PDF Oxu

Müxalifət

  • 23

Artan xətlə davam edən AXCP-Müsavat çarpışması

Artan xətlə davam edən AXCP-Müsavat çarpışması

Ortada köhnə ssenari, tanış ittihamlar və dəyişilməyən antipatik hisslər görünməkdədir

AXCP-Müsavat qarşıdurması yüksələn xətlə davam edir, davam etdikcə də qarşı tərəflərin bir-birinə tərəf hazırladıqları başlıca plan və təfərrüatları üzə çıxır. Artıq sözügedən olaylardan bəlli olmağa başlayıb ki, AXCP sədri Əli Kərimi İsa Qəmbərə qarşı köhnəlmiş variantlı savaş metodları ilə deyil, yeni mübarizə üsullu planını reallaşdırmağa hazırlaşır. Daha dəqiq desək, hazırkı savaş daha öncəki savaşlardan elə də ciddi fərq təşkil etmir. Çünki ortada köhnə ssenari, tanış ittihamlar və dəyişilməyən antipatik hisslər görünməkdədir.

Eyni zamanda hazırkı mərhələdə görünən də budur ki, AXCP sədri Əli Kərimli "Milli Şura"nın koordinasiya şurasına seçki prosesində aktivlik nümayiş etdirdi. Bununla da "şura"dakı rəqiblərinin, daha dəqiqi, düşmənlərinin uğursuzluğunu təmin etmiş oldu. Lakin müəyyən məsələlərə münasibətdə demək olar ki, Əli Kərimli çox passiv şəkildə nəzərə çarpmış oldu. Bu da yayılan şübhələrin əsaslı olması anlamını ortaya qoydu. AXCP sədrinin dörd ildir rəsmi şəkildə bəyan etdiyi birlik təklifinin Müsavat başqanı tərəfindən dəyərləndirilməməsi onu yeni qrantlardan məhrum etdi. Xatırladaq ki, "cəbhəçilər" hələ 2010-cu ildə qurultaylarını keçirdilər. Ali forumda Müsavatla birgə rəsmi birlik barədə qərar da qəbul etdilər. Lakin İsa Qəmbər bu məsələdə ilk təklifi özü irəli sürsə də, Əli Kərimlinin təşəbbüsünü yarımçıq qoyaraq, onu tərəfdaşları qarşısında çıxılmaz vəziyyətə saldı. Toxunduğumuz faktorlar AXCP sədrinin narazılığına səbəb oldu. Bununla bağlı müşahidələr göstərir ki, AXCP rəhbərinin növbəti hədəfi məhz İsa Qəmbərdir. İsa Qəmbərlə birlik məsələsini razılaşdıra bilməyən AXCP sədri Müsavat başqanıyla birlikdə çalışdıqları qurumu tam ələ keçirməyə çalışsa da, buna da müvəffəq olmadı. AXCP rəhbərinin bu uğursuzluğu da onun siyasi karyerasındakı qara ləkələrdən biridir. Müsavat başqanı birlik oyunu ilə göstərdi ki, o, Əli Kərimlini aldatmağı bacarır. Nəticədə AXCP sədrinin İsa Qəmbərə qarşı siyasi gedişləri hər iki tərəf üçün itkilərlə müşayiət olundu.

Bütün bunlardan sonra Əli Kərimlinin İsa Qəmbərə qarşı elan olunmamış müharibəsinə bu günlərdə az da olsa fasilə verildi. "AXCP mübarizəni davam etdirməkdən qorxmur. Çünki haqlı olduğumuza nə bizim şübhəmiz var, nə də cəmiyyətin". Bunu AXCP sədrinin müavini Nurəddin Məmmədli Müsavatla təmsil olunduğu partiya arasında "Milli Şura" ilə bağlı yaranan gərginlik haqda danışarkən dedi. Nurəddin Məmmədli bildirib ki, "Milli Şura" ətrafında baş verənlərlə bağlı bütün detallar cəmiyyətə artıq aydın olduğundan AXCP rəyasət heyətinin ötən gün keçirilən yığıncağında bu məsələyə dair mübahisələrə qoşulmamaq haqda razılığa gəlinib: "Razılaşdıq ki, vaxtımızı bu cür əhəmiyyətsiz hesab etdiyimiz məsələyə yönəltməyək. Ona görə də rəyasət heyətinin iclasında bu konfliktə son qoyulması haqqında razılıq oldu".

Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı da bununla bağlı cəmiyyətə məlumat verdiyini də söyləyib: "Bu mövqeyimizə rəğmən "Yeni Müsavat" qəzeti bunu AXCP-nin məğlubiyyəti, qorxub geri çəkilməsi kimi təqdim edib. Ona görə də həmin quruma xəbərdarlıq edirik. AXCP-nin Müsavat və "Yeni Musavat" qəzeti ilə "Milli Şura" ətrafında baş verənlərə görə, davam edən münaqişəyə son qoymaqla bağlı xeyirxah addımına qəzet aqressiv və yalan tonda reaksiya verib. Guya AXCP bu mübarizədə məğlub olduğuna və qorxduğuna görə geri çəkilib. Əslində atdığımız addım artıq cəmiyyətin bu olaylar haqqında hər şeyi bildiyinə və qarşımızda daha aktual vəzifələrimizin olmasıyla əlaqədardır. "Yeni Müsavat" bu cür ritorikanı davam etdirərsə, sərçə ovlamaqda davam edəcəyik".

Göründüyü kimi, AXCP-Müsavat qarşıdurması bu ərəfələrdə daha da şiddətlənməyə doğru inkişaf etməkdədir və bu inkişaf, əslində köhnəlmiş ənənəvi müxalifətin tənəzzülü anlamını təsdiq edir.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər