AXCP qərargahının yerləşdiyi binada baş verən partlayışdan sonra binanın sökülməsi müxalifət cəbhəsindəki bir çox qaranlıq mətləblərə də aydınlıq gətirdi. Belə ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı müxalifət partiyalarını laqeydlikdə və qorxaqlıda ittiham edib: "Qərargahımız tam boşaldılıb və əşyaları cəbhəçilərin evlərinə aparıblar. Bina söküldüyü üçün qərargahı bərpa edə bilməyəcəyik. İnanmıram ki, kimsə bizə bu hadisədən sonra öz binasında yer verə! Partiyanın bundan sonrakı toplantıları cəbhəçilərin evlərində keçiriləcək. Partiya öz fəaliyyətini ənənəvi formada davam etdirəcək. Müxalifət partiyalarının davranışı isə ortaya heç də yaxşı sayılmayan mənzərə qoydu. Heç bir müxalifət partiyasının rəhbərliyi və ya təmsilçiləri hadisə yerinə gedib AXCP-yə dəstəklərini ifadə etmədilər".
Görünür, F.Qəhrəmanlı bu sözləri "yaxşılıq" umduqları Müsavat Partiyasına ünvanlayıb.
Çünki məhz bu məsələ ilə bağlı AXCP sədrinin digər müavini Həsən Kərimov da eyni məzmunlu münasibətini ifadə edərək deyib ki, müxalifət partiyalarının təmsilçilərinin AXCP-nin qərargahının boşaldılmasına laqeyd münasibəti onlarda təəssüf hissi doğurub: "Həqiqətən də bu bir sınaq idi və təəssüf ki, özünü müxalifət adlandıran partiyalar bu sınaqdan yaxşı çıxmadılar. Bu partiyalar hadisə günlərində AXCP-yə heç olmasa mənəvi dəstək üçün qərargaha gəlmədilər. Partiyaların rəhbərləri təmsilçilərini belə göndərmədilər. Bu, onu göstərdi ki, özünü müxalifət adlandıran partiyalar da AXCP-nin fəaliyyətinə böyük qısqanclıqla yanaşır. Bu da cəbhəçilər arasında ciddi təəccübə səbəb olur. Mən artıq şübhələnirəm ki, AXCP-nin önə çıxması özünü müxalifət kimi təqdim edən digər müxalifət partiyalarını təşvişə salır. Sanki onlar AXCP-nin qərargahsız qalmasını, fəaliyyətində problemlər yaranmasını istəyirlər".
H. Kərimov Müsavat Partiyasının təmsilçilərindən başqa digər partiyaların və həmin partiyaların bəzi nümayəndələrinin onlara dəstək olduğunu da dedi: "Milli Şuradakı partiyalardan KXCP-nin sədr müavini Xəzər Teyyublu hadisə baş verən gün zəng etdi və dəstəyini ifadə etdi. Mən bir onun zəngini gördüm. Milli Şura üzvlərindən İbrahim İbrahimli bütün günü bizimlə bir yerdə oldu. Gültəkin Hacıbəyli tez-tez zəng edirdi. Cəmil Həsənli mövqeyini qoydu. Mehman Əliyev qərargaha gəldi. Onlara minnətdarıq. Amma ayrı-ayrı partiyaların təmsilçiləri gəlmədilər. Ona görə də birmənalı şəkildə deyirəm ki, onların fəaliyyəti bizim üçün şübhəlidir".
sia.az