Leyla Yunus "qrant kraliçasına" Emin Hüseynli isə "qrant kralına" çevrilmiş siyasət alverçilərinə dönüblər
Ölkəmizdə mövcud olan bəzi QHT-lərin siyasiləşərək, daha çox milli və dövləti maraqlarına qarşı çıxış etmələri, eləcə də bu maraqları şəxsi maraqlarına qurban vermələri yeni iddia, yeni məsələ deyil. Belə QHT-lər söz yox ki, qeyri-şəffaf fəaliyyət göstərmələri ilə yanaşı, Azərbaycanın müvafiq qanunvericiliyinin tələblərini ciddi çəkildə pozur, ilk olaraq, milli təhlükəsizliyimizə qarşı təhdidlərlə çıxış etməyə cəhd göstərirlər. Əslində, son dövrlərdə bu sektorda üzə çıxan təkzibolunmaz məsələlər kifayət qədər sübut edir ki, normal düşüncəli, eləcə də bu kimi ucuz məqsədlərə uymayan Azərbaycan cəmiyyəti onun əleyhinə fəaliyyət göstərən hər hansı təşkilatı zamanında ifşa etməlidir. Belə təşkilatlara Leyla Yunusun "Demokratiya İnstitutu"nu, Emin Hüseynlinin RATİ adlı təşkilatını, NİDA hərəkatını, eləcə də digər bu tipli QHT-ləri aid etmək mümkündür.
Aparılan çoxsaylı araşdırmalar da göstərir ki, xarici qurumlar və donorların əksəriyyəti Azərbaycandakı QHT sektoruna qrantları heç də inkişaf məqsədləri, yaxud da humanizm, sosialyönümlü prinsiplərinə əsaslanaraq ayırmırlar. Ya da ki, xarici donor təşkilatlar müəyyən qaranlıq məqsədləri üçün ayırdıqları qrantların çox az və cüzi hissəsini "kamifulyaj" olunmaq məqsədilə guya həmin məsələlərə həsr edirlər ki, ictimaiyyəti əsil fəaliyyət məqsədlərindən yayındırsınlar. Halbuki indiyə qədər xarici donorlar tərəfindən ölkəmizə ayrılan qrantları istiqamət və mövzular üzrə təsnif etsək, bir daha sübut edilmiş olur ki, bu donorların məqsədi cəmiyyətimizdə "qaşınmayan yerdən qan çıxarmaq", psevdoproblemləri qaldırıb bununla dövlətə təzyiq etmək və milli maraqlarımıza zərbə vurmağa yönəlmiş dividendlər, rıçaqlar əldə etməyə çalışmaqdır. Əslində isə belələrini maraqlandıran odur ki, ölkəmizə təzyiqləri artırmaq üçün siyasiləşmiş QHT-lər Azərbaycanda guya çoxlu sayda problemlər olduğu barədə həqiqətlərə uyğun olmayan hesabat və donoslar hazırlayıb, onlara ötürsünlər. Və söz yox ki, məhz bu cür məkrə hesablanmış fəaliyyətin nəticəsi olaraq bir sıra xarici qurumlar ölkəmizlə bağlı qərəzli hesabatlar yayırlar. Belə ki, həmin xarici donorların sifarişlərini yerinə yetirən çuğulçu və qranta görə hər şeyə hazır olan QHT-lərin fəaliyyəti hesabına daimi olaraq Azərbaycandan xaricə hesabatlar göndərilir. Məsələn, ABŞ Dövlət Departamentinin hesabatlarında, həmçinin, Qərb təşkilatlarının yazdıqları hesabatlarda da mənbəyi göstərilməyən donoslardan istifadə olunur. Qeyd etdik ki, əslində bu cür qərəzli informasiyaların mənbəyi bəllidir - xarici donorların istənilən sifarişini qrant müqabilində yerinə yetirməyə hazır olan, milli, dövlət maraqlarına qarşı çıxış edən xəyanətkar QHT-lər.
Yuxarıda qeyd etdiyimiz kimi, yəni buna misal kimi daha çox canfəşanlıq edən təşkilatlardan RATİ sədri Emin Hüseynlini göstərmək mümkündür. Belə ki, o, indiyə qədər xarici təşkilatlardan, daha dəqiqi, ABŞ-ın NED təşkilatı, Avropa Komissiyası, "The Northern Trust Company" və başqa xarici qurumlardan 1 milyon 41 min dollar miqdarında pul əldə edib. Və əbəs yerə deyil ki, RATİ-nin ofisi Azərbaycan dövlətçiliyi və milli maraqları əleyhinə davamlı tədbirlərin keçirildiyi məkan təsiri bağışlamaqdadır. Məsələn, xatırladaq ki, hələ ölkədə "Eurovision"un keçirildiyi ərəfədə RATİ və digər xarici qrant naminə ölkə maraqlarını satmağa hazır olan QHT-lər "Demokratiya naminə oxu" adı altında Azərbaycanda ancaq mənfi məsələləri qabardan, şişirdən və bizi sanki problemlərdən ibarət, geridə qalmış ölkə kimi xarici qonaqlara, jurnalistlərə təqdim edən layihə həyata keçirirdi. Bu layihə də qeyri-şəffaf və məbləği, hesabatlılığı cəmiyyətə açıqlanmadan həyata keçirilirdi. İndi isə E.Hüseynlinin təkcə bir xarici donordan ümumilikdə bir milyondan artıq qrantlar alması faktı bu adamın nə qədər anti-Azərbaycan layihələrinə imza atdığı və nə qədər qeyri-şəffaf qrantların "üstündən su içdiyi" barədə təsəvvürlər yaradır.
Söz yox ki, burada Leyla Yunusun da satqınçılıq və xəyanətlərlə dolu olan fəaliyyəti danılmazdır. "Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda Cəmiyyəti" adlı QHT 357 min manatlıq qrant alıb. Leyla Yunus NED, German Marşall Fondu, "Freedom House" təşkilatı, Ədalət və Təhsil Fondu, Britaniyanın "Article 19" təşkilatı, Kanadanın Türkiyədəki səfirliyi, ATƏT-in Bakı ofisindən külli miqdarda qrantlar alıb. Məhz bu cür xarici qrantlar onun Azərbaycana münasibətini və fəaliyyətini yönləndirdiyi üçün bu şəxs ölkədəki seçkilər, insan haqları haqqında qərəzli hesabatlar göndərir. Fikir verilsə, onun qrant aldığı təşkilatların, məsələn, "Freedom House" kimi qurumların Azərbaycana qarşı qərəzli münasibəti ilə bu xanımın yaşadığı ölkəyə münasibəti üst-üstə düşür. L.Yunus o qədər anti-Azərbaycan istiqamətli qrtantlara susayıb və o qədər onlardan qidalanıb ki, hər məqamda Azərbaycan əleyhinə fəaliyyət göstərməkdən, münasibət bildirməkdən əl çəkə bilmir. O, hətta bir neçə il öncə şəhərin mərkəzindəki köhnə evlərin sökülməsi və sakinlərin köçürülməsi kimi ən inkişaf etmiş, yeniləşən şəhərlərdə aparılan adi prosesi belə siyasiləşdirməyə, bununla bağlı "insan haqlarının pozulduğu barədə" dünyaya car çəkməyə çalışırdı... Çünki bu məsələdə onun əlinə yeni qrantlar və "donoslar" üçün bir fürsət düşmüşdü...
Bu zaman sual yaranır: nə vaxta qədər belə ucuz fərdlər hələ də öz məkrli planlarını həyata keçirməkdə davam edəcəklər? Axı belə olayların qanunla qarşısı alınmalıdır. Belə ki, müvafiq strukturlar, hüquq-mühafizə orqanları bu cür QHT-lərin fəaliyyəti ilə nizamnamə müddəaları arasındakı uyğunsuzluqların olub-olmamasını, onların fəaliyyətində milli təhlükəsizlik üçün təhdidlər olub-olmamasını yoxlaya bilərlər. Əgər onların fəaliyyətində milli təhlükəsizliklə bağlı hər hansı təhdidlər olarsa, onlar haqqında məhkəmələrdə qərar çıxarıla bilər. Əlbəttə ki, bu cür hallar cəmiyyət tərəfindən də ən sərt şəkildə qınanmalıdır. Beləliklə, əgər kimsə buna uyğun fəaliyyət göstərmirsə, qanunları pozursa, hansı sektorda olmasından asılı olmayaraq onun belə fəaliyyətinin qarşısı alınmalıdır. Daha imkan verilməməlidir ki, yaydıqları saxta hesabatları, ötürdükləri yalançı donosları ilə Leyla Yunuslar "qrant kraliçasına" Emin Hüseynlilər isə "qrant kralına"na çevrilsinlər. Çünki belə siyasi alverçilərin qarşısı zamanında alınmasa, onlara bənzərlər də arta bilər. Ona görə də hələ ki, gec deyil.
Rövşən RƏSULOV