PDF Oxu

Müxalifət

  • 55

"Milli Şura"nı dağıdanların kimliyi bəlli oldu...

"Milli Şura"nı dağıdanların kimliyi bəlli oldu...

Yaxud AXCP və Müsavat özünə yeni "düşmən" qazandı

Azərbaycanda 9 oktyabr 2013-cü ildə keçirilmiş prezident seçkilərilə əlaqədar anti-azərbaycançı qüvvələrin dəstəyilə yaradılmış "Milli Şura" fəaliyyətsizliyilə sezilməklə yanaşı, eyni zamanda, daxili parçalanması da göz önündədir. Seçkidən öncə vahid namizədin formalaşdırılması üçün yekdil fikrə gələ bilməyən "Milli Şura" üzvləri indi də həmsədr məsələsində dalana dirəniblər. Hətta vəziyyət o həddə çatdı ki, "Milli Şura"dan istefa verənlərlə yanaşı, sədr Rüstəm İbrahimbəyov da kənara çəkildi. Elə bütün proseslər də bundan sonra başladı. Artıq cəmiyyət "Milli Şura"nı "İctimai Palata" kimi dağıdan şəxslərin kimliyini bildi. Bunu isə AXCP sədrinin sabiq müavini, "Milli Şura"nın mitinq komitəsinin keçmiş rəhbəri Asəf Hacıyevin keçirdiyi mətbuat konfransında göstərmiş oldu.

O, "Milli Şura"dan və AXCP-dən istefa verməsinin səbəblərini açıqlayarkən, həm AXCP rəhbərliyini, həm də Müsavat və AXP-nin aparıcı şəxslərini suçlayıb. A.Quliyev bildirib ki, AXCP-nin 2011-ci ildən prosesləri təkbaşına idarə etməsini və heç bir bloka qoşulmamasını təklif etmişdi: "Lakin belə qərara gəlindi ki, biz digər partiyalarla blok yaradaraq fəaliyyət göstərək. Həmçinin "Milli Şura" cəmiyyəti öz ətrafında vahid namizədlə birləşdirə bilmədi. Qurumun apardığı xətt səhv idi və mən buna etiraz etdim". O, qeyd edib ki, "Milli Şura" yaranan gündən haqqında müxtəlif fikirlər formalaşdı, qurumun qarşısına qoyduğu məqsədlər, bir çox komitə və komissiyaların yaradılması işini başa çatdıra bilmədi və bu, inamsızlıq yaratdı.

A.Quliyev vurğulayıb ki, Arif Hacılı, Pənah Hüseyn, Rauf Arifoğlu "Milli Şura" yaranan gündən onu dağıtmağa çalışıblar: "Buna baxmayaraq, Arif Hacılı "Milli Şura"nın rəhbərliyinə gətirildi, Rauf Arifoğlu və Pənah Hüseyn isə Cəmil Həsənlinin vəkili təyin olundu. Eyni zamanda, "Milli Şura"nın özündə Cəmil Həsənlinin prezidentliyə namizədliyinin verildiyi gün seçkinin uduzulduğu bəlli idi. Çünki bu cür hədəf və komanda ilə seçkiyə getmək elə bu nəticəni verəcəkdi. Son iki il ərzində, xüsusilə seçki öncəsi "Milli Şura"dakı proseslər məndə fikir ayrılığı yaratdı". Lakin A.Quliyevin ittihamlarına cavablar da gecikməyib. Eks-cəbhəçini xəyanətdə və digər məsələlərdə ittiham edən Müsavat və AXCP yetkililəri maraqdoğurucu nüanslara toxunaraq, əslində, qarşı tərəfi dalana sıxışdırmağa çalışıblar.

"Yeni Müsavat" qəzetinin baş redkatoru Rauf Arifoğlu deyib ki, Asəf Quliyev gözünün içinə qədər yalan danışır. Onun istefasının əsil səbəbini bir çoxları kimi, mən də bilirəm. Lakin söyləməyi etik bulmuram. O, qeyd edib ki, bu qədər yalan danışmaq olmaz: "Ayıbdır, bu qədər yalan danışmasın, öz zibillərini bizim üzərimizə şər atmaqla ört-basdır etməsin. Bu dəliliyin, anormallığın bir izahatı varmı?" Burada məntiqin olmadığını deyən Arifoğlu A.Quliyevi sifariş yerinə yetirməkdə suçlayıb və qeyd edib ki, qarşı tərəf özünü təmizə çıxarmağa çalışır: "Asəf Quliyev artıq kimlərinsə əlində bir oyuncağa çevrilib və nə istəsələr, ona dedirdəcəklər. Üstündən 3-4 ay keçəndən sonra, nəhayət guya özünü təmizə çıxarmağa bir bəhanə tapıb. O qədər gülüncdür ki, deməyə söz tapmırsan".

Müsavat Partiyası mərkəzi icra aparatının rəhbəri Arif Hacılının fikrincə isə Asəf Quliyevin istefası ilə bağlı səsləndirdiyi fikirlər ciddi arqumentlər deyil". O, deyib: "Əvvəla, Cəmil Həsənlinin namizədliyi demək olar ki, yekdilliklə qəbul olunub. İkincisi, biz Cəmil Həsənlinin seçki qərargahına rəhbərlik edərək öz vəzifəmizin öhdəsindən kifayət qədər bacarıqla gəlmişik. Bunun nəticəsi idi ki, bir neçə gün ərzində biz imzaları toplayaraq Cəmil Həsənlinin namizədliyinin qeydə alınmasını təmin etdik".

Eyni zamanda, Cəmil Həsənlinin təbliğat-təşviqat kampaniyası işində faktiki olaraq seçkiyə gələcək insanların əksəriyyətinin səsini alacaq qədər ciddi fəaliyyət göstərdik. Ona görə də qeyd etdiyiniz şəxsin guya bizim harasa təyin olunmağımızla bağlı və Cəmil Həsənlinin prezidentliyə namizəd olması ilə bağlı istefa verdiyi fikirlərini yəqin ki, ictimaiyyət ciddi qəbul etməz".

Müsavatla yanaşı, AXCP tərəfi də keçmiş partiyadaşının gündəmə çıxan ittihamlarına sərt tonda münasibət bildiriblər. Belə ki, sözügedən məsələ ilə bağlı AXCP sədrinin müavini Gözəl Bayramlı Asəf Quliyevin hansı iddialarla çıxış etməsinə marağının olmadığını və onun yalan danışdığı fikrindədir: "Asəf Quliyev yalan danışır və onun iddialarına şərh vermək istəmirəm. Ümumiyyətlə, mən belə bir şeyi xatırlamıram. Asəf Quliyev dediklərinin məsuliyyətini özü daşıyır".

Asəf Quliyevi bəhanə etməkdə günahlandıran AXCP sədrinin müavini Həsən Kərimovun fikirncə isə əslində A.Quliyev zamanında partiyada hər hansı təkliflərlə çıxış etsə də onun təklifləri qanun kimi qəbul edilə bilməzdi: "Asəf Quliyevin verdiyi təkilflərinin partiyada qanun kimi qəbul edilməsi, məncə, doğru sayıla bilməzdi. Bu, sadəcə onun bəhanələridir".

AXCP sədrinin müavini vacib məqama toxunaraq onu da qeyd etdi ki, onlarda Asəf Hacıyev barədə kompromatlar var və bu barədə ictimaiyyətə məlumat veriləcək: "Getmək istəyirsən, bəhanəsiz get. Bizdə onun barəsində bir çox məlumatlar var və görünür, ictimaiyyət də bundan xəbərdar olmalıdır".

Həsən Kərimov yaxın günlərdə bu haqda daha geniş məlumat verəcəyini və A.Hacıyevin bütün bunlardan sonra bəyanat verdiyinə görə peşman olacağını vurğulayıb. Göründüyü kimi, bu gün "Milli Şura" daxlində intriqalar kritik həddə çatıb. Eyni zamanda, bid daha aydın oldu ki, "Milli Şura" müxalifətin birlik qurumu deyil, əksinə, onların mübarizə meydanıdır. Məhz bu proseslər bir daha göstərir ki, "Milli Şura" çox yaxınlarda dağılacaq və "İctimai Palata" kimi o da tarixin arxivinə köçəcək.

"Səs" Analitik Qrupu

Digər xəbərlər