Müxalifətdə yarpak tökümünün yeni dalğası başladı
"Ümid" partiyasının sədr müavini Aynur İmranova oktyabrın 10-da partiya sıralarından istefa verib. Bununla bağlı A.İmranova mətbuata açıqlama da verib. O bildirib ki, bu andan etibarən "Ümid" partiyasının sıralarından istefa getməsi barədə qərar qəbul edib: "Mən başda İqbal Ağazadə olmaqla bütün "Ümid"çilərə bundan sonrakı siyasi fəaliyyətlərində uğurlar arzulayıram".
A.İmranovanın "Ümid" partiyasından istefa verməsi ilə bağlı araşdırma apardıq. Əldə etdiyimiz informasiyaya görə A.İmranova ilə İ.Ağazadə arasında bir neçə dəfə münaqişə yaşanıb. Mənbə bildirir ki, İ.Ağazadənin sentyabrın 19-da İTV-də çıxışından sonra aralarındakı söz-söhbət daha da dərinləşib. Belə ki, İ.Ağazadəni çıxışlarında sərt olmamaqda, loyal münasibətdə qınayan A.İmranovanın istefası gözlənilən imiş: "Aynur xanım partiya sədri ilə razılaşdımışdı ki, seçkinin nəticəsi tanınmayacaq. İ.Ağazadənin isə, mətbuata açıqlama verərək, seçkinin qalibini təbrik etməsi onu özündən çıxardığına görə də istefa verdi".
Mənbə onu da bildirir ki, A.İmranovanın "Ümid" partiyasına gətirdiyi onlarla insan var və həmin şəxslər də onun göstərişini gözləyirlər ki, partiya sıralarını tərk etsinlər. Xatırladaq ki, "Ümid" partiyasının prezidentliyə namizədi İ.Ağazadə dünən ölkə KİV-lərinə müsahibəsində dünən keçirilmiş prezident seçkisinin nəticələrini tanıdığını və 3-cü dəfə ölkə başçısı seçilmiş İlham Əliyevə uğurlar arzuladığını qeyd edib.
Müxalifət cəbhəsinə yaxın mənbəmizin verdiyi məlumata görə, yaxın vaxtlarda Müsavat partiyasından da istefalar olacaq. Sadəcə, Cəmil Həsənli ilə Müsavat və AXCP rəhbərliyinin bir sıra məsələlərlə bağlı mövqeyini gözləyirlər. Başqa bir informasiya görə isə, "NİDA" Hərəkatı "Milli Şura"nı tərk edərək müxalifət lidelərini dəstəkləməkdən imtina edəcəklər.
Samir