AXCP-nin yerləşdiyi qərargahın zirzəmisində qaz balonunun partlaması nəticəsində binanın qəzalı vəziyyətə düşməsi müxalifətdaxili qarşıdurmaları ön plana çıxarıb. SİA-nın məlumatına görə, AXCP rəsmiləri hadisəyə məhəl qoymayan müxalifət partiyalarını ittiham ediblər.
"Bu partiyalar hadisə günlərində AXCP-yə heç olmasa mənəvi dəstək üçün qərargaha gəlmədilər"- deyə, bildirən Cəbhə sədrinin müavini Həsən Kərimov məsələni bir neçə istiqamətə yozub. O, kənarda qalan partiyaları gah qısqanclıqda, gah da hakimiyyətə işləməkdə suçlayıb: "Partiyaların rəhbərləri təmsilçilərini belə göndərmədilər. Bu, onu göstərdi ki, özünü müxalifət adlandıran partiyalar da AXCP-nin fəaliyyətinə böyük qısqanclıqla yanaşır. Bu da cəbhəçilər arasında ciddi təəccübə səbəb olur".
Xatırladaq ki, müxalifətdə olan bir çox siyasi təşkilatlar AXCP-nin irəli sürdüyü ittihamları qəbul etmirlər və hadisənin bu yöndə şişirdilməsinin əleyhinə olduğunu iddia edirlər.
sia.az