PDF Oxu

Müxalifət

  • 9

"El" hərəkatı "Milli Şura"ya qarşı çıxmağa hazırlaşır

"El" hərəkatı "Milli Şura"ya qarşı çıxmağa hazırlaşır

Qurumun qurultayında ilginc qərarlar veriləcək

Eldar Namazovun "El" hərəkatı planlaşdırılan qurultaya hazırlıq işləri aparır. Belə ki, həmin qurultayda bir sıra ilginc qərarların qəbul edilməsi də gözlənilir. Daha dəqiq desək, Eldar Namazov hələ "Milli Şura"da təmsil olunarkən, bu quruma qarşı hansı addımlar atacağını planlaşdırmışdı. Məhz bu baxımdan, Namazovun son zamanlar Müsavat partiyası ilə sıx görüşləri baş tutmaqdadır. Çünki yaxınlarda "Milli Şura"ya qarşı düzənlənəcək Səlib yürüşündə "El" rəhbərinə ciddi dəstək lazım olacaq. Eldar Namazovun isə təkbaşına AXCP sədri Əli Kərimi ilə mübarizəyə girməyə gücü yoxdur. Əgər nəzərə alsaq ki, AXCP sədri dolayısı ilə "Milli Şura"ya rəhbərlik edir və qurumun adı kağızda olan sədri Cəmil Həsənli də sadəcə müqəvva rolunu oynayır, bu zaman Namazovun bu "tarana" təkbaşına gedəcəyini gözləmək olmaz. Onun Müsavat başqanı İsa Qəmbərlə sövdələşməyə getməsi də məhz bu kimi amillər çərçivəsində qurulub.

Beləliklə, "El" hərəkatı idarə heyətinin toplantısında hərəkatın sədri Eldar Namazov bu qurumun qurultayına hazırlaşdıqlarını elan etdi. Yəni "Milli Şura"nın beşiyi başında dayanan adamların özləri də artıq gedib öz əvvəlki işləri ilə məşğul olmağı üstün tuturlar. Yeri gəlmişkən, Eldar Namazov artıq "Milli Şura"nın deyil, "El " hərəkatının adından beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində atılan addımlardan danışıb və bu günlərdə xarici səfərlər edib. Onun may ayında da ABŞ-a gözlənilən səfəri barədə informasiyalar mövcuddur.

Cəmi bir il əvvəl "Milli Şura"nın ilk sessiyasının keçirilməsi üçün yer axtaran, dəvətnamələr paylayan, siyasi təşkilatlanma işləri aparan Eldar Namazov indi "El" hərəkatının birinci qurultayına hazırlıq işləri ilə bağlı danışır və siyasi "həmfikirləri" onu yekdilliklə "Qurultaya Hazırlıq Üzrə Təşkilat Komitəsi"nin sədri seçirlər. İdarə heyəti isə ona səlahiyyət verir ki, 2014-cü ilin sonuna qədər hərəkatın birinci qurultayının keçirilməsini təmin etsin.

Siyasi ekspertlərin və müxalifətin gündəlik fəaliyyəti ilə maraqlanan müşahidəçilərin fikrincə, bu, belə də olmalı idi. Çünki "Milli Şura" adlı qurumun yaradılması zamanı nə milli mənafelər nəzərə alınmışdı, nə də dövlətçiliyə xidmət məsələləri. Bunu nəinki rəsmi mətbuat təmsilçiləri, hətta müxalifətin əksər partiya sədrləri də açıq-açığına, dönə-dönə yazmışdılar. Onu da xatırlatmaq yerinə düşərdi ki, Müsavat başqanı İsa Qəmbərin "Milli Şura"dan ayrılması qərarından dərhal sonra Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu çox maraqlı bəyanatla çıxış etmişdi. ADP sədri demişdi ki, "Milli Şura" boş bir forma idi və Müsavat partiyası həmin formanı dağıtdı. Sərdar Cəlaloğlunun fikrincə, əslində, bu qurum Rüstəm İbrahimbəyovun Azərbaycana qayıtması məsələsi gündəlikdən çıxdığı zaman dağılmışdı. Bu qurum siyasət səhnəsində Müsavat və ya AXCP demək deyildi, Rüstəm İbrahimbəyov demək idi və ona görə də sadəcə boş formadan ibarət idi.

ADP sədri "Milli Şura"nın beşiyi başında dayananlar haqqında danışarkən qeyd edib ki, bu qurum xaricilərin Azərbaycanla bağlı siyasətində adi bir element idi: "Həmin xaricilərin Azərbaycana münasibəti dəyişdiyinə görə bu quruma da qətiyyən ehtiyac qalmadı. Ona görə də, mən sonluğu əvvəlcədən məlum olan "Milli Şura" ilə bağlı söz-söhbətlərlə ölkə mətbuatının səhifələrini zəbt etməyin əleyhinəyəm".

Göründüyü kimi, artıq buzlar yerindən təpənməyə başlayıb. "Milli Şura"nın daha da zəifləməsini gözləyən Eldar Namazov hazırda xarici səfərlərini reallaşdırmaqla bu quruma qarşı öldürücü zərbə hazırlayır. Həmin zərbəni isə o, yalnız Müsavat partiyası ilə birgə vurmaq fikirində deyil. Əldə etdiyimiz məlumatlara görə, artıq "Milli Şura"da növbəti istefaların baş qaldırılacağı ehtimal olunur. Məhz həmin istefalar da baş verdikdən sonra, qurultayını keçirəcək "El" hərəkatı həmin qurultayda qəbul ediləcək qərarlarını icra etməyə çalışacaq. Bu qərarların birincisi və önəmlisi isə "Milli Şura"nı biirdəfəlik olaraq kənara itələmək və onun yerini ələ keçirmək. Məhz bu baxımdan, belə qənaətə gəlmək mümkündür ki, qarşıdan gələn isti yay günlərində düşərgə də qaynayacaq. İstefalar, qarşıdurmalar və söz savaşları ilə...

Afət TAHİRQIZI

Digər xəbərlər