" "Milli Şura"nın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin oktyabrın 20-də keçirmək istədiyi aksiya ilə bağlı xarici təşkilatlarla məsləhətləşmələrinin olması danılmaz faktdır. Çünki müxalifətin xarici qüvvələrlə məsləhətləşmədən aksiyalar keçirməsini mümkünsüz hesab edirəm. Seçkilərlə bağlı ABŞ Dövlət Departamentinin və ATƏT-in rəyi müxalifəti bir az da həvəsləndirib". Bu fikirləri SİA-ya açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli müxalifətin 20 oktyabrda keçirmək istədiyi icazəsiz aksiyaya münasibət bildirərkən deyib.Onun sözlərinə görə, Cəmil Həsənlinin xarici nümayəndələrlə görüşündən sonra Qərb Azərbaycan hakimiyyətinə müəyyən təzyiq imkanlarını əldə saxlamaq üçün bu cür aksiyaların keçirilməsinə maraqlıdır: "Hər şeydən əvvəl xarici qüvvələr müxalifəti aksiyalara şirnikləndirir. Hər kəsə, o cümlədən Qərbə prezident seçkilərində müxalifətin məğlubiyyətinin qaçılmaz olduğu məlum idi. İlk növbədə vurğulamaq lazımdır ki, müxalifətin sosial dayağı yoxdur. Müxalifət tamamilə aradan çıxsa, Qərbin Azərbaycan hakimiyyətinə təzyiq etmə imkanı məhdudlaşacaq. Buna görə də, Qərb pərişan vəziyyətdədir. Hamıya məlumdur ki, Qərb Azərbaycana təzyiqini daxildəki qüvvələrin hesabına həyata keçirir. Heç vaxt inana bilmərəm ki, bir-birinə zidd və qeyri-səmimi nümayəndələrdən ibarət birlik olan "Milli Şura" nəyəsə nail ola bilər"."Əgər Cəmil Həsənlinin öz doğma kəndində prezident İlham Əliyev 5 dəfə artıq səs toplayıbsa, "Milli Şura"nın vahid namizədi nə edə bilər? Buna görə də qələbə şəksiz idi. Onu qeyd etmək lazımdır ki, Azərbaycanda baş tutan prezident seçkiləri çox yüksək səviyyədə təşkil olunmuşdu və proses demokratik, şəffaf və ədalətli şəkildə həyata keçirildi. Seçkilərdə Cəmil Həsənlinin səslərinin oğurlanması kimi iddialarla müxalifət ancaq özünü biyabır edə bilər. Bu, onların hər zaman qarşılaşdığımız xülyasıdır. Onlar mövcud olmayan iddialarla xəyallar aləmində yaşamağa məhkumdurlar"– deyə, partiya sədri fikirlərinə əlavə edib.
yap.org.az