Müşfiq Ələsgərli: "Əflatun Amaşovun ölkədə olmadığını söyləməyimizə baxmayaraq, bunlar yenə də açıqlama istəyirlər"
"Elçin Şıxlının Mətbuat Şurasından çıxması haqqında qərarını əsaslandırmaq üçün bəzi şəxslərin göstərdikləri arqumentlərin reallıqdan uzaq olması barədə mətbuatda tutarlı məlumatlar dərc olunub". Bu fikirləri SİA-ya açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli jurnalist Qulu Məhərrəmlinin Elçin Şıxlının quruma qarşı yönələn ittihamlarına dəstək verməsinə, eləcə də əlavə ittihamlar irəli sürməsinə münasibətini bildirərkən deyib.Mətbuat Şurasının rəsmisi "Ayna-Zerkalo" qəzetlərinin baş redkatoru Elçin Şıxlının qəzetin həbs olunmuş əməkdaşı Rauf Mirqədirov amili ilə başlatdığı və bu gün də irəli sürdüyü fikirləri ilə razı olmadığını bildirib: "Ümumiyyətlə, Rauf Mirqədirovun həbsi ilə bağlı Mətbuat Şurası və eləcə də sədri məsələyə münasibət bildirmir. Bu tamamilə düzgün olmayan informasiyadır. İstənilən şəxs mətbuatı izləsə görər ki, Rauf Mirqədirovun həbsindən iki gün sonra Mətbuat Şurası bu barədə ciddi açıqlama verib. Qeyd edilib ki, sözügedən jurnalistə qarşı irəli sürülən ittiham çox ciddidir və məsələnin qeyri-dəqiq olduğunu sübut etmək üçün əlimizdə heç bir tutarlı fakt yoxdur. Əgər məhkəmənin gedişatında qeyri-şəffaflığa yol verilsə, o zaman Mətbuat Şurası buna müdaxilə edə bilər. Yəni, Elçin Şıxlının bununla bağlı söylədiyi informasiyanın yanlış olduğunu hamı görə bilər"."Qəzetin reklamına müdaxilə olunduğuna gəlincə, onu söyləmək istəyirəm ki, Mətbuat Şurası konkret olaraq qəzetlərin reklam problemini araşdıran və ona müdaxilə edən bir qurum deyil" -fikrini irəli sürən Müşfiq Ələsgərli həmçinin deyib ki, Mətbuat Şurasının buna nə səlahiyyəti çatır, nə də ona müdaxilə etmək niyyətində deyil: "Ölkədə reklam probleminin olduğu hər kəsə bəllidir. Bu məsələni ictimailəşdirənlərdən biri də, məhz Mətbuat Şurasıdır. Şura dəfələrlə bəyan edib ki, medaianın aldığı reklam ölkənin iqtisadi inkişafına uyğun deyil. Azərbaycanda sürətlə inkişaf edən iqtisadiyyat mediaya verilən reklamla uyğunluq təşkil etmir. Bu məsələ təcili sürətdə aradan qaldırılmalıdır. Media qurumları, eləcə də dövlət rəsmiləri ilə birgə dəfələrlə bu məsələni müzakirə etmişik və problemin həllinə çalışırıq".Mətbuat Şurasının İdarə Heyətinin üzvü KİVDF tərəfindən "Zerkalo" qəzetinə maliyyə yardımının kəsilməsinə də fikir bildirərkən deyib ki, KİVDF-nin maliyyə yardımını "Zerkalo" qəzetindən kəsməsində qəzet rəhbərliyinin sırf öz təşəbbüsü olub: "Bilirsiniz ki, KİVDF qəzetlərə maliyyə yardımı göstərmək üçün müqavilə bağlayanda orada konkret görüləcək işlər öz əksini tapır. Əgər "Zerkalo" qəzeti nəyisə dəyişibsə, bu özünün qərarıdır, özünün səbəbidir. Bu baxımdan, bütün məsələlərdə Mətbuat Şurasını qınamaq obyektivlikdən kənardır. Əslində Elçin Şıxlının bu cür açıqlaması reallıqdan uzaq olsa da, mənəvi baxımdan başa düşüləndir. Çünki 20 ildən artıq fəaliyyət göstərən bir qəzet indi hansısa yanlış siyasətin və yaxud, qəzetin yanlış idarəçiliyi səbəbindən dövriyəsini azaltmaq məcburiyyətində qalıb. Ona görə də, ola bilsin ki, Elçin Şıxlı vəziyyətdən çıxış yollarını arayır və çıxış yollarını tapa bilmədiyi üçün gileylənir".Müşfiq Ələsgərli Qulu Məhərrəmlinin Elçin Şıxlının iddialarında haqlı olduğu ittihamlarına münasibətini bildirərkən deyib ki, Qulu Məhərrəmlinin sözügedən məsələyə bu cür yanaşması ümumiyyətlə, anlaşılan deyil: "Qulu Məhərrəmli Elçin Şıxlının reallıqdan uzaq açıqlamasını əsaslandırmağa çalışırsa, bu anlaşılan deyil. Ciddi bir insanın işgüzar məsələyə şəxsi məsələ konteksində yanaşmasını doğru hesab etmirəm. Bu insanların hərəkətlərinə ölçülü şəkildə riayət etmələrini tövsiyə edərdim. Qulu Məhərrəmli Elçin Şıxlı ilə dostdursa, mütləq onun real olmayan bəyanatlarına haqq qazandırması doğru deyil.Bunlar tez-tez belə bir fikir səsləndirirlər ki, Mətbuat Şurasının sədri mütləq məsələ ilə bağlı açıqlama verməlidir. Bir neçə dəfə Əflatun Amaşovun ölkədə olmadığını söyləməyimizə baxmayaraq, bunlar yenə də açıqlama istəyirlər. Hərhalda, Əflatun Amaşov ölkəyə dönən kimi açıqlamasını verəcək. Hazırda sədrin Bakıda olmamasından istifadə edərək bu cür açıqlamalar vermək düşünürəm ki, məntiqli deyil".
sia.az