıq mərhələsində bütün təşkilatlarda konfrans və ümumi yığıncaqların keçirilməsinin başa çatdırılması barədə tapşırıqlar verilib. Mənbə eyni zamanda qeyd edib ki, İ.Qəmbər tərəfdarlarına bölgələrdə təşkilatlanmanı artırmağı, təbliğat-təşviqat işini gücləndirməyi tapşırıb. O, internet resurslarının - sosial şəbəkələrin, internet televiziyaların fəaliyyət göstərdiyini əsas gətirərək, prezident seçkisi öncəsi AXCP-ni və onun sədri Ə.Kərimlini gözdən salmağı tövsiyyə edib. Bu işlərin aparılması kod adı "Başqanın baş planı" adı altında.
Rövşən NURƏDDİNOĞLU