PDF Oxu

Müxalifət

  • 6

Eldar Namazov estafeti Eldəniz Quliyevə verib

Eldar Namazov estafeti Eldəniz Quliyevə verib

"Milli Şura"da sular durulmur, seçkilər isə qapını döyür

"Milli Şura"da cinah dəyişikliyindən sonra bir müddət idi ki, kənarda qalan "EL" hərəkatı yenidən ziddiyyətli məqamlar çərçivəsində üzə çıxıb. Lakin adıçəkilən təşkilatda da bir sıra dəyişikliklər baş verib ki, bunlardan biri də hərəkat rəhbəri Eldar Namazovun estafeti "EL"-in ali məclisinin sədri Eldəniz Quliyevə verməsidir. Daha dəqiq desək, E.Namazov bu rəhbərlik etdiyi təşkilatda, eləcə də "Milli Şura"dakı qarşıdurma xarakterli fəaliyyətinə xitam versə də, onun işini E.Quliyev həyata keçirməkdədir. Xatırladaq ki, E.Quliyev artıq ittihamlarla bol olan bəyanatlarını müxalifətin aparıcı funksionerlərinə qarşı yönəltməyə başlayıb. Məsələn, o, bu günlərdə "Yeni Müsavat" qəzetinin baş redaktoru, "İctimai Palata"nın koordinasiya şurasının üzvü Rauf Arifoğluya və "Ədalət" partiyasından prezidentliyə namizədliyi irəli sürülmüş İlyas İsmayılova qarşı təhqir xarakterli açıqlamalar verib. Belə ki, E.Quliyevin sözlərinə görə, Eynulla Fətullayevin tutduğu mövqe ilə R.Arifoğlunun tutduğu mövqe arasında bir o qədər də böyük fərq yoxdur: "Bu cütlük müəyyən sifariş yerinə yetirir - bu sifarişdə görünən odur ki, "Milli Şura" adlandırılan bir siyasi quruma qarşı zərbə vurmaq missiyası mövcuddur. Bu, görünəndir, faktdır. Rauf Arifoğlu sonra nə deyirsə, mən bunların hamısını rəy hesab edirəm. Çünki faktı dəyişmək olmaz, rəyi isə istənilən vaxt dəyişmək olar".

E.Quliyevin ittihamlarından da belə qənaətə gəlmək mümkündür ki, əslində bütün bunlar ilk növbədə müxalifətdə demokratiya ilə söz azadlığı mədəniyyətinin çatışmazlığı sindromunu mövcudluğunu sərgiləyir. Artıq ənənəvi müxalifətdə təmsil olunanların hərəkətləri, etdikləri qarşılıqlı nadürüstlüklər, törətdikləri nankorluqlar, özlərindən başqa heç kimi görməmələri, siyasi təkəbbürləri sağlam düşüncəli cəmiyyəti bezdirib. Bu səbəbdən həm də qeyd etmək mümkündür ki, bu gün ACP "lideri" Rəsul Quliyevin, ALP "lideri" Lalə Şövkətin, KXCP sədri Mirmahmud Mirəlioğlunun "Milli Şura"nın apardığı siyasətə etinasız münasibətləri əslində onlar tərəfindən atılan addımların ən düzgünüdür. Necə deyərlər, fakt öz faktlığında qalır. Yəni ənənəvi müxalifət 20 illik müddətdə heç nəyə nail ola bilməyib. Bu gün də bunu bacarmır. E.Quliyev eyni zamanda, Azərbaycan İslam Partiyasını da hədəfə almağı unutmayıb. Belə ki, AİP "Milli Şura"da təmsil olunsa da partiya Cəmil Həsənlinin namizədliyini deyil, məhz "Ədalət" partiyasının namizədini dəstəkləyəcəyini bəyan edib. "EL" rəsmisi müsahibəsində AİP-in "Milli Şura"nın namizədini deyil, başqa partiyanın namizədini dəstəkləməsini belə şərh edib: "Bu yol səhv yoldur. İslam Partiyasının getdiyi yol qətiyyən nə əxlaqa, nə mənəviyyata, nə dinimizə, nə müqəddəs Quranımıza uyğun olmayan bir yoldur".

Göründlüyü kimi, o, həm də seçkidə sivil qaydada iştirak etmək istəyən namizədlərə belə huquq, dövlətçilik dərsi deməyə cəhd edib. Maraqlıdır, özü ilə bərabər Azərbaycan müxalifəti hansı vəziyyətdədir ki, E.Quliyev burada ağılqoyan ölçü vahidi olduğunu sərgiləyir? Əgər o həqiqətən də belə ağıllı siyasətçidirsə, niyə özünü və ətrafını bir balaca da olsa qabağa çəkə bilməyib? Yəqin ki, bu sualın cavabı elə E.Quliyevin "simasında" canlanıb.

Bu gün imandan, Allah kitabından danışan E.Quliyevin dəstəklədiyi E.Namazov, Rüstəm İbrahimbəyov bəlkə dərin iman sahibləridir, mücahiddilər? Bəlkə Amerika, İsrail, İngiltərə səfirliklərinin qapılarına ayaq döyməkdən döyənəkli olanlar da onlar deyil? Bəlkə uzun müddət müxalif qüvvələrlə kimlərinsə maraqları naminə məzələnən başqaları olub? Həqiqət nə qədər ağır olsa da, yalan xəyallardan daha xeyirlidir. Həqiqət isə budur ki, bir çoxları ölkəmizin inkişafında maraqlı deyillər, bir kəsimin yox, geniş xalq kütləsinin sözçüsü kimi görmək istəmirlər, kimlərinsə maraqlarını əks etdirən durumda görmək arzusundadırlar.

Yeri gəlmişkən, bir qədər də Müsavat başqanı İsa Qəmbərin fəaliyyətinə nəzər salaq. Sirr deyil ki, bu gün "EL"-i E.Namazov, "Milli Şura"nı isə İ.Qəmbər idarə edir, amma "Milli Şura"nın formalaşmasına elə İ.Qəmbər birinci mane olanlardandır. "Milli Şura"nı Qəmbərkimilər dolaşığa salıb. Bu gün adını "demokratik qüvvə" qoymuş "Milli Şura" az sayda olan narazı elektoratdan istifadə etmək əvəzinə, özlərinin o kiçik beyinləri ilə ona maneçilik edirsə, kölgə salmağı düşünürlərsə, şəxsi maraqlarına görə uzaqlaşdırmaq istəyirlərsə, yazıq onların halına. Guya ki, müxalifət bunların atasındanqalma bir mülkdür. Ora kimi istəsələr buraxarlar, kimi istəsələr yox. Hələ bu, sual altındadır ki, həqiqətən də bunlar müxalifətdir, ya yox. Bu arada İ.Qəmbərin ixtilafçı fəaliyyəti ilə bağlı yeni xəbərlər əldə etmişik. Qəzetimizə verilən məlumatlara görə, ACP liderinin müşaviri Zəminə Dünyamalıyeva baş verənlərə etiraz əlaməti olaraq, hələ avqustun 23-də "Milli Şura"nı tərk edib. "Mən avqustun 23-də etirazımla "Milli Şura"ya yox dedim. Yəni, artıq "Milli Şura"da iştirak etmirəm. Fikrimi deyib, "Mili Şura"dan çıxmışam"- deyən Dünyamalıyeva keçmiş tərəfdarlarını sərt tənqid edib. Əslində yarandığı gündən daxili konfliktlərdən başı açılmayan "Milli Şura"da ən ciddi qarşıdurma Müsavatla ALP arasında yarandı. Məsələ ondadır ki, artıq tərəflər köhnə sandıqları da açıb tökür. Son günlər ALP ilə Müsavat funksionerləri mətbuatda və sosial şəbəkələrdə bir-birinin ünvanına kəskin ittihamlarla çıxış edir. Qarşılıqlı "söz atışmaları"nda, hətta təhqirlərə də yol verilib. Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan bildirir ki, İ.Qəmbərin, ətrafı və nəzarətində olan KİV-lərin son 20 ildə Lalə Şövkət, ALP haqqında ölkədə və xaricdə onun xislətindən və səviyyəsindən irəli gələn yaymadığı yalan, böhtan və liberalların ünvanına söyləmədiyi təhqir və küçə söyüşü qalmayıb: "Əgər cəsarətiniz çatırsa, 2003-cü ildə ünvanınıza 0579 agentura nömrəli, "MOLOTOV" ləqəbli "KQB agenti" ittihamını səsləndirmiş adamı məhkəməyə verin. Əgər bunu edə bilmirsinizsə (heç edə də bilməzsiniz), susmağınız və bizə böhtan atmamağınız məsləhətdir. Əgər böhtan atmadan siyasət yürüdə bilmirsinizsə, bunu küçə söyüşləri ilə etməyin. Çünki yalan, böhtan, təhqir, xüsusən küçə söyüşləri ilk növbədə onun müəllifinə layiqlik göstəricisidir. Mən bunları sizə layiq bilməzdim. Amma bunları özünüzə layiq bilirsinizsə, "uğurlar" və yazıqlar olsun sizə!"

Beləliklə, dünənə qədər bir-birlərini "demokratik" qüvvə adlandıran bu şəxslərin indi öz daxillərində "satqın" axtarışına çıxmaları birinci dəfə deyil. Bir sözlə, "Milli Şura" və "EL" müxalif düşərgəni qarışdırmaqla, daha dəqiq desək, dağıtmaqla məşğuldur. Seçkiıər isə artıq qapını döyür.

Rövşən RƏSULOV

Digər xəbərlər