Eldar Namazov - Cəmil Həsənli savaşı böyüyür, Əli Kərimliyə qarşı olanlar çıxdaş edilir
"Milli Şura" sıxıldığı böhran məngənəsindən çıxa bilmir. Belə ki, bir-birinin ardınca qurumu tərk edənlərə qarşı hücuma keçən "şura" funksionerləri qarşılarında daha sərt mövqelərlə qalmağa məcbur olurlar. Belə ki, Müsavat partiyasının ardınca qurumu tərk edən "El" hərəkatının sədri Eldar Namazov və onun tərəfdarları "Milli Şura" sədri Cəmil Həsənliyə qarşı ciddi ittihamlarla çıxış etməyə başlayıblar. Bu qarşıdurmanın yaranmasına səbəb isə Eldar Namazovun Cəmil Həsənlinin prezident seçkilərində az səs toplaması iddiasından sonra yaranıb.
Cəmil Həsənli Eldar Namazovu intriqa yaratmaqda, peşəkar yalan danışmaqda və digər məsələlərdə ittiham edib
Lakin maraqdoğurucu məqam budur ki, Cəmil Həsənli bu zamana qədər qurumu tərk edənlərə qarşı kəskin ifadələr işlətməmişdi. Məsələn, Müsavat qurumdan ayrıldığı zaman "Milli Şura" sədrinin reaksiyası yumşaq oldu. Ancaq Müsavata qarşı daha kəskin savaşı Əli Kərimlinin sədri olduğu AXCP apardı. Hansı ki, Müsavat başqanı İsa Qəmbər qarşıdurmalara səbəb olan və "Azadlıq" radiosuna verdiyi müsahibəsində Cəmil Həsənlinin az səs topladığını iddia etmişdi. Hətta Eldar Namazovun iddiasından fərqli olaraq, Müsavat başqanı daha açıq rəqəmlərlə, faizlərlə çıxış etmişdi. Məhz bu baxımdan, hesab etmək olar ki, əslində, Həsənli daha çox Qəmbərə qarşı kəskin danışmalıydı. Ancaq İsa Qəmbərdən fərqli olaraq, Cəmil Həsənli Eldar Namazovu intriqa yaratmaqda, peşəkar yalan danışmaqda və digər məsələlərdə ittiham edib. Ancaq sözügedən məsələnin başqa tərəfləri də var.
Belə ki, cəmiyyətə, siyasi ictimaiyyətə "Milli Şura"nın müvəqqəti birlik olduğu əvvəldən bəlli idi. Hətta seçkilərdən əvvəl də iddia olunurdu ki, seçkilər başa çatar-çatmaz oradan səsli-küylü qopmalar olacaq. Başqa tərəfdən, Eldar Namazovun "Milli Şura"nı tərk etməsi ehtimalı Cəmil Həsənlinin oraya sədr seçilməsi ilə reallaşmağa başladı. Çünki Eldar Namazov "Milli Şura"ya ona görə bağlanmışdı ki, Rüstəm İbrahimbəyov daha öncəki sədr kimi onu quruma ikinci şəxs qismində təyin etmişdi.
Eldar Namazov İsa Qəmbərdən də, Əli Kərimlidən də üstün mövqe tutmuşdu
"Milli Şura"nın icra aparatının rəhbəri kimi Eldar Namazov İsa Qəmbərdən də, Əli Kərimlidən də üstün mövqe tutmuşdu. Ancaq Cəmil Həsənli prezidentliyə namizəd olandan sonra vəziyyət köklü surətdə dəyişikliyə məruz qalmağa başladı. İlk növbədə isə Rüstəm İbrahimbəyov sədr kimi fəaliyyətdən heç bir təsiri olmayan fəxri sədrliyə doğru yuvarlandı və nəticədə "El" sədrinin statusu iflasa uğradı. Bunu Namazovun seçkidə könülsüz iştirakını, mitinqlərə məcburi qatılmasından da görmək mümkün idi. Ona görə də yüz faiz bəlli idi ki, Namazov "Milli Şura"nı tərk edəcək.
Şübhəsiz ki, Eldar Namazovun, ittihamlara məruz qalmasının arxasında da AXCP dayanır. Digər maraqlı məqam isə budur ki, AXCP-yə, Əli Kərimliyə yaxınlığı ilə seçilən yazar Xədicə İsmayılovanın mediaya sızmış "Hakimiyyətə işləyənlər" siyahısı da "Milli Şura" daxilində qalmaqallara səbəb olub. Çünki həmin siyahıda AXCP sədri Əli Kərimlinin adı yoxdur. Ancaq fikirləri yayındırmaq üçün siyahıya AXCP-dən sədr müavini Həsən Kərimovun adı daxil edilib ki, bu da razılaşdırılmış şəkildə baş verib. Burada da Əli Kərimlinin əlinin olması şübhə doğrumur. Beləliklə, AXCP bu ittihamlarla müxalifətin sərhədlərini müəyyən etmək, Müsavatı və kənar qüvvələri tamamilə sıradan çıxarmaq istəyir.
Rəfiqə Hüseynova