"Yeni Müsavat" qəzetinin baş redkatoru rəhbərlik etdiyi mətbu orqana verdiyi müsahibəsində AXCP sədri Əli Kərimliyə qarşı növbəti ittihamlarla çıxış edib. SİA-nın məlumatına görə, baş redaktor Cəbhə sədri Əli Kərimlini Azərbaycan müxalifətinin böhranlı vəziyyətə salınmasında əsas baiskar kimi gördüyünü vurğulayıb: "Əli Kərimli davranışı ilə Azərbaycan müxalifətini böhran vəziyyətinə saldı, elektorat arasında dərin parçalanma vəziyyəti yaratdı; bundan belə sussa da, susmasa da bir şey dəyişməyəcək. Bütün bunların hamısının baiskarı Əli Kərimlidir. Məhz onun siyasəti nəticəsində Milli Şura adlanan kövrək qurum darmadağın oldu".
Milli Şuradan istefa verənlərin də kökündə Əli Kərimli faktorunun olduğunu iddia edən Rauf Arifoğlu qeyd edib ki, bu gün hələ də adıçəkilən qurumda olanların istefa vermək istəməmələri arxasında Əli Kərimlinin şantaj xofu dayanıb: "Artıq Eldar Namazov və EL hərəkatı da orada təmsil olunmur. Müsavat Partiyası, ALP, Rəsul Quliyev təmsil olunmur. Mən ən azı iki böyük qüvvənin Milli Şuradan faktiki olaraq getdiyi haqqında özləri ilə söhbət eləmişəm. Lakin insanlar deyir ki, Əli Kərimlinin şantaj və böhtanından qorxub indiki anda çəkilməyi elan eləməyə risk etmirlər. Görün, bu adam necə bir mühit yaradıb ki, ayrı-ayrı siyasi qüvvələr, fərdlər, vətəndaşlar ona qarşı hansısa bir addım atmağa çəkinirlər və mənəvi terror mühitindən narahat olurlar. Bu terror mühitini biz darmadağın etdik. Hər kəsə göstərdik ki, bunlara qarşı getmək də, dərsini vermək də, ifşa etmək də olar".
sia.az