"Siyasi partiyaların illərdən bəri bir-birinə münasibətdə yığılıb qalmış düşmənçiliyi davam edir". SİA-nın məlumatına görə, bu fikirləri "Konstitusiya" Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev radikal müxalifət düşərgəsində partiya rəhbərliklərinin bir-birlərini ittiham etmələrinə münasibətini bildirərkən deyib. Fond sədri eyni zamanda qeyd edib ki, bu amil partiyaların zəifləməsinə, elektoratın isə həmin təşkilatlardan uzaqlaşmasına səbəb olur: "Partiyaların bir-birini ittiham etməsi şübhəsiz ki, elektoratın etibarına zərbə vurur, zədələyir. Zədələnmiş etibarın daha da zədələnməsi və hər seçkidən sonra bunun geniş miqyas alması, ümidlərin doğrulmaması siyasi partiyaların passivləşməsinə gətirib çıxarır".
Müxalifət təşkilatlarının cəmiyyətə yeni təkan verə bilmədiyini düşünən Əliməmməd Nuriyev onu da qeyd edib ki, artıq uzun illərdir ki, səsləndirilən şüar və çağırışlar ictimaiyyəti bezdirib: "Müvəqqəti birliklər o qədər eyni subyektlərdən yaranır ki, cəmiyyət onu yenilik kimi qəbul etmir".
sia.az