Deyirəm bu müxalifət heç düz-əməlli iş görmür. Pul verməyən, partiyadan istefa verənləri dərhal hədəfə alıb, onları top atəşinə tuturlar. Bu baxımdan, onlarda insaf-zad olmadığını demək olar. Dünənə qədər az qala AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər və digərləri ACP-nin keçmiş lideri Rəsul Quliyevin az qala ətəyindən öpməyə hazır idilərsə, bu gün nəinki onun ətəyini, ümumilikdə vücudunun iyləndiyini bildirib, ACP lideri haqqında söyüş və təhqirlər səsləndirirlər. Nədi-nədi deyib ki, AXCP və Müsavat funksionerlərinin əli hansısa xarici maraqlı qüvvələrin cibindədir. Sonra da qayıdıb deyib ki, Ə.Kərimli və İ.Qəmbər partiya sədrliyindən getməsələr, müxalifət düzələn deyil. Məsələyə məntiqlə yanaşanda, R.Quliyevin fikirlərində həqiq olduğunu demək olar. Baxmayaraq ki, əslinə qalanda R.Quliyevin özü də əlləm-qəlləm məxluqlardandır. Bunun üçün araşdırmaya və ya prosesləri təhlil etməyə ehtiyac yoxdur. Ən azı müxalifətin təbliğat maşını olan "Yeni Müsavat" və "Azadlıq" qəzetlərinin səhifələrinə nəzər yetirməklə, R.Quliyevin düz-əməlli məxluq olmadığını görmək olar. Dəfələrlə sözügedən qəzetlər R.Quliyevi sakit, təhlükəsiz yerdə oturub Azərbaycan müxalifətinə ağıl öyrətməkdə günahlandırıblar. Onu da yazıblar ki, R.Quliyev Azərbaycanın yeraltı-yerüstü sərvətlərini talan edib, xaricə qaçdıqdan sonra özünə geniş biznes şəbəkəsi qurub. Qəzetlərin iddiasına görə, R.Quliyev Braziliyanın neft sənayesinə 300 milyon, ABŞ-ın Nyu-York şəhərində toxuculuq sahəsinə 100 milyon dollara yaxın investisiya qoyub. "Yeni Müsavat" qəzeti R.Quliyevin Fransada da obyektlərinin olduğunu qeyd etmişdir. Təbii ki, əldə olunan bu vəsaitlərin toplanma mənbəyi Azərbaycandır. Məhz oğurluq və talançılıq yolu ilə əldə olunan vəsaitlər hesabına R.Quliyev xaricdə özünə cah-calal qurub. Haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi qaldırılsa da, R.Quliyev Bakıya gəlməkdən imtina edib. Yəni qaçaq-quldura dönüb, yaşam həyatını xaricdə keçirməyə üstünlük verir.
Ümumi maraqlar rəqibləri düşmənə çevirib
R.Quliyev etdiyi əlləm-qəlləm əməllərə görə, bu gün də olmasa, sabah cavab verəcəyi şübhəsizdir. Sual doğuran məqam isə R.Quliyevdən müəyyən fəaliyyətlərinə görə heç də geri qalmayan hazırkı Azərbaycan müxalifətinin cəzadan kənarda qalmalarıdır. Çünki Müsavat başqanı İ.Qəmbər 2003-cü il 15-16 oktyabr iğtişaşlarının müəlliflərindən olub. Dəfələrlə o, Gürcüstanda Ermənistan müxalifətinin liderlərindən olan Stepan Dəmirçiyanla görüşüb hələ də tam aydınlaşmayan məsələlərlə bağlı razılaşmalar əldə edib. Eləcə də AXCP sədri Ə.Kərimli 2005-ci il 26 noyabr "Qələbə" meydanında keçirilən aksiya zamanı polislə qarşıdurmanın yaradılmasının təmsilçilərindən olub. Eyni zamanda, hər iki şəxs bir neçə dəfə, o cümlədən, İsmayıllı və Nardaran hadisələrinin təşkilatçılarından olublar. Bu baxımdan, dağıdıcı müxalifət yetkililəri də cəzasız qala bilməzlər. Hələlik isə, maraqlarını bölüşə bilməyən dağıdıcı müxalifət ünsürləri aralarında yazılması etik qaydalara sığmayan söyüş və təhqirlərlə siyasi palitrada yer tutmaqdadırlar. Bir neçə gün əvvəl isə İ.Qəmbər və Ə.Kərimli gözlənilmədən bir araya gələrək, ümumi rəqibləri olan R.Quliyevin "Milli Şura"dakı fəaliyyətinə son qoydular. Yəni loru dildə desək, "Milli Şura"da qüvvələr nisbətinə nəzarət edən Ə.Kərimli və İ.Qəmbər R.Quliyevin mitilini "Şura"dan çölə atdılar. R.Quliyev də hirsini-hikkəsini "axmaqlar və sərsəmlər meydan sulayır" deməklə sakitləşdirməyə çalışdı.
Son olaraq deyiləsi söz ondan ibarətdir ki, didişən və çəkişən müxalifət liderləri hələ çox bir-birləri haqqında çox söyüşlər, təhqirlər səsləndirəcəklər.
İ.ƏLİYEV