Əflan İbrahimov: "Eldar Namazovun xaricdən partiya üçün gətirdiyi bayraq və qısaqol köynəkləri gömrükdə saxlanmışdı"
"Hələ biz Milli Şurada olanda Eldar Namazov mənə demişdi ki, gələcəkdə partiya yaradıb onun Soros Fondundan və ABŞ-dan maliyyələşməsini təmin edəcək. Təsadüfi deyil ki, "EL" Hərəkatının partiyaya çevirmək niyyəti məhz onun ABŞ səfiri ilə görüşündən sonra gündəmə gəldi. Halbuki, həqiqi "EL" Hərəkatı Partiyası qurultayını keçirərək artıq qeydiyyat üçün müvafiq dövlət orqanına çoxdandır ki, müraciət edib". Bu fikirləri SİA-ya açıqlamasında "EL" Hərəkatı Partiyasının sədri Əflan İbrahimov bildirib.Partiya sədri qeyd edib ki, E.Namazovun seçkidəki məğlubiyyətindən sonra onun partiya yaratmaq ideyası işə düşməli idi: "Onun ABŞ səfiri ilə görüşdən dərhal sonra partiya yaratmaq ideyasını bəyan eləməsi təsadüfi deyil. Əgər E.Namazovun güvəndiyi bəzi Qərb təşkilatları ona razılıq verməsə idilər, o partiya yaratmaq ideyasını ortaya ata bilməzdi. Ancaq E.Namazov bilməlidir ki, ABŞ, eləcə də ona bu işdə "demokratiyaya dəstək" pərdəsi adı altında yardımçı olan qüvvələr onu sonda həmişəki kimi tək qoyacaqlar, xəncəri düz onun kürəyinin ortasından vuracaqlar. Ona verilən dəstək təsadüfi deyil. Azərbaycana məhz E.Namazovun partiyası üçün keçirilən bayraqlar və qısaqol köynəklər gömrükdə saxlanmışdı. Bu adam öz çirkin niyyətini həyata keçirmək üçün düşmənlərimizlə də əməkdaşlığa hazırdır. Ona sual vermək lazımdır ki, nə üçün partiyasının bayrağını və köynəklərini xaricdən gətirirdi? Hansı maliyyə hesabına o bayraqlar və köynəklər hazırlanmışdı? Görürsüz ki, onun fəaliyyətində heç bir şəffaflıq yoxdur".
sia.az