"Müxalifət nümayəndələrinin özü də aydın dərk edirlər ki, hər şey bitib və onların iqtidarla mübarizə aparması əbəs yerədir"
"Milli Şura"nın indiyədək apardığı bütün fəaliyyət özünü qoruyub saxlamağa hesablanıb". Bunu SİA-ya Vəhdət Partiyasının sədri Tahir Kərimli "Milli Şura"nın ötən gün keçirilən növbəti sessiyasında Cəmil Həsənlinin "Milli Şuranı güc mərkəzi kimi daha da gücləndirməliyik" fikrinə münasibət bildirərkən deyib.Partiya sədrinin sözlərinə görə, bundan öncə müxalifətin "İctimai Palata" adlı qurumu var idi: "Təbii ki, həmin qurum da digərləri kimi, uzun ömür sürmədi. 9 oktyabrda Azərbaycanda keçirilən prezident seçkiləri "Milli Şura"ya ağır zərbə vurdu. Belə ki, "Milli Şura" bu seçkilərdə məğlub olaraq, ölkəmizdə ədalətli, şəffaf və demokratik şəkildə keçirilən seçkilərə kölgə salmağa çalışdı. Hələ də qurum üzvləri bu ölümcül zərbədən ayıla bilməyiblər. Hətta onlar vahid namizəd kimi Rüstəm İbrahimbəyovu prezident seçkilərində irəli sürmək istədilər. Müxalifət gözünü rəsmi Moskvaya dikərək, Rusiya prezidenti Vladimir Putinin Azərbaycanda keçirilən seçkilərdə iqtidarı müdafiə etməyəcəyini düşünürdü. Məhz buna görə, müxalifət "Milyarderlər İttifaqı"nın üzvü Rüstəm İbarhimbəyovu özlərinin rəhbəri seçdi. Amma buna baxmayaraq, Rusiya prezidenti Vladimir Putin Azərbaycana səfərə gəlib-getdikdən sonra bildirdi ki, Rusiya-Azərbaycan rəhbərliyi arasında çox gözəl dostluq münasibətləri mövcuddur. Məhz bundan sonra müxalifətin bütün ümidləri sabun köpüyü kimi partlamağa başladı. Guya bu insanlar Cəmil Həsənlini "Milli Şura"nın vahid namizədi seçməklə dirçəlməyə və güclənməyə başladılar. Bunların içərilərində hələ də bir-birlərinə nifrət edən, intriqa aparan və s. insanlar var. Buna misal olaraq, Lalə Şövkət və Rəsul Quliyevi göstərə bilərik. Bu insanlar heç vaxt bir-birləri ilə yola getməyiblər. Təbii ki, bu da süni birlik yaratmağa hesablanıb".
Tahir Kərimli hesab edir ki, "Milli Şura"nın ötən gün keçirilən növbəti sessiyası çərçivəsində doqquz nəfərin qurumdan çıxarılması, bundan sonra da davam edəcək: "Bunlar hazırda "Milli Şura"ya xaricdən süni nəfəs verərək, qurumu ayaqda saxlamağa çalışırlar. Əslində, müxalifət nümayəndələrinin özləri də dərk edirlər ki, hər şey bitib və onların iqtidarla mübarizə aparması əbəs yerədir".
sia.az