PDF Oxu

Müxalifət

  • 13

Satılmış müxalif qüvvələr

Satılmış müxalif qüvvələr

Onlara Azərbaycan siyasətində yer yoxdur

Müxalif düşərgənin radikal qütbünün xarici təzyiq qruplarının təsiri altında olması və anti-Azərbaycan mövqeli müəyyən dairələr tərəfindən maliyyələşdirilməsi çoxdan bəllidir. Bu, artıq heç kəsə sirr deyil. Radikal düşərgədə yer alan müxalif qüvvələrin daha çox ölkə xaricində özünə dəstək axtarması da məhz bununla bağlıdır. Ötən prezident seçkiləri ərəfəsində məhz kənar təsirlər, məkrli niyyətlər çərçivəsində formalaşdırılan "Milli Şura"ya müxtəlif mənbələrdən 22 milyon manatdan çox vəsaitin daxil olması deyilənlərə əyani misaldır. O da bəllidir ki, bütün qarşılıqlı ittihamlara rəğmən, ötən ilin yazında yaradılan "Milli Şura"nın 6-7 ay keçməmiş parçalanması bilavasitə korporativ maliyyə maraqlarının toqquşması fonunda baş verib. Lakin bu dağıdıcı, destruktiv qüvvələr ölkə daxilində özlərini siyasi cəhətdən tükəndirdikləri kimi, ölkə xaricində də etimadı çoxdan itiriblər.

Məsələnin maraq doğuran tərəflərindən biri ondan ibarətdir ki, indi xaricdə də radikal müxalifəti, ümumiiyyətlə, saya salan, eşidən yoxdur. Obrazlı şəkildə deyilsə, heç kəs onların üzünə belə baxmaq istəmir. Çünki destruktiv düşərgənin üzdə olan simalarının, məsələn, elə AXCP sədri Əli Kərimlinin etiraf etdiyi kimi, hamını həmişə aldatmaq mümkün deyil. Necə ki, Müsavat başqanı İsa Qəmbər KXCP sədri Mirmahmud Mirəlioğlunu artıq heç cür aldada bilmir. Eləcə də Ə.Kərimli artıq kimisə aldadıb siyasi diletantlığa sövq etmək, başqalarının ümidlərini, arzularını öz maraqları naminə xərcləmək iqtidarında deyil. Onların "yeni lider"lərinin xaricdə, sadəcə, adı heç kəsə bəlli olmayan təsadüfi qurumlar, bəzi qeyri-hökumət təşkilatları səviyyəsində qəbul olunması deyilənlərin əyani təsdiqidir.

Diqqəti çəkən odur ki, onlar satmağa, satılmağa, yalan danışmağa artıq öyrəşiblər və bunu adi hal, davranış norması kimi qəbul edirlər. Bu mənada onların təmsilçisi Cəmil Həsənlinin vaxtaşırı Avropaya, Amerikaya üz tutmasının heç bir praktik əhəmiyyəti yoxdur. Digər tərəfdən, bəllidir ki, müxtəlif Qərb ölkələrinə səfərlər, orada keçirilən görüşlər, tədbirlər kifayət qədər baha başa gəlir və ciddi maliyyə vəsaiti tələb edir. Elə isə təqaüdçü olan C.Həsənli bu vəsaiti haradan alır və görüşlər, tədbirlər adıyla sağa-sola xərclədiyi maliyyəni kimin, nəyin hesabına əldə edir? İstənilən halda "Milli Şura"nın rəhbəri sayılan C.Həsənlinin ABŞ-da kimlərlə görüş keçirməsi bəllidir və o, ən yaxşı halda, sabiq konqresmenlərdən biri, ya da ABŞ-ın orta statistik məmurunun "müavininin yardımçısının mirzəsi" ilə görüşə bilir.

Radikal müxalifətin özünə də bəllidir ki, istər ölkə daxilində, istərsə də üz tutduqları və havadar axtardıqları Qərb ölkələrində onlara münasibət kifayət qədər mənfidir. Bu neqativ münasibəti və inamsızlığı isə onlar öz fəaliyyətləri ilə qazanıblar. Burada əsas səbəb odur ki, müxalifət artıq yeni dövrlə ayaqlaşa, müsbət təşəbbüslərlə çıxış edə, ümummilli mənafelərin, dövlətçilik maraqlarının ifadəçisi ola bilmir. Bu isə müxalifətin zəifləməsini, sıradan çıxmasını şərtləndirən əsas amillərdən biridir. Faktiki olaraq, destruktiv düşərgə antimilli dairələrə yarınmaqdan, dövlətçilik maraqlarına zərbə vurmaqdan başqa heç nəyə yaramır. Yəni onlar opponentlik xatirinə müxalifətçilik etməyə, ağa qara deməyə, sadəcə, öyrəşiblər. Bu, müxalifəti getdikcə zəiflədən, sıradan çıxaran başlıca amilə çevrilib. Təbii ki, zəif olan, quruculuğa deyil, dağıdıcılığa, destruktivliyə meyil edən qüvvələr heç bir halda ciddi qəbul edilmir, belələri ilə əksər hallarda hesablaşmırlar. Çünki şikayət etməkdən, dezinformasiya xarakterli danoslar ötürməkdən, boş, mənasız hay-küy qoparmaqdan, absurd ittihamlar səsləndirməkdən başqa heç nəyə yaramırlar.

Əgər əvvəllər xaricdən gələn müəyyən siyasilər arada müxalifət liderləri ilə də görüşürdülərsə, son illərdə hər hansı belə bir görüşün baş verməsini kimsə xatırlamır. Bu, o deməkdir ki, radikal müxalifəti kimsə real, ciddi siyasi qüvvə kimi qəbul etmir. Əksinə, bu düşərgəyə daxil olan partiyaların sədrləri vaxtaşırı xarici ölkələrin səfirlərinin qəbulunda növbə gözləməyi adətə çeviriblər.

Çünki artıq onlar real, alternativ qüvvə kimi dəyərləndirilmir. Ən yaxşı halda onlara ucuz bazarlığa, satmağa, təkrar satılmağa hazır marionet qüvvələr kimi yanaşılır. Artıq xaricdə çox yaxşı başa düşürlər ki, Azərbaycanda alternativ qüvvələr axtarmaq əbəsdir. Ona görə də əksər hallarda müxalifət və onların liderləri yada düşmür. Müxalifət isə bunun müqabilində xaricə səfər edəndə, ya istefada olan keçmiş siyasilərlə, ya da hansısa araşdırma fondları səviyyəsində görüşlər, toplantılar keçirməklə varlığını nümayiş etdirməyə, özünə və illüziyalardan qopub ayıla bilməyən məhdud elektoratına təsəlli verməyə çalışır.

Bütün bunların müqabilində destruktiv, bir neçə qütbə parçalanmış radikal müxalifətin siyasi iflası, siyasətdə tam aşınmış, çıxdaş olunmuş vəziyyətə düşməsi göz önündədir. Artıq hər kəs görür və bilir ki, Azərbaycanda köhnəlmiş, bir neçə yerə satılmış müxalifət adlananlar heç bir işə gərək deyillər. Bu səbəbdən onlara Azərbaycan siyasətində qətiyyən yer yoxdur.

NAİB

Digər xəbərlər