PDF Oxu

Müxalifət

  • 14

Müxalifətin "gənclik" iddiaları

Müxalifətin "gənclik" iddiaları

Və ya "5-ci kolon"un iflası reallığı

Hazırda müxalifət daxilində yaşanan gərginlik və davamlı ziddiyyətlər, müəyyən güclər tərəfindən verilən təlimatların reallaşmaması Qərbin düşərgəyə olan inamını tükəndirib. Hətta bu amili müxalifətə məxsus media qurumları və Qərb ekspertləri də etiraf edirlər. Etiraf olunan məsələlərdə qeyd olunur ki, gələn ayda baş tutacaq prezident seçkilərindən sonra dağınıq və vahid komanda halında formalaşa bilməyən ənənəvi müxalifətin hakimiyyətə gəlmək şansları xeyli aşağıdır. Məhz bu səbəbdən ehtimal etmək olar ki, Qərbin bəzi maraqlı dairələri Azərbaycanda yeni müxalifət formalaşdırmağa cəhd edirlər. Xüsusilə, gənclərdən öz məqsədləri naminə istifadə etməyə səy göstərən Qərbin bir sıra təşkilatları bu istiqamətdə fəaliyyətə keçmək niyyətini gizlətmir. Məsələn, məlum olub ki, ABŞ-ın USAİD təşkilatının başçılığı ilə Qərb ölkələrində təhsil alan azərbaycanlı tələbələrin dosyeləri hazırlanır və onları ələ almaqdan ötrü müxtəlif üsullardan istifadə edilir. Eyni zamanda, bu istiqamətdə USAİD-ə 20 milyon dollar maliyyənin də ayrıldığı əldə olunan məlumatlar sırasındadır.

Qərbin müəyyən dairələri yeni layihələr hazırlayır və qarşıdakı dövrdə onların reallaşdırılması istiqamətində addımlar atılması nəzərdə tutulur

Daha bir amili də qeyd edək ki, ilkin olaraq "Gənc Demokratlar Hərəkatı" adlanacaq təşkilatın ilk anonsu seçkidən dərhal sonra, təxminən oktyabrın axırlarında keçiriləcək bir beynəlxalq toplantıda verilməlidir. Qərbin əsas məqsədi hazırkı müxalifəti siyasi arenadan kənarlaşdırmaq və 2015-ci ilin parlament seçkilərində inhisarları altına alacaqları gəncləri göndərməkdən ibarətdir.

Əslində Qərbin Azərbaycanda "5-ci kolon" formalaşdırmaq niyyəti, buna konkret cəhdlər olunduğu heç kimə sirr deyil. Məsələn, sirr deyil ki, AXCP və Müsavat kimi partiyalar zaman-zaman bu kimi layihələrə cəlb olunublar. "OL", "Nida", RATİ, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi və digər bu kimi QHT-lər, "Turan" İnformasiya Agentliyi, "Azadlıq" radiosu və s. adıçəkilən şəbəkəyə məxsus təşkilatlardır. Eləcə də Anar Məmmədli, Adnan Hacızadə, Emin Milli, Emin Hüseynov, Xədicə İsmayıl, Bəxtiyar Hacıyev və digərləri "5-ci kolon"un fəalları kimi tanınırlar. Məhz bu kimi faktları nəzərə alaraq ehtimal etmək mümkündür ki, Qərbin müəyyən dairələri yeni layihələr hazırlayır və qarşıdakı dövrdə onların reallaşdırılması istiqamətində addımlar atılması nəzərdə tutulur.

Azərbaycan gəncliyi belə təxribatlara heç vaxt uymayıb

Ortada bir həqiqət də mövcuddur ki, Azərbaycanı Cənubi və Mərkəzi Amerika dövlətləri, ərəb ölkələri ilə dəyişik salmaq qüsurlu, yanlış yanaşmadır. Belə ki, təcrübə də dəfələrlə sübut edib ki, burada belə layihələr keçməz. Digər post-sovet ölkələrindən fərqli olaraq, 2005-ci il parlament seçkilərində Azərbaycanda "rəngli inqilab" ssenarisinin reallaşdırılması planı iflasa uğradı. Bu seçkilər dövründə də gənclərin təşkilatlandırılması və onların hakimiyyətə qarşı aqressiv fəaliyyətinin stimullaşdırılması layihəsi heç bir səmərə vermədi. Beləliklə, növbəti dəfə sübut və isbat olundu ki, Azərbaycan gəncliyini yolundan azdıraraq dövlətə qarşı yönəldə biləcək planlar öncədən fiaskoya məhkumdur. Çünki sağlam düşncəli, ədalətli və qəti qərarlar verməyi bacaran, daim dövlətçilik maraqlarını müdafiə edən Azərbaycan gəncliyi belə təxribatlara heç vaxt uymayıb.

Afət TAHİRQIZI

Digər xəbərlər