"Milli Şura" ilə "REAL" arasında kəskin fikir ayrılıqları baş qaldırıb
"Milli Şura"nın növbəti 22 sentyabr uğursuz mitinqi artıq bu qurumla müttəfiqlik edən digər təşkilatlar arasında da istehza ilə qarşılanmaqdadır. "Milli Şura"nın "vahid namizədi" Cəmil Həsənlinin bu dəfə də ortaya platformasını, yaxud da konsepsiyasını qoymaması, aksiyada etikadan kənar halların baş verməsi "şura" ilə əməkdaşlıq edən təşkilatların haqlı etirazları və narazılıqları ilə müşahidə olunub. Məsələn, sözügedən aksiyadan sonra "REAL" hərəkatının funksionerləri öz narazılıqlarını sosial şəbəkələrdə paylaşmaqla yanaşı, "Milli Şura"nın seçkilərdə rüsvayçı məğlubiyyətə məruz qalacağı proqnozları ilə də çıxış ediblər.
Erkin Qədirli: "İsgəndər Həmidova bu mitinqdə niyə söz verildi?
REAL funksioneri Erkin Qədirli "facebook"da yazıb ki, o da öz ailəsi ilə birlikdə mitinqə qatılmaq istəyib. Lakin onun yanında azyaşlı uşağı olduğuna görə, stadionun ərazisinə buraxılmayıb. Ona görə də mitinqi kənardan izləməli olub: "...Cıxışları kənardan dinləməli olduq. Çıxışçıları görə bilmirdik, amma səslərindən tanımaq olurdu. Mitinqin aparıcısını isə səsindən tanıya bilmədim. Kim olduğunu bilmədim. Cox pis aparıcılıq etdi. Cıxışların əksəriyyəti çox zəif idi. Yenə köhnə mövzular, keçmişə səyahət və s...İsgəndər Həmidova bu mitinqdə niyə söz verildi? Cəmil Həsənlinin təşviqat mitinqində İ.Həmidova söz vermək çoxmu vacib idi? Adamın danışıgına fikir verdinizmi? O nə idi? Nə isə, iradlarım çoxdur. Mitinqdən məyus ayrıldım. Çox zəif. Unutmayın, bu, sizin şounuz deyil, Cəmil Həsənlinin secki təşviqatı məsələsidir."
Göründüyü kimi, artıq "Milli Şura" daxilində baş verən böhranlı vəziyyət bu qurumla müttəfiqlik edən təşkilatlara da sirayət edib. Bu baxımdan belə qənaətə gəlmək mümkündür ki, seçkilərə qədər daha kəskin qarşıdurmalar yaşanacaq ki, bu amil də zəif və dəstəklənməyən "Milli Şura"nın dalana sıxışdırılmasında öz rolunu oynayacaq. Artıq belə qarşıdurmaların baş qaldırması sözügedən prosesi daha da sürətləndirməkdədir.
AXCP mətbuat xidmətinin rəhbəri Natiq Güləhmədoğlu: "REAL"-a opportunist ünsürlər yığınıdır"
Bu arada "REAL" təmsilçisi Erkin Qədirlinin sosial şəbəkədə yazdığı iradlar "Azadlıq" qəzetinin köşə yazarı, eləcə də AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Güləhmədoğlunu və AXCP gənclər komitəsinin sədri Əbülfəz Qurbanlını qıcıqlandırıb. Ə.Qurbanlı N.Güləhmədoğluna xitab edərək, "REAL"-çıları alçaldıb: "Natiq Ədilov , səncə, ikimiz də partiyanı tərk edib bir müddət gəzib dolanıb, sonra hərəkat yaratsaq, ən yeni müxalifət ola bilirik, yoxsa yox?"
N.Güləhmədoğlu isə, "REAL"-çıların opportunist ünsürlərdən ibarət olduğunu yazıb: "REAL" opportunist ünsürlər yığınıdır. İndi statusların oxudum və bu mənə bəs elədi."
Müsavat başqanın müşaviri Tural Abbaslı: "Adama deyərlər ki, əlin yaglıdırsa, bir az da öz başına çək!"
Cəbhəçilərlə yanaşı, Müsavat təmsilçiləri də "REAL"-ın "Milli Şura"nı sərt şəkildə tənqid etməsindən qıcıqlandıqlarını gizlədə bilməyiblər. Belə ki, İsa Qəmbərin müşaviri Tural Abbaslı da "facebook" səhifəsində "REAL" təmsilçilərini tənqid edərək onları "siyasətciklər" adlandırıb: "Belə bir söz var "Pis yazıçıdan yaxşı tənqidçi olur". Bunu bugünkü reallığa çevirsək, deyə bilərik ki, "bərbad siyasətciklərdən yaxşı siyasi şərhçi olar" Özlərini siyasətlə məşgul sanan bəzi nadanların işi elə həmişə digər siyasətçilərin əməlini təhlil etmək olub.Adama deyərlər ki, əlin yaglıdırsa, bir az da öz başına çək! Biz mübarizəmizi aparırıq,nə qədər istəsəniz "səviyyənizə" uygun analiz edə bilərsiniz,hörmətli "agıllılar".
Beləliklə, bir daha əmin olmaq mümkündür ki, ənənəvi müxalifət düşərgəsinin mövcud vəziyyəti "Milli Şura"nı arxivə dorğu sürükləyir. Sağlam düşüncəli cəmiyyət isə bu sübutu seçkilər günü öz gözləri ilə görəcəklər.
Rövşən RƏSULOV