"Azərbaycanın daxili vəziyyəti Dağlıq Qarabağ müharibəsinə uyğunlaşdırılmalıdır". SİA-nın məlumatına gör, bu sözləri Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu ilk növbədə məmurların davranışına aiddir: "Məmurlarımızın davranışında paradoksal vəziyyətlər yaranıb. Eyni hökumətə, eyni Prezidentə tabe olan müxtəlif nazirliklər müxtəlif istiqamətli hərəkətlər edirlər. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi uğurlu nəticələrə əldə edib, ermənilərə ciddi zərbə vurub, eyni zamanda gəlirlə işlədiyinə görə ölkədaxili rabitə tariflərini də aşağı salıb. Yaxşı olardı ki, Nəqliyyat Nazirliyi Mehri dəmiryolunun Azərbaycanın mülkiyyəti olmasını dünya ictimaiyyətinə çatdırılması məsələsini gündəmə gətirsin. SOCAR Azərbaycan brendidir. Onun fəaliyyəti də qüsursuz olmalıdır ki, kənardan heç bir qüsur tutulmasın. Azərbaycan cəmiyyəti Dağlıq Qarabağ müharibəsi real qəbul olunmalıdır. Cəmiyyət buna hazırdır. Məmurlar birmənalı düşüməlidirlər ki, müharibə qapıdadır və hər birimiz ona hazır olmalıyıq".
Politoloq Ermənistan diplomatlarının yalan danışması məsələsinə də toxunub. O bildirib ki, vəziyyət elə həddə çatıb ki, erməni diplomatları hətta diplomatlar içərisində yalan danışmaqdan çəkinmirlər: "Bu, təkcə Erməni diplomatlarının həyasızlığının və düşüncə korluğunun nəticəsi deyil. Erməni diplomatları buna vərdiş ediblər. Belə ki, heç vaxt ermənilərin ən aşkar yalanları da digər diplomatlar tərəfindən təkzib olunmayıb. ATƏT-in İsveçrənin sədrliyinə həsr olunmuş iclasında Ermənistanın ATƏT-dəki səfiri, Ermənistan xarici işlər nazirinin keçmiş müavini A. Kirakosyan ağlagəlməz fikirlər səsləndirdi. İsveçrə üçün "tarix" Dağlıq Qarabağ münaqişəsinin tarixindən ibarətdir. İsveçrənin ATƏT-ə sədrliyi digər sədrliklərdən fərqli olacaqdır; beynəlxalq vasitəçilik imici olan dövlətdir. O, eləcə də Ermənistanla Türkiyə arasında vasitəçilik edib, "erməni məsələsi"nə bələddir. Sürix protokolları göz qabağındadır. Sədrliyə başlamazdan əvvəl İsveçrə Ermənistan rəsmiləri ilə geniş dialoq apardı. ATƏT sədri olan İsveçrə Rusiya faktorundan qorxmur".
sia.az