PDF Oxu

Müxalifət

  • 51

Sarkisyan xalqın məngənəsində

Sarkisyan xalqın məngənəsində

Bunu ölkədə baş qaldıran etiraz dalğası da təsdiq edir

Ermənistandakı mövcud ictimai-siyasi vəziyyəti bir qədər primitiv, səthi şərh edərək "vəziyyət ağırdır, dözülməzdir" kimi də göstərmək mümkündür. Ancaq bu ifadələrlə ölkədəki durumu tam və dəqiq əks etdirmək olmaz. Çünki Ermənistanda vəziyyət ağır yox, həqiqətən də təhlükə astanasındadır. Yarıac insanların yaşamının ağırlaşması, hər gün ölkəni tərk edib gedənlərin sayının artması, təbii ki, bütün regiona mənfi təsir edir.

Serj Sarkisyan xalq üsyanı ilə üz-üzə

Əslində, noyabr ayından bu günə kimi ölkədə başlanan etiraz aksiyaları vəziyyətin nə qədər gərgin olmasından xəbər verir. Özü də bu aksiyalar ən müxtəlif ədalətsizliyə qarşı yönəlib. Məsələn, elə bu günlərdə Ermənistanda vəkillər etiraz aksiyası keçirib. Onların etirazı kassasiya məhkəməsində ikili standartların tətbiq edilməsidir. Vəkil Ayk Alumyanın sözlərinə görə, dövlətin onların tələblərinin yerinə yetirməyincə sakit dayanmaq və susmaq fikirləri yoxdur. Erməni mətbuatının yazdığına görə, düz bir il bundan öncə də Ermənistanda 40-a yaxın vəkil məhz bu səbəbdən tətil elan etmiş və günlərlə işə çıxmaqdan imtina etmişdilər.

Ümumiyyətlə, son zamanlar Ermənistanda ictimai-siyasi vəziyyətdən narazı qalan kütlə ardıcıl aksiyalar keçirir. Keçmiş döyüşçülərin aksiyasında isə hakimiyyətə daha sərt ittihamlar ünvanlanıb. Onlar mövcud iqtidarın yarıtmaz siyasətindən cana doyduqlarını bildirərək rəhbərliyin istefasını tələb edirlər. Sarkisyan rejiminin bütün təzyiqlərinə, polis və hərbçilərdən yararlanaraq narazı kütləyə divan tutmasına, ölkədə mütilik və hakimiyyətin qərarlarına sözsüz itaət mühiti yaratmağa yönəlmiş səylərinə rəğmən ölkənin ictimai-siyasi diskursu xofdan azad olmaqdadır. Bütün bunlar Sarkisyandan cəmiyyətə qarşı daha effektiv təbliğat vasitələrini, manipulyasiya texnologiyalarını işə salmağı tələb edərkən digər tərəfdən hər şey müvəqqəti təsir bağışlayır.

Ermənilər Sibirə üz tuturlar

Sosial və siyasi ədalətsizliyin getdikcə geniş vüsət aldığı Ermənistanda gərginlik artır. Buna əsas səbəb isə Serj Sarkisyanın saxta seçkilər nəticəsində hakimiyyətə gəlməsi fonunda sosial-iqtisadi vəziyyətin daha da ağırlaşmasıdır. Ermənilər birmənalı şəkildə bəyan edirlər ki, Sarkisyanın hakimiyyətdə olduğu müddətdə vəziyyət düzəlməyəcək. Bu səbəbdən də saxta prezident kimi qəbul olunan Serj Sarkisyan hakimiyyətdən getməlidir. Eyni zamanda Sarkisyanın yol verdiyi saxtakarlıqlar indi daha çox ictimaiyyətin diqqətinə təqdim olunur.

Göründüyü kimi, Ermənistanda yaranmış ağır sosial durum burada miqrasiyanın daha intensiv xarakter almasına rəvac verməkdədir. Artıq ölkənin bütün siyasi qüvvələri də etiraf edir ki, miqrasiyanın qarşısının alınması mümkün deyil, hətta insanlar Sibirdə yaşamağa daha çox üstünlük verirlər. Erməni Milli Konqres partiyasının sədri Ter-Petrosyan demişkən, "Stalinin vaxtında insanları Sibirə sürgün edirdilər, indi Sarkisyan ölkədə elə vəziyyət yaradıb ki, insanlar Sibirdə yaşamağı Ermənistandan üstün tuturlar".

Keçmiş Qarabağ Komitəsinin üzvü Aşot Manuçaryan da hakimiyyətə qarşı sərt ittihamlar səsləndirib. O bildirib ki, Ermənistanda hər kəs normal bir həyat yaşamalı, bütün xalq əmin-amanlıq içində olmalıdır: "Ermənistanda artıq başlarını itirmiş oliqarx, nazir və prezident olmayacaq. Bütün yurdu dolaşdığınızı və ağıllarını itirməmiş, oliqarxların yanında dayanacaq qədər hələ başları yerində olan insanları səfərbərliyə aldığınızı bilirəm".

Ermənistanda gənclərin 60 faizi işsizdir

Ermənistanda hakimiyyətdə olan rəsmilər ölkə iqtisadiyyatında guya dirçəliş baş verməsi, işsizlərin sayının getdikcə azalması, əhalinin sosial vəziyyətinin yaxşılaşması haqda ağızdolusu danışıb, dünya ictimaiyyətinə yalan məlumatlar vermələrinə baxmayaraq, faktlar tamamilə bunun əksini deyir. Belə ki, hətta iş o yerə çatıb ki, güclü erməni lobbisinin vəsaiti hesabına Parisdə nəşr olunan "Ermənistan xəbərləri" jurnalı da ölkədə movcud real həqiqətləri etiraf etməyə məcbur olub. "Jovoxurd" qəzətinin məlumatına görə, Fransada nəşr olunan "Ermənistan xəbərləri" jurnalının 21 mart tarixli nömrəsində dərc olunan "Ermənistanda gənclərin 60 faizi işsizdir" sərlövhəli məqalədə qeyd olunur ki, ölkə rəhbərliyinin işsizliyin azaldığı baradəki pafoslu məlumatına baxmayaraq, bu sahədə acınacaqlı vəziyyət mövcuddur, işsizlik azalmaq əvəzinə, getdikcə artmaqdadır. Ölkədəki gənclərin 75 faizi işsizdir.

Bütün bu artan narazılıqlar fonunda ölkəni etiraz aksiyalarının bürüməsi Ermənistanı daha dərin uçuruma yuvarlanmasını bir daha təsdiqləyir.

A.SƏMƏDOVA

Digər xəbərlər