"Cənab Prezidentin 10 illik fəaliyyəti dövründə ölkəmiz özünün inkişaf, iltibah dövrünü yaşadı". Bu sözləri SİA-ya Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev ölkə başçısının 10 il ərzində QHT-lərə göstərdiyi diqqətindən danışarkən deyib. Onun sözlərinə görə, bu müddət ərzində vətəndaş cəmiyyətləri institutları yeni bir keyfiyyət mərhələsinə qədəm qoyub ki, bu da bilavasitə ölkə Prezidentinin 2007-ci ildə qəbul etdiyi qərarla bağlıdır: "2007-ci ildə Cənab Prezident tərəfindən QHT-lərə Dövlət Dəstəyi Konsepsiyası təsdiq olundu. Bundan sonra ilk dəfə QHT-lərə dövlət büdcəsindən maliyyə yardımı ayrıldı. Daha sonra Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası fəaliyyətə başladı. QHT-lər dövlət üçün sözün əsl mənasında partnyor olaraq qəbul edildi ki, bu da ölkəmizdə fəaliyyət göstərən QHT-lərin inkişafına, onların resurslarının artmasına, ictimaiyyətlə bağlı problemlərin həllində yaxından iştirak etməsinə, həm də institut kimi fəaliyyət göstərməsinə öz müsbət təsirini göstərdi".A.Quliyev vurğulayıb ki, Cənab Prezidentin QHT-lərlə bağlı həyata keçirdiyi milli inkişaf modeli artıq bir sıra Avropa ölkələrində də qəbul və təqdir olunur: "Təsadüfi deyil ki, 2011-ci ildə Macarıstanda keçirilən beynəlxalq konfransda Azərbaycan təcrübəsi Avropanın ən qabaqcıl müsbət təcrübəsi kimi qəbul edildi. Bu il bilirsiniz ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə QHT-lərə Dövlət Dəstəyi Şurası xarici dövlət təşkilatlarına qrant verməyə başladı. Bu, ölkəmizin iqtisadi gücündən, həm də vətəndaş cəmiyyətinə yönələn yeni bir siyasətin formalaşmasından xəbər verir. Bu, çox mühüm bir hadisə idi. Çünki Azərbaycan ilk dəfə idi ki, məhz qrant alan ölkədən qrant verən ölkəyə çevrildi. Bu da beynəlxalq ictimaiyyətdə, ayrı-ayrı ölkələr arasında müsbət qarşılanıb. Həm daxildə, həm xaricdə Azərbaycan dövlətinin QHT-lərlə bağlı həyata keçirdiyi işlər yüksək qiymətləndirilir və konkret olaraq nəticələr verir".
sia.az