"Ola bilər ki, Müsavat hansısa yeni birlikdən danışsın, yeni bir təklif versin. Amma bu təklif yerindəmi verilir? Bax, bu, sual altındadır. Axı müxalifətçi partiyalar hamısı Milli Şuradadır. Müsavatın əlavə təklifi hər kəs də inciklik yaradıb. Ümumi mənafeyə xidmət etmək lazımdır, qərarları zorla qəbul etdirmək istəyi düz deyil. Bu, Milli Şuradakı partiyaların qurumdan da uzaqlaşmasına gətirib çıxara bilər". SİA-nın Milli Şuradakı etibarlı mənbədən əldə etdiyi məlumata görə, bu fikirləri Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib.Partiya sədri KXCP-nin Müsavatın mütəffiqlik təklifinə heç vaxt razılıq verməyəcəyini deyərək bunu Milli Şuranı parçalamaq cəhdi kimi qiymətləndirib: "Müsavatın bu addımı AXCP-də də etirazla qarşılandı, biz də belə bir təklifin reallaşmasının əleyhinəyik. Əvvəldən razılıq olub ki, bir yerdə cəmləşək. Yox, əgər bir qurumu qoyub hər gün bir qurumun dalınca düşürüksə, bu ancaq parçalanma yaradacaq".
sia.az