Müsavat partiyası Rüstəm İbrahimbəyova qarşı sərt mövqeyini ortaya qoydu
"Milli Şura"da gərgin vəziyyət hökm sürməkdə davam edir. Belə ki, bir müddət öncə qurumda həmsədrlik məsələsini gündəmə gətirən Rüstəm İbrahimbəyov bu dəfə Müsavat partiyasının sərt təpkisi ilə qarşı-qarşıya qoyub. Artıq İsa Qəmbərin göstərişinə əsasən bir çox müsavatçı funksionerlər kəskin etirazlarını və şərtlərini ortaya qoymaqdadırlar. Hətta Müsavat partiyası İbrahimbəyovun sədrlikdən getməsini, ya da partiyanın özünün bu qurumdan istefaya gedəcəyini dolayısı ilə bəyan etməkdədir.
Bu arada "Milli Şura"dakı mötəbər mənbədən əldə etdiyimiz məlumata görə, müsavatçılar birmənalı şəkildə hazırkı sədr R.İbrahimbəyovun təşkilatdan kənarlaşdırılmasını tələb edir. Müsavat rəhbərliyi bu tələbi irəli sürərkən bir neçə arqument səsləndirir. Birincisi, R.İbrahimbəyovun prezidentliyə namizəd ola bilməməsi, Azərbaycana gəlməməsi və siyasi proseslərdə iştirak etməməsi, ikincisi isə "Milli Şura" sədrinin Rusiya hakimiyyətinə bağlı olması və onun diktəsi ilə hərəkət etməsinə dair cəmiyyətdə və beynəlxalq birlikdə rəy formalaşması arqumenti.
Məhz bundan sonra Müsavat tərəfi İbrahimbəyovun "Milli Şura"dan çıxarılması ilə bərabər prezidentliyə sabiq namizəd Cəmil Həsənlinin təkbaşına sədrlik etməsinə razı olduğunu bildirir.
Lakin Müsavatın sözügedən arqumentləri də "Milli Şura"da birmənalı qarşılanmır. Daha dəqiq desək, "El" və AXCP çoxluğu Müsavatı demək olar ki, təkləyir. Eyni zamanda "cəbhəçilərin" təsiri altında olan Cəmil Həsənli qəti şəkildə bu mövqeyə qarşı olduğunu bildirir və Müsavat qarşısında açıq tələb qoyub: "Mənə hörmətiniz varsa, mənim "Milli Şura"da olmağımı istəyirsinizsə, Rüstəm müəllimə qarşı da eyni mövqe nümayiş etdirməlisiniz. Çünki R.İbrahimbəyov buna layiqdir və haqqı çatır".
Mənbə onu da bildirib ki, C.Həsənli "Milli Şura"nın həmsədri olmağa razıdır, amma heç bir halda İbrahimbəyovsuz bu addımı atmayacağını bəyan edib. Prezidentliyə sabiq namizəd deyib ki, R.İbrahimbəyovun sədrlikdə qalması müxalifətə əlavə dividend gətirir: "Onun özü Azərbaycanda müxalifətin fəaliyyətini koordinasiya edə bilər. R.İbrahimbəyov da beynəlxalq səviyyədə müxalifət üçün zəruri fəaliyyətini həyata keçirəcək".
Beləliklə, Müsavatın qəti dirəniş göstərməsi "şura"nın taleyi ilə bağlı pessimist ovqat yaradıb. Artıq məsələnin "Milli Şura"nın növbəti sessiyasında müzakirə olunacağı da istisna olunmur. Bu amil isə sessiyada daha gərgin vəziyyətin yaşanacağını, eləcə də qarşıdurmalara səbəb olacağını kifayət qədər təsdiq etmiş olur.
Mübariz QULİYEV