Dünən "Yeni Müsavat" qəzetində belə bir başlıq var idi: "İsa Qəmbər sükutu pozdu". Dəhşətdir, başlığı oxuyub, özümü saxlaya bilməyib, qas-qas güldüm. Açıb nə görsəm yaxşıdır? Nədi-nədi, İsa Qəmbər dövlətə xəyanətdə ittiham olunan Rauf Mirqədirovun həbs olunmasına münasibət bildirib. Paho, nə boyda şey olub. Öz gözündə tiri görməyən yenə də başqalarının gözündəki qıldan danışıb. İ.Qəmbər Rauf Arifoğlunun stulunda oturmuşdu, o stulda nə var bilmirəm, amma dünyanın ən ağıllı adamını da gətirsən, o stula oturan kimi başına cin vuran dəlilər kimi danışacaq.
İ.Qəmbər deyir ki, Azərbaycanın hüquq-mühafizə orqanları etimad qazanmayıb və onlara inanmaq lazım deyil. İsa bəy, bu vaxta kimi bu ölkədəki asayişi, qanun-qaydaları sən qoruyurdun, yoxsa Azərbaycanın hüquq-mühafizə orqanları? Bu vaxta qədər Azərbaycan əleyhinə casusluq edən sapı özümüzdən olan baltaları sən ortaya çıxarıb məsuliyyətə cəlb etmisən, yoxsa Azərbaycan hüquq-mühafizə orqanları? Elə indi evində və ofisində hüquq-mühafizə orqanlarının gərgin əməyi sayəsində rahat oturmamısanmı? Başına bir şey gələndə hüquq-mühafizə orqanlarına müraciət niyə edirsən bəs? Ayıbdır, heç olmasa, gözünün qabağında hamının ağ gördüyü qatığa qara demə. Yoxsa, ağ qatığa qara dedikcə, adamın özü də getdikcə qatıqlayır.
İ.Qəmbəri qınamalı deyil, bir neçə aydır ki, təzə gəlin köçmüş qızlar kimi Müsavat partiyası da dilini elə bir yerinə qoyub ki, bu sükutdan da ötə bir şeydir. Zalım oğlu sükutu pozmaq üçün mövzu axtarırmış, elə bu dəmdə casusluqda ittiham olunan Rauf Mirqədiorovun məsələsi ortaya çıxdı. Amma "Yeni Müsavat" qəzetinə o başlığı qoyan adam ya İsa Qəmbəri Alen Delon hesab edir, ya da ki, Avraam Linkoln. Adamın vicdanı olar, aylardır ağzına su alıb "qa-qa" eləyən başqanınız heş olmasa həbs olunan adamın bədbəxtliyindən istifadə edib sükutu pozmasın.
İsa bəy, çıx bayıra, gör sənin bu müsahibəndən sonra hansısa bir sükut pozulubmu? Ya bax gör, bir nəfərdən "sağ ol" kəlməsini eşidəcəksənmi? Ay tövbə. Adama deyən lazımdır ki, nəyinə lazımdır bu "kastrol" qoxusu verən müsahibələr. Rauf Arifoğlunu salmısan ortaya, aylıq "dolya" yığır, bir hissəsi də sənin cibinə gedir, o biri tərəfdən QHT-lərin qaz vurub qazan doldurur. Başqa bir tərəfdən də, obyektlərin var, get yaşa da. Onsuz da sən Rauf Mirqədirovdan bir il də danışsan Mirqədirovu "qədirə" mindirə bilməyəcəksən.
Samir
P.S. Xaliq Bahadır demişkən, "İsa Qəmbər özünü nə hesab edir? Özünün 300 illik partiyası ilə guya... Harda bir toyuq yumurtladı, ora əl uzadır. O, getməlidir".