PDF Oxu

Müxalifət

  • 74

"Milli Şura"nın bugünkü strukturu bu modelin uğursuz olduğunu hər gün sübut edir

"Milli Şura"nın bugünkü strukturu bu modelin uğursuz olduğunu hər gün sübut edir

Azərbaycan cəmiyyətinin uzun müddətdir ki, söylədiyi fikri artıq müxalifətçilər də etiraf edirlər

Azərbaycanda keçirilmiş prezident seçkilərilə əlaqədar olaraq, yaradılmış "Milli Şura" radikal müxalifətin tabutuna çevrildi. Bununla bağlı dəfələrlə ziyalılar və ictimaiyyət nümayəndələri fikirlərini bildirsələr də, radikal müxalifət qapıldığı eyforiya ucbatından "Milli Şura"nın əhəmiyyətsiz bir qurum olduğunu görə bilmirdi. Seçkilərdən sonra Azərbaycan cəmiyyətini dəstəyini ala bilməyən "Milli Şura" tam olaraq, fəaliyyətsizliyini və əhəmiyyətsizliyini ortaya qoymuş oldu. Ona görə də, "Milli Şura" İctimai Palata kimi dağılmağa başladı. Elə dünən "NİDA" Vətəndaş Hərəkatının üzvlərinin "Milli Şura"nı sərt tənqid edən bəyanat yaymaları bunu bir daha isbatladı.Hərəkatın "Milli Şura"da təmsil olunan üzvləri - Üzeyir Məmmədli, Rəşad Həsənov və Rəşadət Axundov bildiriblər ki, qurumun formalaşdırılmasından bu günə qədər olan fəaliyyətində bir çox səhvlərə yol verilib: "İndi bu səhvləri bir-bir sadalamağa ehtiyac yoxdur, bizi bundan sonra baş verəcək hadisələr maraqlandırır. Rəsul Quliyev kimi "Milli Şura"ya hər gün zərbə vuran şəxs hələ də üzvlükdə qalır. Bu problem elə ilk sessiyada həll olunmalıdır. Eləcə də "Milli Şura" yaradılarkən gənclərə, xüsusilə təmsil olunduğumuz "NİDA" Vətəndaş Hərəkatına çox az yer ayrılıb. Baxmayaraq ki, seçki prosesində də fəal iştirak etməyən, ciddi elektoratı olmayan bəzi qurumlara daha çox yer ayrılıb. Hesab edirik ki, "NİDA" da "Milli Şura"da təmsil olunan digər qurumlar qədər üzv sayına malik olmalıdır. Biz hərəkatın "Milli Şura"da fəaliyyətini ancaq bu formada görürük"."NİDA" üzvləri hesab edirlər ki, "Milli Şura"nın bugünkü strukturu bu modelin uğursuz olduğunu hər gün sübut edir. Göründüyü kimi, "Milli Şura"nın uğursuz model olmasını axırı ki, müxalifət də etriaf etdi. Etiraf edildi ki, radikal müxalifət özü də bu cür saxta birliklərin, kimlərinsə şəxsi və ya korporativ maraqlarına işləyən kvaziqrupların yaradılmasından bezib. "Demkonqres", "SİDSUH", "Azadlıq", "Qarabağ" və s. kimi təcrübələr müxalifət düşərgəsində bir-birinə olan etimadı da tamamilə tükədib. Ayrı-ayrı siyasi partiyaların, hərəkatların liderlərinin "Milli Şura"ya inanmamasının əsas səbəblərindən biri də sözügedən ideyanın müəllifi Rüstəm İbrahimbəyovun şəxsiyyətilə bağlı idi.Aydındır ki, bu anti-milli ünsür Azərbaycan xalqına müxalif mövqedə durub və Rusiyadakı bəzi anti-azərbaycançı dairələrin sifarişlərini yerinə yetirir. İkinci tərəfdən onun siyasətçi olmaması müxalifət düşərgəsində fikir ayrılıqlarına səbəb olur. Çünki Rüstəm İbrahimbəyov yaxşı ssenarist olduğu kimi siyasi reallıqları dərk edən birisi deyil. O, yazdığı ssenarilərində avtomobili divardan keçirə bilər, dövlət çevrilişi reallaşdıra bilər. Amma reallığa gələrkən, onun fəaliyyəti vergi cinayəti törətməkdən, Şəhidlər Xiyabanını restorana çevirməyə cəhd etməkdən, erməniləri Bakıya dəvət etməkdən, qanunsuz olaraq, mənimsəmələri həyata keçirməkdən, dövlət torpaqlarını zəbt etməkdən, Dağlıq Qarabağın Ermənistana aid olmasını deməkdən ibarətdir.Aydındır ki, radikal müxalifət daxilində "Milli Şura"ya qarşı olan etimadsızlıq mühitinin dərin səbəblərinin olduğunu çoxdan müşahidə edirdik. Ona görə də, əvvəlcədən bəlli idi ki, "Milli Şura" yaransa belə, heç bir halda aktiv qurum olmayacaq. Çünki onun nə xalq arasında, nə də müxalifət daxilində dəstəyi var. Ona görə də, o, elə yarandığı kimi də digər birliklər tək tarixin arxivinə qovuşdu.

"Səs" Analitik Qrupu

Digər xəbərlər