Həmsədrlik məsələsi qurumdaxili böhranı dərinləşdirib
"Milli Şura" sədri Rüstəm İbrahimbəyovun qurumda həmsədrlik ideyasını ortalığa atması qurumdaxili vəziyyəti daha da gərginləşdirib. Belə ki, "şura" daxilində yaranmış çoxsaylı intriqalar azmış kimi, artıq həmin ideyaya qarşı ikilik fikirlər də kəskin xarakterə keçid alıb. Məsələ ondadır ki, bir neçə müxalifət funksionerinin R.İbrahimbəyovun təklifinə qarşı çıxmaları digərləri tərəfindən hiddətlə qarşılanır. Məsələn, Azərbaycan Millətçi Demokratik Partiyasının (AMDP) sədri, eləcə də "Milli Şura" üzvü Qələndər Muxtarlı iddia edib ki, R.İbrahimbəyovun sədrlikdə qalması məqsədəuyğun deyil. O, Cəmil Həsənlinin sədr olmasını tələb edərək, qurumda həmsədrlik institunun yaradılmasının əleyhinə olduğunu bildirib.
Eldəniz Quliyev İbrahimbəyovun sözçüsü qismində Cəmil Həsənli tərəfdarlarına qarşı çıxıb
Məhz bu tələbdən sonra İbrahimbəyova yaxınlığı ilə seçilən, eləcə də onun təlimatlarını həyata keçirən "El" hərəkatının ali məclis sədri, "Milli Şura"nın digər üzvü Eldəniz Quliyev AMDP sədrinin bu tələbinə qarşı ironiya ilə cavab verib. Onun bildirdiyinə görə, Q.Muxtarlı siyasətçi kimi dərinliyi görmək qabiliyyətində deyil: "Siyasətdə bir az dərinliyi və önü görmək əsas şərtlərdən biridir".
E.Quliyev bildirib ki, R.İbrahimbəyovun beynəlxalq təşkilatlarla iş birliyi onun sədr kimi qalmasında əsas şərtdir: "Əksəriyyət "Milli Şura"da həmsədrlik institutunun yaranması təklifi ilə razıdır".
Eldəniz Quliyev maliyyə amilini ortaya çıxararaq, bir növ Rüstəm İbrahimbəyovun əleyhinə çıxan müxalifətçilər qarşısında minnət qoymuş olur
Maraqlidir ki, E.Quliyevin İbrahimbəyovun beynəlxalq təşkilatlarla iş birliyi barədə iddiası özü-özlüyündə müəyyən suallar yaradır. Məsələn, sual edilə bilər ki, R.İbrahimbəyov hansı xarici təşkilatlarla əməkdaşlıq edir? Aydındır ki, bu fərd Rusiyanın qaranlıq siyasi dairələri ilə sıx bağlılığı olan şəxslərdəndir. Eyni zamanda İbrahimbəyov seçkilərdən öncə ABŞ-da fəaliyyət göstərən və daim Azərbaycana qarşı qərəzli hesabatlar hazırlayan təşkilatlarla da gizli danışıqlar aparıb. Nəticədə o, müəyyən gəlirlər əldə edərək, "Milli Şura"nın maliyyə məsələlərini həll edib. Məhz bu səbəbdən də onun müdafiəsinə qalxan E.Quliyev maliyyə amilini ortaya çıxararaq, bir növ, R.İbrahimbəyovun əleyhinə çıxan müxalifətçilər qarşısında minnət qoymuş olur.
Maraqlıdır ki, E.Quliyev ehtiyatlı davranaraq Cəmil Həsənli tərəfdarları qarşısında onu çox cılız şəkildə "tərif" etsə də, bəyan edir ki, R.İbrahimbəyovsuz "Milli Şura" daha ciddi böhranla qarşı-qarşıya qala bilər: "Cəmil Həsənlini siyasətçi kimi təqdir etmək olar. "Milli Şura"nın beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində R.İbrahimbəyovun xüsusi yeri var. Bunun üçün beynəlxalq təşkilatlarla əlaqəsi olan şəxs lazımdır. Bu işin də öhdəsindən yalnız R.İbrahimbəyov gəlir".
AXCP və Müsavat rəhbərliyi həmsədrlik ideyası ətrafında yeni savaşa başlayacaq
Göründüyü kimi, E.Quliyev iddia edir ki, əslində C.Həsənli "Milli Şura"da görüntü xarakteri alan fərddir və o, R.İbrahimbəyovdan fərqli olaraq beynəlxalq məsələlərdə aciz insandır. Bu zaman daha bir sual yaranır ki, əgər C.Həsənli həqiqətən də siyasi məsələlərdə, eləcə də beynəlxalq məsələlərdə İbrahimbəyovdan geri qalırsa, bu zaman oktyabr seçkilərində niyə namizəd kimi dəstəklənib? Məsələ aydındır. Belə ki, "Milli Şura" təmsilçiləri C.Həsənlini necə deyərlər, "xala xətrin qalmasın" tərzində zorən dəstəkləməli olublar. Bütün bu kimi ziddiyyətləri təhlil edərkən həm də belə qənaətə gəlmək mümkündür ki, R.İbrahimbəyovun "Milli Şura"da həmsədrlik məsələsini qabartması yaxın günlərdə vəziyyəti dalana dirəyəcək. Çünki orada əsas fiqurlar kimi nəzərə çarpan AXCP və Müsavat rəhbərliyi həmsədrlik ideyası ətrafında yeni savaşa başlayacaqlar. Bu səbəbdən də qeyd etmək mümkündür ki, R.İbrahimbəyovun ideyası artıq "Milli Şura"nı bir-birinə qatıb və qurumdaxili mövcud böhranı kifayət qədər dərinləşdirib.
Rövşən RƏSULOV