Və ya "cəbhə" sədri 8 milyonluq qaranlıq səltənəti haqqında cavab verməli olacaq
Bu gün öz "odlu-alovlu", "inqilabçılıq ruhu" ilə "Milli Şura"nın mitinqlərində çıxış edən, xalqın hakimiyyətinə qarşı ən radikal şəkildə münasinət bildirən, yersiz-sübutsuz "oğru" ifadəsi ilə hakimiyyət nümayəndələrinə qarşı ittihamlar irəli sürən, bir sözlə, danışanda ağzına çullu dovşan sığışmayan AXCP sədri Əli Kərimlinin daha bir bəd əməli, yaxud da əməlləri ifşa olundu. Məlum oldu ki, "cəbhə" sədrinin valyutalar şəklində milyonlarla pulu var və bu pullar məhz onun yaxınları, qohum-əqrəbaları sayəsində müxtəlif banklarda aparılan əməliyyatlar şəklində nağdlaşdırılıb. Bank sənədlərindən də görünür ki, Ə.Kərimlinin, onun oğlu Türkel Kərimlinin, əmisi oğlu Tofiq Kərimlinin, qaynı Elnur Seyidovun, baldızı Aytən Rafik qızı Seyidovanın və Kərimlilər ailəsinin digər üzvlərinin adları hallanır.
Onun əldə etdiyi bu pulların mənbəyi haradan götürülüb?
Məsələn, Ə.Kərimlinin özü və qohumları 2012-ci il oktyabrın 30-dan 2013-cü il iyunun 13-dək olan müddətdə banklardan 8 milyon 603 min 364 manat (!-R.N.) nağd pul çıxarıblar. Bütün bunlarla yanaşı, Ə.Kərilmi 2 il ərzində müntəzəm olaraq nəhəng məbləğlərdə pul çıxarıb, böyük məbləğli maliyyə əməliyyatları aparıb, eləcə də iri həcmdə pul kütləsini qəbul edərək, iri məbləğlərdə vəsaitləri müəyyən yerlərə göndərib.
Bu zaman erməni mətbuatına əsaslanaraq Azərbaycan hakimiyyətinə qarşı çirkin qarayaxma kampaniyaları aparan, olmayan "48 milyardlıq gəliri" şər-böhtan vasitəsilə iqtidarın ayağına yazmağa cəhd edən AXCP sədrinə belə suallar ünvanlamaq lazımdır: Onun əldə etdiyi bu pulların mənbəyi haradan götürülüb? Ə.Kərimli iri məbləğli vəsaiti özü də nağd şəkildə çıxarmağa necə müvəffəq olub? Ümumiyyətlə, vəsaitlər hara, hansı məqsədlə xərclənib? Məgər belə əməliyyatların içindən Ə.Kərimli korrupsiyasının iyi-qoxusu gəlmirmi?
Çünki AXCP-nin mövcud vəziyyətinə, qərargahının olmamasına, partiyaya məxsus "Azadlıq" qəzetinin yığdığı borclarına, verilməyən maaşlara, qəzetin yalnız KİVDF-dən maliyyə qazanmasına nəzər saldığımız zaman görərik ki, Ə.Kərimli bu qədər pul-paranı heç də həmin orqanlara xərcləməyib. Onda belə çıxır ki, AXCP sədri həmin pulları yalnız özünə və ailəsinə sərf edib.
Digər tərəfdən qeyd etmək lazımdır ki, Ə.Kərimlinin qaynı, hazırda həbsdə olan "Texnikabank"ın Yasamal şöbəsinin keçmiş rəis müavini Elnur Seyidovun da bu əməllərdə kifayət qədər rolu, iştirakı var. Məsələn, E.Seyidov 2011-ci il yanvarın 28-dən 2012-ci il fevralın 24-dək banklardan 4 milyon 680 min manat nağd pul çıxarıb. Maraqlıdır, bu zaman həmin pullar kimə, hara və niyə göndərilib?
Əli Kərimlinin oğlu Türkel Kərimli təkcə 20 gün ərzində 75 min funt-sterlinq məbləğində maliyyə əməliyyatı aparıb
Bütün bunlar azmış kimi, Ə.Kərimlinin hələ heç bir yerdə işləməyən və gəlir bəyannaməsində göstərilmiş qazanc mənbəyi olmayan yeniyetmə oğlu Türkel Kərimli təkcə 20 gün ərzində - 2011-ci il sentyabrın 26-dan oktyabrın 17-dək olan müddətdə "Texnikabank"da 75 min funt-sterlinq (!-R.N.) məbləğində maliyyə əməliyyatı aparıb. Yəni Ə.Kərimlinin oğlunda bu qədər pul haradandır ki, o, cəmi 20 gün ərzində 100 min avrodan çox məbləğdə maliyyə əməliyyatı həyata keçirib?
Başqa tərəfdən, Ə.Kərimli 2008-ci ildə "Texnikabank"ın Yasamal filialından 145 min manat məbləğində kredit götürüb və hakimiyyətin şəffaf iqtisadi, maliyyə siyasətini ən qərəzli şəkildə tənqid edən bu şəxs həmin kreditlərini çoz qısa müddətdə bağlayıb. Üstəlik də oğlu T.Kərimlinin də 20 min 640 funt-sterlinq və 12147 manatlıq iki kredit borcunu ödəyərək borc hesablarını bağlayıb. Bəs bunu hansı mənbələr hesabına edib? Ə.Kərimli işsiz müxalifətçi partiya sədri kimi 200 min manatı haradan tapmışdı?
Artıq bu da məlumdur ki, 2009-cu ilin sentyabrında Ə.Kərimli dünyanın ən nəhəng və aparıcı banklarından biri olan "Barklays Bank PLC" bankında oğlunun adına hesab açdırıb və T.Kərimli həmin ildə Böyük Britaniyanın çox nüfuzlu və bahalı ali məktəbi olan "S.T.Edwards School"un tələbəsi olub. AXCP sədri 2009-cu il iyulun 29-dan etibarən oğlunun "Barklays Bank PLC" bankındakı hesabına böyük məbləğlərdə pullar köçürməyə başlayıb. Düşündürücüdür ki, Ə.Kərimli Britaniyanın nüfuzlu ali məktəbində oxuyan oğlunun təhsil haqqını hansı mənbələrdən ödəyib? Ə.Kərimli 2011-ci il sentyabrın 26-da oğlunun bu dəfə artıq digər nüfuzlu Britaniya universitetində - Bristol Unuversitetində aldığı təhsilin haqqını ödəmək üçün daha 25 min funt-sterlinq göndərib.
Əli Kərimli üçmərtəbəli villasını tikdirərkən xəzinə tapıb?
Maraqlıdır, yoxsa Ə.Kərimli Dübəndidə tikdirdiyi üçmərtəbəli villasının həyətində xəzinə tapıb? Çünki həmin dövrlərlə villanın tikintisi eyni zamanlara təsadüf edir. Göründüyü kimi üzə çıxan bütün bu faktlar da göstərir ki, AXCP sədri əslində kifayət qədər varlı-hallı fərdlərdəndir və onun bu qədər varlı-hallı olması nədənsə özünün xoşuna gəlmir. Yəqin buna görə də iqtidara qarşı qarayaxma kampaniyaları aparır.
Bir halda ki, AXCP-nin oğru, korrupsioner sədri inqilab yolu ilə hakimiyyət dəyişdirmək eşqinə düşürsə, demək, onu buna qısqırdan da pul-paralarıdır. Daha dəqiq desək, Ə.Kərimlini danışdıran puldur. Yaxşı, əgər sən bu qədər kirli yollarla pul qazanırsansa, niyə heç olmasa özünə bir qərargahdan-filandan tikdirmirsən? Yəqin ona görə ki, əgər partiyanın qərargahı olsa, daydayıların sənə az pul verərlər, nəinki indiki qədər... İşçilərinə maaş versən, "Azadlıq" qəzetinin borclarını bağlasan yenə də sənə az pul verərlər və sən də hakimiyyətə qarşı təhdid dili ilə danışmazsan.
Qısası, Ə.Kərimli indi sənin təzə "liderin" Cəmil Həsənli demişkən, dəyişikliyin vaxtı yaxınlaşıb. Bu dəyişiklik fonunda sən və sənin kimilər qanun qarşısında cavab verməli olacaqsınız. Bax, dəyişiklik də bu olacaq!
Rövşən NURƏDDİNOĞLU