PDF Oxu

Müxalifət

  • 10

AXCP-də sədr-müşavir qalmaqalı

AXCP-də sədr-müşavir qalmaqalı

Məlum olduğu kimi, AXCP sədri Əli Kərimli öz xanım müşaviri Zərifə Məhəddinovanı vəzifəsindən azad edib. Belə ki, partiyanın mətbuat xidməti Zərifə Məhəddinovanın müşavir vəzifəsindən azad edilməsi haqda qısa informasiya yayıb və əsas səbəbləri göstərməyib. SİA-nın məlumatına görə, Cəbhə sədrinin keçmiş müşaviri "Yeni Müsavat"a verdiyi müsahibəsində bildirib ki, bu, onun üçün gözlənilməz deyildi və vəzifəsindən kənarlaşdırılacağını xeyil zaman idi ki, gözləyirdi: "…Gözlənilməz bir şey olmayıb, mənim üçün. Amma kefimi soruşursunuzsa, əlayam, yaxşıyam."

Keçmiş müşavir özünün də istefa verə biləcəyini bildirib lakin nəyə görə bunu addıma getmədiyini ona yönələ biləcək haqsız ittiham ehtimalları ilə əlaqələndirib: "Yəni mən istefa da verə bilərdim, özü də neçə aylar bundan qabaq. Bilirdim istefa versəm, yazacaqdılar ki, hə, bu da satıldı, getdi hökumətə işləməyə. 5 milyon aldı, 3 milyon aldı. Ona görə də, dözdüm və gözlədim."

Zərifə Məhəddinova Əli Kərimlinin müşaviri vəzifəsindən qovulmasını faciə hesab etmədiyini də qeyd edib ki, əgər istefa mədəniyyəti olsaydı vaxtında getməyə qərar verərdi: "…Özüm üçün heç bir faciə saymıram bunu. Bizdə istefa mədəniyyəti olmuş olsaydı, yəqin ki, mən vaxtında onu verərdim. Yaşayarıq, görərik də."

Keçmiş müşavir Əli Kərimli ilə mübahisələrinin olduğunu istisna etməsə də özündə heç bir günah olmadığını iddia edib: "Nə günahım ola bilərdi ki? Heç bir günahım olmayıb. Düşüncələrim olub, fikirlərim olub, öz yanaşma tərzim olub. Mənim məsələlərə öz yanaşmam var, həmişə olub. Müşavir olanda da, indi də var."

AXCP üzvü partiya sıralarından gedə biləcəyi siqnallarını da verib: "Gedərəmsə də gedərəm, amma yeni bir partiya axtarışında deyiləm."

Xatırladaq ki, keçmiş müşavir Zərifə Məhəddinova partiya daxilində Əli Kərimlini ən çox tənqid edənlərdən biri kimi tanınıb və onun müşavirlikdən uzaqlaşdırılmasına səbəb də məhz bu amil göstərilməkdədir.

sia.az

Digər xəbərlər