" "Milli Şura" yarandığı gündən siyasi ziddiyətlər burulğanında çapalayırdı. Bu qurumun perspektivi ona görə görünmürdü ki, orada bir-birinə zidd olan siyasi qüvvələr bir araya gəlmişdi". Bu sözləri SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli Müsavat Partiyasının "Milli Şura"dan rəsmi şəkildə ayrılmasına münasibət bildirərkən deyib.Onun sözlərinə görə, "Milli Şura" və onun dəyişən liderləri əvvəlki siyasətlərini nümayiş etdirdiklərinə görə birmənalı şəkildə Azərbaycan cəmiyyəti tərəfindən qəbul olunmadı: "Qurum və onun dəyişən liderləri heç bir fərqli siyasət irəli sürmədilər".E. Mirzəbəyli vurğulayıb ki, Müsavatın "Milli Şura"dan rəsmi şəkildə ayrılmasına səbəb dominantlığı ələ ala bilməməsidir: "Müsavat ilk günlərdən "Milli Şura"da dominantlığı ələ almağa çalışırdı. Amma gördüyümüz kimi, bu onlara müəssər olmadı. Çünki, AXCP və Müsavat arasında potoloji, qarşılıqlı nifrət onların bir toplumda olmasına imkan yaratmırdı. Bu günə qədər bütün proseslərə diqqət yetirsək, görərik ki, AXCP və Müsavatın təmsil olunduğu bütün qurumlar son nəticədə biyabırçı bir fiyaskoya uğrayır. Müsavat qurumda yer alan digər siyasi partiyalarla da əlaqələrin qurulmasında hər hansı bir irəliləyiş əldə edə bilmədi. Bu baxımdan da getmək barədə qərar verdi. Məsələnin uzun müddət davam etməsi mümkün deyil".Müsavatın qurumdan ayrılmasına səbəb olan digər amil isə ölkəmizdə keçirilən Prezident seçkilərinin beynəlxalq təşkilatlar tərəfindən tanınması və "Milli Şura" adlanan qurumun beynəlxalq ictimaiyyət tərəfindən qeyri-ciddi qurum kimi qəbul olunması oldu. Müsavatı batan gəmini tərk edən gəmiçi misalı ilə müqayisə etmək olardı lakin, "Milli Şura" adlanan qurum çoxdan batıb. Bu da o deməkdir ki, Müsavat suyun dibindən üzə çıxamağa cəhd göstərir"."Milli Şura"nın yalnız seçkilərdə iştirak etmək üçün yaradılan qurum olması ilə bağlı səslənən fikirlərə münasibət bildirən E. Mirzəbəyli söyləyib ki, bu cür fikirlərin səslənməsi bir çıxış yoludur: "İndi bəzi qüvvələr bu cür fikirlər səsləndirirər. Lakin qurum yarananda onun fəaliyyəti seçki ilə məhdudlaşdırılmırdı. Diqqət etsək qurumun Əsasnaməsində daha uzaq hədəflərə hesablanan müddəlar yer almışdı, lakin qurum iflasa uğradıqdan sonra onun seçkiyə hesablanmış bir toplum kimi yaranması barədə fikirlər səsləndirilir. Bu da bir çıxış yoludur. Lakin həqiqətə gəlsək bu layihə xarici qüvvələr tərəfindən yaradılan uğursuz bir layihə idi. Azərbaycan xalqının qətiyyəti sayəsində də layihə bütövlükdə iflasa uğradı. Təbii ki, onlar bunu etiraf edə bilmirlər. Çünki, bunu etiraf etməyə böyük cəsarət lazımdır".
sia.az