"Açıq cəmiyyətçilər" "cəbhə" sədrindən 8 milyon manatlıq bank maxinasiyasının hesabını sorurlar
Bəlli olduğu kimi, AXCP sədri Əli Kərimli özünə yeni qərargah alıb. Bu, Tələt Şıxəliyev küçəsində yerləşən qərargahdır və həmin qərargahda son günlərə qədər ACP fəaliyyət göstərib. Digər məlumata görə isə, AXCP tam şəkildə qərargaha köçməsə də, artıq bir neçə iclaslarını bu ofisdə keçirib.
Etibarlı mənbədən əldə etdiyimiz ilginc informasiyaya görə, ACP həmin məkanı tərk etdikdən sonra AXCP ilə aralarında kəskin ziddiyyətlər yaranmağa başlayıb. Belə ki, ACP rəsmiləri AXCP rəhbərliyini onların fəaliyyət göstərdikləri ofislə göz qoyduğunu və nəticədə onların həmin binanı tərk etdiklərini iddia edirlər. Mənbə qeyd edib ki, Əli Kərimli ACP-nin əlindən aldığı qərargahın icarə haqqı üçün hər ay 2500 manat ödəyəcək. Onu da xatırladaq ki, bu partiya uzun illərdir ki, qərargahsız fəaliyyət göstərir və Ə.Kərimli zaman-zaman maliyyə krizisi yaşadığını iddia edib. İndilikdə onun belə yüksək məbləğə qərargah icarəyə götürməsi nə ACP-çilər, nə də müxalifətdə olan digər partiyalar tərəfindən birmənalı qarşılanmır.
ACP-çilər Əli Kərimlini siyasi dələduzluqda ittiham edir: "Nəyə görə son günlər ona qarşı irəli sürülmüş əsaslı ittihama - 8 milyon manatlıq bank maxinasiyasına doğqu-dürüst cavab vermir?"
Hazırda qərargahsız qalan ACP təmsilçiləri AXCP sədrini siyasi dələduzluqda ittiham edir və bu günlərdə bəyanatla çıxış edəcəklərini deyirlər: "Maraqlıdır ki, daim öz mənfəətləri naminə çalışan, həmin mənfəətləri "cəbhə"yə deyil, ailəsinə xərcləyən, qaranlıq biznes fəaliyyətini öz çevrləsindən, xalqdan gizlədən Əli Kərimli nəyə görə son günlər ona qarşı irəli sürülmüş əsaslı ittihama - 8 milyon manatlıq bank maxinasiyasına doğqu-dürüst cavab vermir? Onun "Azadlıq" qəzetində önə çəkdiyi cavabları heç kimi qane etməyib. Yaxşı olardı ki, başqa partiyanın qərargahını dələduzluq yolu ilə ələ keçirən və daha çox icarə haqqı təklif edən Əli Kərimli çıxsın xalqın qarşısına və Eynulla Fətullayevin faktlara əsaslanan ittihamlarına faktlarla cavab versin..."
Göründüyü kimi, seçkilərə sayılacaq günlər qalmasına baxmayaraq, müttəfiqlik edən müxalif siyasi partiya rəhbərləri arasında böhran səngimək əvəzinə, daha da kəskin xarakterə keçid alıb. Bu amil isə belə deməyə zəmin yaradır ki, seçkilərdən sonra bu kimi ittihamlar davamlı qarşıdurmalarla müşahidə olunacaq. Çünki AXCP də başda olmaqla seçki məğlubiyyətinin günahını onlar özlərində deyil, bir-birlərində axtarmağa başlayacaqlar.
Afət TAHİRQIZI