"Milli Şura"nın prezidentliyə keçmiş namizədinin həm Müsavat başqanlığına və qurum sədrliyinə namizədliyinin irəli sürülməsi düşərgədə kəskin qarşıdurma yaradıb
Radikal düşərgədə seçkisonrası növbəti böhran baş qaldırıb. Belə ki, budəfəki böhrana səbəb "Milli Şura" adlı qondarma qurumun namizədi Cəmil Həsənlinin Müsavat başqanlığına iddiasıdır. Məhz sözügedən amil ortaya çıxdıqdan sonra Müsavat partiyasında kəskin reaksiyalar yaranıb ki, bu "Milli Şura"nın sonuncu sessiyasında da özünü kifayət qədər büruzə verib.
Digər tərəfdən, daha bir ehtimal irəli sürülüb ki, "Milli Şura"nın prezidentliyə keçmiş namizədi C.Həsənli AXCP və Müsavatın birləşməsi nəticəsində yarana biləcək "superpartiyanın" sədri ola bilər. Lakin hər iki ehtimalı təhlil edərkən belə qənaətə gəlmək mümkündür ki, C.Həsənlinin nə Müsavat başqanlığına, nə də ki, mümkünsüz görünən AXCP-Müsavat birliyinə rəhbərlik etməsinə digər iddialılar tərəfindən sadəcə imkan verilməyəcək.
Ancaq bu da son deyil. Məsələ ondadır ki, növbəti ilginc məqamlardan biri də Həsənlinin "Milli Şura"ya sədrlik etməsi təklifinin nədənsə məhz AXCP yetkililəri tərəfindən qabardılmasıdır. Çünki onun Rüstəm İbrahimbəyovun yerinə sədr gətirlməsini təklif edən tərəflərin əsas məqsədləri bilavasitə cəbhəçilərin maraqlarına xidmət edir. Əgər nəzərə alsaq ki, Həsənli həm də keçmiş cəbhəçidir bu zaman hər şey kifayət qədər aydın olur. Daha dəqiq desək, onun "MŞ-"ya sədrliyi bilavasitə müsavatçıların əleyhinə işləyən addım kimi başa düşülə bilər. Məhz belə bir böhranlı vəziyyətdə C.Həsənli müsavatçılarda özünə qarşı qıcıq oyatmamaqdan ötrü "MŞ"-nin son sessiyasında qurumda həmsədrlik postunun yaradılması təklifi ilə çıxış edib. Söz yox ki, həmsədrlik təklifi arxasında birbaşa R.İbrahimbəyovun maliyyə mənbələri dayanıb və əgər o da qurum sədrliyindən uzaqlaşdırılarsa, bu "Milli Şura" üçün mənfəət baxımından ciddi zərər ola bilər. Görünür, bu səbəbdən də C.Həsənli həmsədrlik postunun yaradılmasını təklif edərək, hələlik, məsələnin növbəti sessiyaya saxlanılmasını bildirib.
Beləliklə, irəli sürülən heç bir təkilifin qəbul edilməməsi bütövlükdə "Milli Şura"ya olan etimadsızlığın və Həsənli amilinin uğur qazanmamasından irəli gələn hal kimi qiymətləndirilir. Belə ki, onun nəinki "Milli Şura"ya, eyni zamanda, yaradılması mümkün görünməyən AXCP-Müsavat birliyinə rəhbərliyi mümkünsüzdür. Artıq bu barədə müəyyən siqnallar da verilib. Məsələn, Müsavat başqanının müşaviri Hüseyn Məlik hesab edir ki, iki partiyanın birləşməsi və C.Həsənlinin bu quruma sədr gətirilməsi haqda danışmaq çətindir: "Cəmil müəllim siyasi mənsubiyyət baxımından bitərəfdir, "Milli Şura"nın prezidentliyə namizədi olub. Amma mən onun siyasi gələcəyi haqqında bir söz deyə bilmərəm".
İsa Qəmbərin müşaviri eləcə də qeyd edib ki, ümumiyyətlə, bu məsələ partiya daxilində müzakirə edilmir və edilməsi də gözlənilmir: "... AXCP ilə Müsavatın birləşməsi, Müsavatda başqan seçkiləri mövzusunu ortaya atmaq bizim maraqlarımıza uyğun deyil. Hesab edirəm ki, indilikdə bu haqda müzakirələr açmaq da yersiz olardı..."
Göründüyü kimi, C.Həsənli faktoru düşərgəni bir-birinə qatıb və bu qarmaqarışıqlıq nəticəsində qurumda baş verəcək növbəti istefalar qaçılmazdır. Eyni zamanda, ehtimal etmək mümkündür ki, bir müddət sonra Müsavat partiyası da siyasi təşkilat olaraq "MŞ"-ni tərk etmək məcburiyyətində qalacaq. Əgər bu da baş verərsə, bu zaman dağıdıcı müxalifətin qarşıdakı illərə qədər ayaqda dayana bilməsi çox böyük bir sual altında qalır.
Afət TAHİRQIZI