Milli Şura sədri Cəmil Həsənlinin Türkiyəyə, daha sonra isə ABŞ-a səfər etməsi müxalifət düşərgəsində birmənalı qarşılanmır. SİA-nın məlumatına görə, məsələyə münasibət bildirən Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadənin fikrincə, Cəmil Həsənlinin səfərləri heç nəyi dəyişməyəcək: "Cəmil Həsənli Türkiyəyə getdi ki, guya Azərbaycandakı "seçki saxtakarlığına" dair cəfəng fikirləri ilə onları nəyəsə inandıracaq. Ancaq öncədən də göründüyü kimi, bunun əksi baş verdi".
Bu yaxınlarda İstanbulda olduğunu və orada bir sıra siyasətçilərlə görüşdüyünü bildirən A.Əlizadə qeyd edib ki, elə Türkiyənin özündə də hər kəs Azərbaycandakı müxalifətin zəif olduğunu çox gözəl anlayır. Bu baxımdan, C.Həsənlinin səfərlərinin heç nəyi dəyişməyəcəyini qeyd edən ASDP sədri onu da vurğulayıb ki, Azərbaycanda seçkilərin nəticələrini bütün dünya tanıyıb və Milli Şura hərdəmxəyal vəziyyətə düşmək əvəzinə özünü inkişaf etdirməlidir: "ABŞ da, digər nüfuzlu ölkələr də Azərbaycanda seçkilərin nəticələrini tanıyıb. Artıq seçki söhbətini bağlamaq lazımdır. Milli Şura sıfır gəlib, sıfır da gedəcək".
sia.az