ABŞ-dan AXCP və Müsavata son xəbərdarlıq gəldi
"Milli Şura"da sərt ALP küləyi əsdikdən sonra növbəti tufanı ACP yaradacaq. Bu fikri açıq cəmiyyətçilərin rəsmisi Zəminə Dünyamalıyeva öz facebook səhifəsində yazıb. Qeyd edək ki, bu ərəfələrdə ABŞ-da məskunlaşan sabiq spiker, partiyanın "lideri" Rəsul Quliyev də "Milli Şura"ya son xəbərdarlığını bildirib. Belə ki, buna səbəb "cəbhəçilərlə" müsavatçıların qurumda hakim mövqe sərgiləmələri, "Milli Şura"nı monopoliyaları altına almalarıdır ki, bu və bu kimi digər amillər ACP-ni də narazılar qrupuna daxil edib. Xatırladaq ki, artıq digər ACP rəsmiləri - Sülhəddin Əkbər və Solmaz Ələsgərova da qurumdakı müttəfiqlərini kəskin hədəfə alan bəyanatlar verməyə başlayıblar.
Rəsul Quliyev Rauf Arifoğluya barmaq silkələdi
ACP-çilər hesab edirlər ki, həm müsavatçıların, həm də "cəbhəçilərin" qurumda hegemonluq etmələri, "Milli Şura"nın sədarətini ələ keçirmələri yolverilməzdir və bu faktor onlara yuxarıdan aşağı baxmaq iddiasını daşıyır. Bu baxımdan R.Quliyev ABŞ-dan son xəbərdarlıq mesajını yollayıb. O, son günlər "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun "Milli Şura"dakı etirazçı qruplara qarşı yazdığı təhqirli məqalələri müqabilində ona barmaq silkələməyi də unutmayıb: "Dünya praktikasında bu günə qədər elə bir şey olmayıb ki, qəzet redaktoru sifarişlə təhqiramiz məqalə yazsın. Bunu sıravi jurnalist edə bilər. Amma redaktor yox. Uzun illərdir ki, göstərdiyi fəaliyyətlə də öyünmək doğru deyil. Bəd əməllə məşğul olanların uzunmüddətli fəaliyyəti faciədir".
ACP "lideri": "Lalə Şövkət keçmişi olmayanlar tərəfindən təhqir edilməsinə dözə bilməzdi"
ACP "lideri" Lalə Şövkəti müdafiə edərək deyib ki, ona şər atırlar. Onun fikrincə, L.Şövkət hansı proseslərin baş verdiyini görür: "Sovet dövründə kifayət qədər varlı ailədən olan, Moskvada elmi dərəcə və professor rütbəsinə layiq görülən bir şəxs, sözsüz keçmişi olmayanlar tərəfindən təhqir edilməsinə dözə bilməzdi...Azdan-çoxdan qəzetinin sanballı olmasını iddia edən redaktorlar insan ləyaqətini təhqir edən yazılar yazmaz".
Göründüyü kimi ACP-nin bu siqnalı belə qənaətə gəlməyə əsas yaradır ki, hazırda R.Quliyev də "Milli Şura"nı tərk etmək ərəfəsindədir. Görünür, ACP-nin bu qurumu tərk etməsi daha sərt formada baş verəcək. Çünki R.Quliyevin "sağ əli" Z.Dünyamalıyeva baş qaldıracaq tufanı artıq proqnozlaşdırıb.
Afət TAHİRQIZI