"Davos İqtisadi Forum çərçivəsində aparılan qeyri-formal müzakirələr gələcəkdə bir çox məsələlərin həllini müəyyənləşdirir". Bu sözləri SİA-ya politoloq Rasim Musabəyov forumun əhəmiyyətindən danışarkən deyib.Onun sözlərinə görə, forum həm siyasi, həm də iqtisadi əhəmiyyətə malikdir: "Davos forumuna dünyanın ən tanınmış iqtisadçıları, ekspertləri, iş adamları, maliyyəçilərlə yanaşı, həm də siyasətçilər toplaşırlar. Bu da o deməkdir ki, forum həm siyasi, həm də iqtisadi əhəmiyyətə malikdir".Prezident İlham Əliyevin forumda iştirakını xatırladan politoloqun fikrincə, dövlət başçısının bu forumda iştirak etməsi və orada bir çox ikitərəfli görüşlər keçirməsi məlumatlanmaq baxımından Azərbaycan üçün faydalıdır. Təbii ki, hər bir görüşdən konkret qazanc axtarmaq da yanlışdır. Lakin bizim çox böyük layihələrimiz var ki, onların beynəlxalq banklar vasitəsilə maliyyələşdirilməsi vacibdir. Bu görüşlər də həm Azərbaycanın ölkə kimi kredit reytinqini, həm də bir çox layihələrin reallaşması imkanını artırır. Bundan əlavə, görüşlərdə siyasi məsələlər də müzakirə olunur ki, onların da ölkəmiz üçün böyük faydası var. Buna misal ölkə başçısının forum çərçivəsində İsrailin prezidenti Şimon Perezle görüşməsidir. Belə ki, bu görüşdə Yaxın Şərqlə bağlı vəziyyət müzakirə olunub. Bu məsələlər Azərbaycan prezidenti üçün vacib və maraqlıdır. Həmçinin digər görüşlərdə də müzakirə olunan məsələlərin hər biri ayrılıqda mühüm və lazımlıdır. Bu elə bir forumdur ki, onun çərçivəsində keçirilən görüşlərdən hər hansı bir qazanc əldə edilmir. Orada həyata keçirilən müzakirələr zaman-zaman nəticəsini verməyə başlayır".
sia.az