PDF Oxu

Müxalifət

  • 28

"Milli Şura"nın gələcəyi varmı?

"Milli Şura"nın gələcəyi varmı?

Mövcud proseslər bu sualı daha bir nəhəng sual altında qoyub

9 oktyabr prezident seçkilərindən sonra həyatlarının növbəti acı və rüsvayçı məğlubiyyətini yaşamış ənənəvi müxalifət "liderləri" aldıqları sarsıdıcı nokautdan hələ də ayıla bilmirlər. Məhz bu səbəbdəndir ki, seçkisonrası dövrdə istefa və etirazlar dalğasından yayınmağa müvəffəq ola bilməyən "Milli Şura" keçirdiyi sönük, ictimai marağa səbəb ola bilməyən, heç bir rezonans doğurmayan süniləşdirilmiş mitinqləri ilə guya ayaqda qalmasını sərgiləməyə çalışır. Eyni zamanda, görünən budur ki, Müsavat başqanı İsa Qəmbərin, AXCP sədri Əli Kərimlinin sığortaçısı rolunda çıxış edən Cəmil Həsənli hələ bundan sonra da həmin rolu oynamaqda davam etmək məcburiyyətində qalmalı olacaq. Çünki "Milli Şura" hələ özünə "vahid namizəd" axtararkən də bəlli idi ki, əslində, C.Həsənli heç də bu statusa iddialı deyildi. Sadəcə, bu iki partiya rəhbəri qarşıdakı məğlubiyyətlərini bildiklərindən və bunu ört-basdır etməkdən ötrü qoca "professoru" öz tələlərinə salmağa müvəffəq oldular. Lakin onların bu siyasi hesablamaları da, bəlli olduğu kimi, nəticəsiz qaldı.

Cəmil Həsənli İsa Qəmbər və Əli Kərimlinin sığorta şirkətinə çevrilib

Artıq daha öncələr keçirilən prezident seçkilərindən sonrakı durumla İ.Qəmbər-Ə.Kərimlinin hazırkı vəziyyətlərini müqayisə etsək, daha bir amilin şahidinə çevrilərik. Məsələn, necə oldu ki, 2003-cü və 2008-ci il prezident seçkilərindən sonra elektoratlarından gizlənən, uzun müddət gözlərə görünməyən hər iki "lider" 2013-cü il prezident seçkilərindən sonra ictimaiyyətin qarşısına çıxaraq "qırmızı-qırmızı" bəyanatlar səsləndirirlər? Məgər bu məğlubiyyət də ötən seçkilərdəki məğlubiyyətin bir tayı deyilmi?

Əlbəttə ki, "Milli Şura"nın məğlubiyyəti heç də digər məğlubiyyətlərdən fərlənmir. Sadəcə, ortaya atılan C.Həsənli faktoru bu gün İ.Qəmbər-Ə.Kərimli cütlüyünü sığortalayıb və yaxalarını kənara çəkməyə şərait yaradıb. Yaxaları kənarda olduğu üçün də bu gün hər iki ənənəvi müxalifət "liderləri" populist çıxışlar edir, bəyanatlar yayırlar. Əgər bu seçkilərdə C.Həsənli amili ortada mövcud olmasaydı, inanın ki, 2003 və 2008-ci illərdə olduğu kimi, bunlar mütləq öz qınlarına çəkilərək, hadisələrin sovuşmasını gözləməyə məcbur qalacaqdılar.

"Yuxarı yerdən" verilən tapşırıq

Digər tərəfdən, bu gün "Milli Şura"da 49 təşkilatın birləşdiyini (?!-R.R.) iddia edən "liderlər" nədənsə öz aksiyalarına uzağı 1000-1500 nəfərdən artıq elektorat yığmağa müyəssər ola bilmirlər. Məgər bu faktın özü də belə qənaətə gəlməyə əsas vermirmi ki, onların iddiaları cəfəngiyyatdan və yalandan başqa heç nə deyil? Əlbəttə ki, bu belədir və necə deyərlər, xalqın gözü bir tərəzidir, bu tərəzini müəyyən fırıldaqlarla pozmaq mümkün deyil. Çünki "Milli Şura"nın aşağı-yuxarı, cəmi 1000 nəfərinin iştirak etdiyi mitinqi bir daha sübut etdi ki, nəinki etirazçı elektoratın, eləcə də normal düşüncəli cəmiyyətin aqressiv, dağıdıcı, aşırı radikalizm siyasəti yürüdən müxalifət "liderlərinə", ümumiyyətlə, inamı və ehtibarı yox dərəcəsindədir.

Başqa tərəfdən qeyd etmək mümkündür ki, "Milli Şura"nın icazəsiz aksiyalar keçirmək məqsədinin arxasında xarici anti-Azərbaycan meyilli amillərin də təsiri mövcuddur. Belə ki, onlar xaricdəki ağalarından daim icazəsiz aksiyalarla bağlı ənənəvi sifarişlər və təlimatlar alırlar. Məsələn, buna sübut kimi, "Milli Şura"nın oktyabrın 20-də keçirmək istədiyi, lakin sonradan 27-nə qədər təxirə saldığı mitinq qərarını göstərmək mümkündür. Guya mitinq keçirmək üçün BŞİH-ə yazdıqları məktubun müəyyən məqsədlərlə ünvanına çatmadığını iddia edən C.Həsənli dərhal öz tərəfdarlarını Bakının mərkəzinə - "Fəvvarələr Meydanı"na səslədi. Lakin 27 oktyabr mitinqinə rəsmi icazə verildikdən sonra bu radikal çağırışlara son qoyuldu. İndi bu faktorun özü radikal müxalifətin heç bir səbəb olmadan ölkədəki sabitliyi pozmağa yönəldilmiş addımı sayıla bilməzmi? Təbii ki, sayıla bilər. Çünki bu tapşırıq onlara "yuxarı yerdən" - Qərbdən gəlmişdi. Sadəcə, mitinq icazəsinin verilməsi onların aldıqları təlimatları arxa plana keçirdi.

Sındırıla bilinməyən xalq iradəsi

Artıq "Milli Şura"nı idarə edən daxili və xarici dairələr də yaxşı anlayırlar ki, həqiqətdə 9 oktyabr prezident seçkiləri onlar üçün həm xəbərdarlıq, həm də son şans oldu. "Liderlər" yüz faiz əmin oldular ki, Azərbaycanda xalq-dövlət, dövlət-xalq vəhdəti mövcuddur və bu mövcudluq əbədi və sarsılmazdır! Xalq növbəti dəfə müdrik, tarixi qərarını əsas götürərək Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevi dəstəklədi və səsini də Ona verdi. Artıq bu faktor dünya birliyi, nüfuzlu təşkilatlar, tanınmış ictimai-siyasi xadimlər tərəfindən də qəbul olunub. Əlbəttə, hər zaman olduğu kimi, bəzi siyasi dairələr, Azərbaycanda siyasi-iqtisadi maraqları olan fərdi şəxslər ölkəmizə qarşı müəyyən təzyiqlər etmək üçün seçkiləri kölgə altında qoymağa səy göstərsələr də, bu kimi qeyri-obyektiv, reallığa təsir etməyən bəyanatlar quru bəyanatlar kimi də qaldı. Çünki bir daha təsdiq olundu ki, Azərbaycan xalqının siyasi iradəsi sarsılmazdır. Bu iradəni heç bir daxili və xarici qüvvə, heç bir maraqlı siyasi dairə sındıra bilmək gücündə deyildir.

Rövşən RƏSULOV

Digər xəbərlər