Və ya "saxta təqaüdçü" "qoca rejissoru" "Milli Şura"dan uzaqlaşdırmaq niyyətindədir
Azərbaycanda prezident seçkiləri başa çatandan sonra radikal müxalifət düşərgəsində, hər zaman olduğu kimi, nüfuz davası yenidən baş qaldırıb. Bəllidir ki, hər dəfə siyasi proseslərdə uğursuzluğa düçar olan müxalifət növbəti hadisələrə hazırlaşmaq, daha doğrusu, xarici qüvvələrin ayıracağı qrantları paylaşmamaq üçün daxili mübarizəyə başlayır. Bunu parlament seçkilərindən sonra yaradılmış "İctima Palata"nın timsalında da görmüşük. Lakin həmin dövrdən fərqli olaraq, bu dəfə yaradılmış "Milli Şura"da pərdəarxası və üzdə olan qüvvələrin savaşı başlayıb.
Belə ki, əvvəlcədən də xalq arasında nüfuzlarının olmadığını bilən Müsavat və AXCP elə pərdə arxasında qalmaqla Cəmil Həsənlinin namizədliyini irəli sürdülər. Cəmil Həsənlinin də xalq arasında tanınmadığı, saxta təqaüdçü və Biləcəridən o tərəfə tanınmayan alim olmasını bildikləri üçün onun ortaya çıxmasına imkan yaratdılar. Bununla da, "Milli Şura" daxilində mövcudluqlarını qoruyub saxlayan İsa Qəmbər və Əli Kərimli seçkisonrası daxili təmizləmələ də başlayıblar.
Elə "Milli Şura"dan son iclasda 7 nəfərin çıxarılması, onlarla insanın istefa verməsinə şəraitin yaradılması, Asəf Quliyevin başçılığı ilə yeni hərəkatın formalaşdırılması söylənilənlərin sübutudur. İndi isə əsas məsələ "Milli Şura"nın yaradıcısı və rəhbəri Rüstəm İbrahimbəyovun oradan qovulmasını təşkil etməkdir. Çünki nə qədər ki, Rüstəm İbrahimbəyov həmin qurumun rəhbərliyində qalır, bir o qədər də onların asılılığı artır və maliyyə məsələsində ikinci dərəcəli qrupa çevrilirlər.
Bütün bu səbəblərə görə, İsa Qəmbər və Əli Kərimli Rüstəm İbrahimbəyovun "Milli Şura"dan çıxarılmasına çalışır və bu işi də Cəmil Həsənlinin əlilə etmək niyyətindədirlər. Lakin qarşı tərəf də sakit durmur. Avqust ayından qeybə şəkilmiş Rüstəm İbrahimbəyov məhz onun "Milli Şura"dan qovulması təhlükəsinin olması səbəbilə ortaya çıxıb açıqlamalar verib. Elə bu açıqlamalardan da görünür ki, "Milli Şura" daxilində ikitirəlikdir. Yəni, Rüstəm İbrahimbəyov, Eldar Namazov və digərləri dialoq tərəfdarıdır, İsa Qəmbər, Əli Kərimli və Cəmil Həsənli qruplaşması isə radikal addımların atılmasını dəstəkləyir. Bu da istər-istəməz "Milli Şura" daxilində ciddi fikir ayrılığına və qarşıdurmalara yol açır.
Beləliklə də, "Milli Şura" daxilində böyük gərginliyin olması göz önündədir. Yaxın zamanlarda da, qurum daxilində yeni istefalar olacaq və verilən açıqlamalarda daha dərin qarşıdurmaların baş verəcəyinin şahidi olacağıq.
"Səs" Analitik Qrupu