Tahir Kərimli: "Müxalifətin seçkilərdə uduzaraq uğursuzluğa düçar olacağı şübhəsizdir"
Azərbaycanda bu il oktyabrın 9-da növbəti prezident seçkiləri keçiriləcək. Prezident seçkiləri öncəsi müxalifət düşərgəsini təmsil edən partiya rəhbərləri ölkədə xaos və anarxiya yaratmağa, bununla da ictimai-siyasi sabitliyi pozmağa cəhd edirlər. Bu cəhdlər onu deməyə əsas verir ki, dağıdıcı müxalifəti məkrli planlar həyata keçirməyə xarici maraqlı qüvvələr məcbur edir. Ən azı onlara maddi və mənəvi dəstək göstərir. Amma müxalifətin pozuculuq arzuları reallığa çevrilməyəcək. Çünki xalq yaxşını pisdən ayırmağı bacarır.
Vəhdət partiyasının sədri Tahir Kərimli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, müxalifət ictimai dayaqlarını tamamilə itirib: "Xalq müxalifətin heç bir vədinə inanmır və həmin qüvvələri dəstəkləmir. Ona görə də, dağıdıcı müxalifət düşərgəsini təmsil edən partiyalar tərəfindən keçirilən aksiyalara da qatılmırlar. Belə olan halda da, müxalifətin heç bir gücə malik olmaması və əlindən nə isə bir iş gəlməməsi də açıq şəkildə hər kəsə məlumdur. Ümumiyyətlə, müxalifətin bundan sonra da keçirəcəyi heç bir aksiyaya ağlı başında olan vətəndaş qatılmayacaq. Müxalifətin seçkilərdə uduzaraq uğursuzluğa düçar olacağı şübhəsizdir. Müxalifətçilər uduzmaq sindromundan çıxmaq üçün də Cəmil Həsənlini irəliliyə verib ki, zərbələr ən çox ona yönəlsin. Özləri isə kölgədə qalsınlar".
T.Kərimlinin sözləri görə, oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası zamanı təbii ki, C.Həsənlinin təhqiramiz fikirlər səsləndirməsi yersizdir: "C.Həsənli başa düşməlidir ki, Azərbaycan qanunlarla idarə olunan bir dövlətdir. Heç kəs də bu qanunlara qarşı çıxaraq onu poza bilməz. Təbii ki, C.Həsənlinin reallığa əsaslanmayan bu cür yersiz fikirləri ilə bir ziyalı olduğunun üstündən xətt çəkir".
Partiya sədri onu da bildirdi ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlər Onun siyasi varisi olan Cənab İlham Əliyevin rəhbərliyi ilə 10 ildir davam edir: "Son 10 ilin nailiyyətləri sübut edir ki, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın gələcəyi üçün bütün nəzərdə tutduğu işlər böyük uğurla həyata keçirilir. Bu baxımdan, xalq 9 oktyabr prezident seçkilərində Cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcək və məntəqələrə gedərək Ona səs verəcəkdi. Müxalifət çox gözəl dərk edir ki, onlar 9 oktyabr prezident seçkilərində məğlub olacaqlar. Bunun da səbəbi xalq tərəfindən müxalifətin heç bir siyasi dəstəyinin olmamasıdır".
GÜLYANƏ