Milli Şura sədri Cəmil Həsənlinin "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun telefon zənginə cavab verməməsi qarşı tərəfin qurum sədrini tənqid etməsi ilə nəticələnib. SİA xəbər verir ki, Rauf Arifoğlu bununla bağlı münasibətində Cəmil Həsənlinin qəsdən onun zənginə cavab verilmədiyini iddia edib: "Cəmil Həsənli mən zəng edən vaxt qəbiristanlıqda olub, amma sonra mənə zəng aça, görüşə, danışa bilərdi. Cəmil Həsənli o məsələləri bizə irad tutur ki, onlar əslində bizim işimiz, fəaliyyətimizdir".
Qeyd edək ki, Cəmil Həsənli Müsavat Partiyasını və "Yeni Müsavat" qəzetini hakimiyyətlə iş birliyi qurmaqda, eləcə də Milli Şuranın fəaliyyətini pozmaqda günahlandırıb. Rauf Arifoğlu bu iddianı sona qədər araşdıracaqlarını bildirməklə yanaşı qeyd edib ki, hətta Cəmil Həsənli təşəbbüs göztərməsə belə, onlar öz tərəflərindən təşəbbüs göstərəcəklər: "O, təşəbbüs göstərmədi, inşallah, qismət olsa, biz təşəbbüs göstərib, onunla görüşərik. Gözləyirdik ki, təşəbbüsü o göstərəcək, tərəfləri, didişənləri, çəkişənləri, ittiham edənləri sakitləşdirməyə çalışacaq. Amma özü bu prosesə qoşulduğu üçün gərək artıq təşəbbüs biz tərəfdən gəlsin. Münasib bildiyimiz vaxtda Cəmil Həsənliyə yenə zəng edəcəyik. Yas yerində, yaxud başqa bir yerdə olmasa, yəqin, bu dəfə zəngimizə cavab verər".
Baş redaktor eyni zamanda sual edib ki, AXCP və Milli Şura hansı mexanizmlə özlərini haqlı çıxarırlar: "…Mənim üçün maraqlıdır ki, onlar hansı mexanizmlə özlərini haqlı çıxarırlar? Onların bəzilərinin çıxışları, videoları, iqtidar haqqında tərifləri, eyni zamanda müxalifət haqqında söyüşləri, təhqirləri yayılır. Bizim tərcümeyi-halımızda isə hakimiyyətə münasibətdə bir cümlə belə liberal tərif yoxdur. Bu sözlər birbaşa Rüstəm İbrahimbəyov və bizi hakimiyyətə işləməkdə suçlayan digərlərinə aiddir. Cəmil Həsənliyə də təklif edərdim ki, bu ifadələri işlədərkən yan-yörəsinə, ətrafına diqqətlə baxsın".
sia.az