PDF Oxu

Müxalifət

  • 21

Müsavat ACP və ALP-yə minnət qoydu

Müsavat ACP və ALP-yə minnət qoydu

Arif Hacılı: "Rəsul Quliyev, Lalə Şövkət kimi siyasilərin heç bir faydası yoxdur"

Bütün dövrlərdəki acı seçki məğlubiyyətlərindən sonra bir-birilərni xəyanətlərdə, uğursuzluqda günahlandıran ənənəvi müxalifət "liderləri" həmin vasitələrlə özlərini təmizə çıxarmağa, məğlub kimi əsil səbəbkar olmadıqlarını sübuta yetirməyə çalışırlar. Söz yox ki, bu kimi vasitələrlə növbəti seçkilərə qədər ayaqda qalmağa cəhd edən partiyalar əslində cəmiyyətdə heç bir nüfuz əldə edə bilmirlər. Bu səbəbdən də bir-birlərini ittiham etməklə işlərini bitmiş hesab edirlər. Buna misal kimi hələ "Milli Şura" yaradılarkən az qala dünyanın ən "monolit" və "möhtəşəm" müxalifət birliyi qismində təqdim olunan siyasi təşkilat "liderlərinin" qurumla bağlı pafoslu bəyanatlarını xatırlamaq olar. Ancaq həmin bəyanatların bu gün tamamilə tərs istiqamətdə yer alması bir daha belə qənaətə gəlməyə zəmin yaradır ki, artıq "Milli Şura" adlı qurum yox dərəcəsindədir.

"Bizə şübhəli keçmişi olan hay-küylü adların yox, real fayda gətirənlərin birliyi lazımdır"

Bu arada məğlubiyyət günahlarını digər partiya "liderlərinə" - ACP-nin keçmiş "lideri" Rəsul Quliyevə və ALP "lideri" Lalə Şövkət Hacıyevaya minnət tonunda ünvanlayan Müsavat partiyası mərkəzi icra aparatının rəhbəri Arif Hacılı öz ittihamlarında bildirib ki, belə fərdlərlə əməkdaşlıq etmək səmərəsizliklə nəticələnib. A.Hacılı bildirib ki, Müsavat partiyası zamanında çox güzəştlərə gedib: "...Amma heç zaman bu güzəştlərdən fayda görmədik. Bizim zaman-zaman Rəsul Quliyev, Lalə Şövkət kimi siyasilərlə işbirliyimiz nə demokratik düşərgəyə, nə də Azərbaycana fayda gətirmədi...Bizə şübhəli keçmişi olan hay-küylü adların yox, real fayda gətirənlərin birliyi lazımdır..."

A.Hacılının minnət və ittihamlar fonunda L.Ş.Hacıyeva ilə R.Quliyevi şübhəli keçmişdə günahlandırması istər-istəməz belə bir sual yaradır - Əgər Müsavat rəhbərliyi hər iki şəxsin şübhəli keçmişlərindən xəbərdar idisə, nəyə görə "Milli Şura" təsis olunarkən "liderləri" həmin quruma dəvət edərək, onlarla əməkdaşlıq etdilər? Məgər həmin vaxtı onların şübhəli keçmişləri yox idimi?

Arxadan atılan daş topuğa dəyər

Başqa tərəfdən, bildiyimiz qədər həm ACP, həm də ALP "Milli Şura"ya dəvət alarkən uzun müddət tərəddüd edirdilər. Məhz Rüstəm İbrahimbəyovun onlarla apardığı uzunmüddətli danışıqlarından sonra hər iki partiya "lideri" "şura"da təmsil olunmağa razılıq verdilər. Lakin sonrakı proseslər, daha dəqiq desək, R.İbrahimbəyovun "vahid namizəd" statusunun əlindən alınaraq Cəmil Həsənliyə ötürülməsindən sonra ACP və ALP yenidən "Milli Şura"nın toplantılarına qatılmayaraq öz etirazlarını bildirdilər. Məhz bütün bunlardan sonra ittiham atəşinə tutulan R.Quliyev və L.Şövkət bu dəfə də Müsavat partiyasının hədəfinə tuş gəlməyə başlayıb. Ancaq görünən budur ki, arxadan atılan daş topuğa dəyər. Necə ki, A.Hacılı öz günahlarını başqalarının üzərinə atmağa cəhd edir.

Rövşən RƏSULOV

Digər xəbərlər