Müsavat Partiyası AXCP-yə qarşı moratoriumu qüvvədə saxlamasına rəğmən, qarşı tərəfin irəli sürdüyü ittihamlar səngimir. SİA-nın məlumatına görə, Cəbhə funksionerləri hələ də Müsavatın təkbaşına uğur qazana bilməməyəcəyi qənaətindədirlər. Bununla bağlı AXCP rəsmilərinin ittihamlarına cavab verən Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Arif Hacılı cəbhəçilərin yanlış düşündüklərini bildirib.
"Ayrılıqda bir partiyanın uğur qazanması mümkün deyil, yanaşması politoloji baxımdan yanlış fikirdir", - deyə bildirən Müsavat rəsmisi eyni zamanda bildirib ki, təmsil olunduğu partiya artıq digər siyasi təşkilatlarla işbirliyi ərəfəsindədir: "Ancaq biz hər halda fəaliyyətimizi davam etdiririk. İstər Müsavat, istərsə də Müsavatı dəstəkləyən siyasi qüvvələrin, eləcə də siyasət meydanına yeni çıxan qüvvələrin birlikdə rəsmiləşdirilən müttəfiqlik sazişləri əsasında fəaliyyət göstərməsinin tərəfdarıyıq. Düşünürük ki, bu yol daha səmərəli ola bilər".
Arif Hacılı AXCP-nin hücumlarına cavab olaraq qeyd edib ki, Müsavat Partiyası hələ ki, qoyulan moratoriumu qüvvədə saxlayır: "Müsavat Partiyası öz tərəfindən müxalifətdə olan qüvvələrlə siyasi diskussiya və polemika aparmaq, onların ittihamlarına cavab vermək niyyətində deyil. Hətta bununla bağlı Müsavat moratorium elan etmişdi. Bu da qüvvədədir. Özünüz də şahidsiniz ki, Müsavat Partiyasına qarşı olan əsassız hücumlara cavab verməməyə çalışırıq".
sia.az