Araz Əlizadə: "AXC-çilər Mütəllibovu ikinci dəfə devirmək üçün Laçını ermənilərə verdilər"
Qabil Hüseynli: "Bunlar Kremlin diktəsi ilə keçirilən oyunlar idi"
Dünən eks-prezident Ayaz Mütəllibovun ikinci dəfə hakimiyyətə qayıdış cəhdinin iyirmi ikinci ili tamam oldu. 1992-ci ilin 14-15 may hadisələri yalnız hakimiyyət dəyişiklikləri deyil, həm də yeni-yeni ərazilərin işğalına yol açan dövr idi. Bu dövrlə bağlı Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə və politoloq Qabil Hüseynli münasibət bildiriblər.
ASDP həmsədri A.Əlizadə ilk öncə Laçın rayonunun erməni silahlı birləşmələri tərəfindən işğalından danışdı: "İşğal prosesinin qarşısını iki yolla almaq olardı. Birincisi, Mütəllibovun rəqibləri vətənpərvər olardı. Təəssüf ki, bu, belə deyildi. İkinci yol onları öz yerlərinə zor gücünə oturtmaqdan ibarət idi. Ayaz müəllim isə bunu etmədi. Dedi ki, azərbaycanlı azərbaycanlıya güllə atmaz, qardaş qardaşa qarşı zor işlətməz. Baş verən proseslərdə əsas günahkarlar Azərbaycan Xalq Cəbhəsi idi. Vətən onları maraqlandırmırdı. 1991-ci ilin sentyabrında Azərbaycan Sosial Demokrat Partiyasının prezidentliyə namizədi Zərdüşt Əlizadə seçkiqabağı təbliğat kampaniyası dövründə o zamankı prezident Mütəllibova təklif etmişdi ki, koalisyon hökumət yaransın. Prezident buna razılıq vermişdi. Bunlar o zaman 4 vəzifə istədilər - xarici, daxili, milli təhlükəsizlik və müdafiə naziri vəzifələrini...Bir sözlə, güc strukturlarını. Pənah Hüseyn o zaman belə demişdi: "Qələt eləyirlər, biz meydanlarda can qoymuşuq. Bir azdan özəlləşmə başlayacaq, bizə pay düşməyəcək. Onlar pay axtarırdılar". Araz Əlizadənin sözlərinə görə, dövlət çevrilişi yolu ilə hakimiyyətə gələndən sonra Pənah Hüseyn belə bir söz də işlətmişdi: "Əhalinin 95 faizi belə əleyhimizə olsa, hakimiyyətdən gedəsi deyilik. Qeyd edim ki, o zaman Azərbaycan ordusu yox idi. Xalq Cəbhəsi ordunu formalaşdırmağa icazə vermirdi. Taktikaları bundan ibarət idi - Qarabağda vəziyyət nə qədər pis olsa, bu, onlar üçün sərfəlidir. Yəni dövlət çevrilişi etmək üçün şans artır". Araz Əlizadə qeyd etdi ki, Laçının işğalına şərait yaratmaq əslində Mütəllibovun hakimiyyətdən devrilməsinə hesablanmışdı: "Həmin vaxt Mütəllibovu ikinci dəfə - mayın 15-də devirmək üçün Laçını ermənilərə verdilər".
Politoloq Qabil Hüseynli isə həmin dövrdə baş verən proseslərin Kremlin diktəsi ilə həyata keçirilən oyunlar olduğunu bildirdi: "5-6 mart hadisələri zamanı Mütəllibov özü ərizə yazaraq, istefaya getdi. Yaqub Məmmədov müvəqqəti olaraq, Ali Sovet sədrliyini, eləcə də prezident səlahiyyətlərini icra etməyə başladı. Amma hadisələrin sonrakı gedişi ona göstərdi ki, Mütəllibov tərəfdarlarının bəlli qüvvələrin qəyyumluğu altında ciddi toparlanması prosesi gedir. Toparlanma prosesi ona gətirib çıxardı ki, Ali Sovetin çoxdan toplanmayan iclası məhz mayın 15-də keçirildi. Uzun müddət idi ki, 350 nəfərdən ibarət olan Ali Sovetin deyil, 50 nəfərdən ibarət deputat qrupu parlamenti təmsil edirdi. Belə görünürdü ki, Ali Sovet üzərində Mütəllibovun və onun komandasının böyük təsiri vardı. Onlar toplandılar və Mütəllibovun prezident səlahiyyətlərini qısa müddətə - təxminən, 1 saat ərzində bərpa etdilər. Bunun nə dərəcədə qanunauyğun olduğunu söyləmək çətindir. Çünki Ayaz Mütəllibov ərizə yazaraq, istefaya getmişdi. Həmin adamın yenidən prezident səlahiyyətlərini icra etməyə başlaması ilə bağlı Ali Sovetin qəbul etdiyi qərar formal xarakter daşıyırdı - ciddi hüquqi qüvvəyə malik deyildi".
Onun sözlərinə görə, Mütəllibovun istefaya getməsinə Xocalı soyqırımı səbəb olmuşdu. Soyqırımının təfərrüatları get-gedə ölkə əhalisi arasında geniş yayılmışdı: "Mütəllibovun yenidən hakimiyyətə qayıdışı Azərbaycan Xalq Cəbhəsini və onun tərəfdarlarını hərəkətə gətirdi və həmin qüvvələr əllərində olan hərbi texnikadan və insan ehtiyatlarından istifadə edərək, Ali Sovetə hücuma keçdilər. Düzdür, elə bir döyüş, yaxud müqavimət olmadı. Amma həmin dövrdə Yaqub Məmmədov özü də Ali Sovet sədrliyindən istefaya getdi. Nəticə etibarilə mayın 17-də Ali Sovetə yeni sədr seçildi. Bununla da ölkədə Xalq Cəbhəsi hakimiyyətinin formalaşması dövrü başladı".
R.HÜSEYNOVA